Məhkəmə qərarları › İş №2-1(116)-2375/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2375/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2375/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayonu Tüntül kənd soveti tərəfindən xx.xx.1972ci il tarixdə 92 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində adının “Maarifədən”- “Maarifə”, soyadının “Qədirovadan”- “Qədirova”, cins qrafasında cinsinin “qadın”dan “kişi”yə düzəliş edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu Tüntül kənd soveti tərəfindən 07 dekabr 1972-ci il tarixdə 92 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Qədirov”, adının “Maarif”, ata adının “Bəbir” və cinsinin kişi kimi yazılması barədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Qəbələ rayonu Tüntül kənd soveti tərəfindən xx.xx.1972-ci il tarixdə 92 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində adının “Maarifədən”-“Maarifə”, soyadının “Qədirovadan”- “Qədirova”, cins qrafasında cinsinin “qadın”dan “kişi”yə düzəliş edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qəbələ rayonunun Tüntül kəndində xx xxxxxx 1972-ci il tarixdə anadan olmuş, hazırda da orada yaşayır. Paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə verilmiş olan torpaq sənədinə hüquqmüəyyənedici sənəd almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə şifahi olaraq müraciət etsə də, torpaq sənədləri ilə şəxsiyyətini müəyyən edən sənədlər arasında ziddiyyət olduğu üçün müraciətin təmin olunmasından imtina olunmuşdur. Həmin ziddiyyətlərin aradan qaldırılması üçün, yəni doğum aktı qeydində düzəliş edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.1972-ci il tarixli 92 nömrəli doğum haqqında akt qeydindən görünür ki, uşaq haqqında məlumat qrafasında soyad - “Qədirova”, ad -“Marifə”, cinsi “qadın” qeyd olunmuşdur. - Qəbələ Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Cinsi qrafasında “kişi” qeyd olunmuşdur. - İ-ЖГ 280785 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il tarixdə anadan olmuş iddiaçının soyadı – “Qədirova”, adı “Marifə”, ata adı “Bəbir” qeyd edilmişdir. xx.xx.1989-cu il tarixdə doğum haqqında şəhadətnaməyə düzəliş edilərək, “Marifə” adından “Marif” adına düzəlişə inanmalı qeydi icra olunmuşdur. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 177 nömrəli məktubuna əlavə olunmuş 209 şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının uçotda olduğu təsərrüfat üzrə təsərrüfat başçısı X7, təsərrüfat üzvləri X1, X8, X6, X5, X2 və X9 qeyd edilmişdir. Cins qrafasında “qadın”, daha sonra isə “kişi” qeydi icra olunmuşdur. - cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının bacı və qardaşları barəsində tərtib edilmiş doğum akt qeydlərindən görünür ki, onun “X3” adlı ailə üzvü olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı Qəbələ rayonu Tüntül kənd soveti tərəfindən xx.xx.1972-ci il tarixdə 92 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir: - adının “Maarifədən”-“Maarifə”, - soyadının “Qədirovadan”- “Qədirova”, - cins qrafasında cinsinin “qadın”dan - “kişi”yə düzəliş edilməsi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının soyadı doğum akt qeydində “Qədirova”, adı “Maarifə”, cinsi “qadın” qeyd edilməsinə baxmayaraq, onun qeyd edilən ad və soyadda bacısı olmamış, iddiaçı barəsində icra edilmiş qeydlər onun cinsinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, İ-ЖГ 280785 nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının adının “Marifə” adından “Marif” adına düzəlişinə inanmalı qeydi icra edilmişdir. Həmçinin Qəbələ rayon Dövlət Arxivinin təqdim etdiyi təsərrüfatbaşına kitab məlumatlarında iddiaçının uçotda olduğu təsərrüfat üzrə X3 adlı ailə üzvünün olmaması və onunla bağlı cins qrafasında “qadın”, daha sonra isə “kişi” qeydinin icra olunması müəyyən edilmişdir. Göründüyü kimi mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı çoxsaylı texniki xətalara yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydlərin düzgün olubolmamasını müəyyən etmək üçün iddiaçı və ailə üzvləri barəsində tərtib edilmiş digər akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə “Qəbələ rayonu Tüntül kənd soveti tərəfindən xx.xx.1972-ci il tarixdə 92 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının adının “Maarifədən”-“Maarifə”, soyadının “Qədirovadan”- “Qədirova”, cins qrafasında cinsinin “qadın”dan “kişi”yə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar