Məhkəmə qərarları › İş №2-1(116)-2375/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2375/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2375/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində yerləşən əmlak komplekslərinə mülkiyyət hüquqlarının qeydiyyata alınması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı “Mingəçevir regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-2641 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 V ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 506,46 kv.metr olan əmlak kompleksi və 4Ə-2642 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 192,25 kv.metr olan əmlak komleksi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlilləri ondan ibarətdir ki, İddiaçı, xx.xx.1957-ci il tarixində Kəlbəcər rayonu, Zar kəndində anadan olmuşdur. O bildirir ki, aşağıda qeyd olunan iki əmlak mərhum qardaşı X7 mülkiyyətində olmuşdur: - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında yerləşən, 0,534860 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 192,25 kv.m olan əmlak kompleksi; - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 V ünvanında yerləşən, 0,50249 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 506,46 kv.m olan əmlak kompleksi. Qeyd olunan əmlaklar mərhum X8 tərəfindən X3 bağışlanmış və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində Firdovsi Talib oğlunun adına rəsmi qeydiyyata alınmışdır: - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında yerləşən əmlak kompleksi üzrə qeydiyyat nömrəsi: **********74-123-01, çıxarış nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024 (çıxarış təqdim olunmamışdır); - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 V ünvanında yerləşən əmlak kompleksi üzrə çıxarış təqdim olunmuşdur. Daha sonra, xx.xx.2024-cü il tarixində, X5 hər iki əmlakı İddiaçı bağışlamışdır. Bu bağışlanma müqavilələri aşağıdakı kimi rəsmiləşdirilmişdir: - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 V ünvanında yerləşən əmlak kompleksi üzrə bağışlanma müqaviləsi Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 4Ə-2641 nömrə ilə reyestrə daxil edilərək informasiya sisteminə əlavə edilmişdir (müqavilə təqdim olunmuşdur); - Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında yerləşən əmlak kompleksi üzrə bağışlanma müqaviləsi həmin mərkəzdə 4Ə-2642 nömrə ilə reyestrə daxil edilərək informasiya sisteminə əlavə edilmişdir. O, qeyd olunan əmlak komplekslərinə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binaları üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli ərizə ilə müraciətlərinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məlumat olaraq qeyd edilmişdir ki, qeydiyyatı alınması üçün müvafiq ərizələr ilə müraciət edilən qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Bu barədə iddiaçıya bildiriş ünvanlanaraq, dövlət mülkiyyətinə aid olan torpaq sahələrinə münasibətdə icarə müqaviləsinin bağlanılmasının zəruriliyi barədə məktub ünvanlanmış, həmin məktubla və həmin tarixdən müraciətinin icra müddətinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən bir ay müddətinə dayandırılması barədə məlumatlandırılmışdır. Lakin ərizələrin dayandırılmasına səbəb olan hallar iddiaçı tərəfindən aradan qaldırılmadığı (icarə müqavilələri təqdim edilmədiyi) üçün ərizələrin icrasından imtina edilmişdir. Həmçinin iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi şöbəsində icrarə müqaviləsi bağladığınız və həmin müqaviləni ərizənizə əlavə etdiyiniz təqdirdə yeni ərizə ilə müraciətinizin icrasına baxıla bilər. Məlumat üçün bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikiliyə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1- dən) sonra inşa edilən tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Odur ki yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-2375/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı cavabdehin vəsatəti təmin edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 26V ünvanında yerləşən 0.50249 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 506,46 kv.metr olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 26A ünvanında yerləşən 0.534860 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 192,25 kv.metr olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli, reyestrdə 4Ə-2642 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X1 rayonu Mingəçevir şəhəri, Təbriz küçəsi, 26A ünvanında yerləşən ümumi sahəsi 192,25 kv.metr olan əmlak kompleksini İddiaçı bağışlamışdır. - xx.xx.2024-cü il tarixli reyestrdə 4Ə-2641 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X1 rayonu Mingəçevir şəhəri, Təbriz küçəsi, 26V ünvanında yerləşən ümumi sahəsi 506,46 kv.metr olan əmlak kompleksini İddiaçı bağışlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. MƏHKƏMƏSİNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri və işin hallarını ətraflı araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı irəli sürdüyü tələb tam əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırda iddiaçıya məxsus olan iki qeyri-yaşayış binası ilkin olaraq onun mərhum qardaşı X2 adına keçirilmiş, daha sonra isə həmin şəxs tərəfindən iddiaçıya bağışlanmışdır. Bu əmlakların bağışlanması qanuna uyğun olaraq notariat qaydasında təsdiq edilməklə reyestrə daxil edilərək informasiya sisteminə əlavə edilmişdir. Yuxarıda qeyd edilən hal onu deməyə əsas verir ki, iddiaçının mülkiyyət hüququ artıq yaranmışdır və bunu təsdiq edən bağışlanma müqavilələri qanunvericilikdə tanınan hüquqi sənədlərdəndir. Daşınmaz əmlak üzərində hüquqlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra tam şəkildə təsdiqlənmiş sayılır. Bu, mülkiyyət sahibinə həmin əmlak üzərində sərbəst istifadə, satma, bağışlama və ya digər hüquqi əməliyyatlar aparmaq imkanı verir. Lakin qeydiyyat prosesi sadəcə texniki xarakter daşıyır, hüququn özünü yaradan əsas, yəni müqavilə və ya digər hüquqi akt varsa və bu akt qanunla tələb olunan formada tərtib olunmuşdursa, dövlət qeydiyyatının aparılmaması həmin hüququn tanınmamasına səbəb olmamalıdır. Hazırki iş üzrə cavabdeh orqan isə bu hüququ tanımaqdan imtina edərək, əsas kimi iddiaçının istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və icarə müqaviləsinin təqdim edilmədiyini göstərmişdir. Lakin qeyd edilən yanaşma düzgün hesab edilə bilməz. Çünki iddiaçı yalnız binanın mülkiyyətinə dair çıxarışın verilməsini tələb edir. Bu tələbin təmin olunması üçün torpaq sahəsinin mütləq surətdə icarəyə götürülməsi və ya istifadəyə dair ayrıca sənədin olması zəruri deyil. Məhkəmə qeyd edir ki, əmlak komplekslərinin yerləşdiyi torpaq sahələri dövlətə məxsus olsa belə, bu, əmlak komplekslərinin özünə dair mülkiyyət hüququnun tanınmasına və reyestrdə qeydiyyata alınmasına mane olmur. Xüsusilə o da nəzərə alınmalıdır ki, həmin daşınmaz əmlaklar artıq əvvəllər dövlət reyestrində başqa bir şəxsin, yəni iddiaçının mərhum qardaşının adına qeydiyyatdan keçirilmiş və həmin şəxs eyni hüquqi statusla, yəni torpağın dövlət mülkiyyətində olduğu halda ona məxsus olan daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Bu baxımdan, əvvəlki sahibə münasibətdə hüquqlar qeydə alınmışdırsa, yeni sahibə də eyni hüquqi münasibət tətbiq olunmalıdır. Əks halda bu, hüquq bərabərliyinin pozulması deməkdir. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 15-ci maddəsində dövlət qeydiyyatından imtina halları sadalammışdır və bu halların arasında torpaqla bağlı icarə müqaviləsinin təqdim edilməməsi göstərilməmişdir. Yəni əgər mülkiyyət hüququ qanuni sənədlərlə təsdiqlənibsə və digər hüquqi maneələr yoxdursa, icarə müqaviləsinin olmaması qeydiyyatdan imtina üçün əsas ola bilməz. Məhkəmə bir daha qeyd edir ki, qeyd edilən əmlakların əvvəllər dövlət reyestrində qeydiyyata alınması faktı reyestr məlumatlarının doğruluğunu və hüquqi qüvvəsini göstərir. Qanunvericilik bu məlumatların düzgünlüyünü hüquqi fakt kimi qəbul edir və yalnız ciddi əsaslarla bu presumpsiyanın (yəni ilkin düzgünlüyün) şübhə altına alınmasına yol verir. Hazırkı işdə isə belə bir şübhəyə əsas verən heç bir hal sübut olunmamışdır. Bundan əlavə, indiki halda daşınmaz əmlaklar mövcuddur. Eyni zamanda sözügedən daşınmaz əmlaklara dair bağışlama müqavilələri qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin olmaması halına istinad edilməklə iddiaçının mövcud olan hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin (mütənasiblik) tələbinə zidd olmuşdur. Məhkəmə həmçinin hazırki işin halları ilə əlaqədar inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinə nəzər salınmasını vacib hesab edir. Belə ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia olunan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətində olması və icarə müqaviləsinin bağlanılmaması həmin daşınmaz əmlaka dair Çıxarış verilməsini istisna etmir. Belə ki, iddia tələbi bağışlama müqavilələrinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış binalarına dair çıxarışın verilməsindən ibarətdir, bu zaman həmin əmlakların yerləşdiyi torpaq sahələrinin hüquqi rejiminə dair hər hansı tələb mövcud olmadığından ilkin qaydada saxlanılmalıdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etirazın dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni şəkildə əldə etmiş, bu hüququ təsdiqləyən bütün zəruri sənədləri cavabdeh orqana təqdim etmiş və qeydiyyat orqanının vəzifəsi yalnız bu hüququ rəsmiləşdirməkdən ibarət olduğu halda, qeyri-müvafiq əsaslarla qeydiyyatdan imtina edilməsi qanunsuz olmuşdur. Beləliklə, iddiaçının ünvan 6 ünvanlarında yerləşən torpaq sahələri üzərində yerləşən əmlak komplekslərinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə tələbi hüquqi və faktiki əsaslara söykəndiyindən onun iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-2641 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 V ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 506,46 kv.metr və 4Ə-2642 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 192,25 kv.metr olan əmlak kompleksləri üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8iyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar