Məhkəmə qərarları › İş №2-1(116)-2379/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2379/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2379/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçıya ödənilməyən əlillik pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçıya ödənilməyən əlillik pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır. İddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında onun orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi xx.xx.2022ci il tarixdən müəyyən edilmişdir. İddiaçı, cavabdehə müraciət edərək əlilliyə görə təyin olunmuş pensiyanın əvvəlki dövrünün hesablanaraq iddiaçıya ödənilməsini xahiş etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 33-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi altı aydan sonra baş verdiyi üçün əvvəlki dövrlər üçün müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. cavabdehin xx.xx.2025-ci il tarixli etirazı;

3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərinin surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçıya ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. MElS-in “Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə nəticəsində xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir.Cavabdeh inzibati orqan həmin tarixdən ödənişi həyata keçirmişdir. İddiaçı hesab edir ki, 2021-ci ilin mart ayından 2022-ci ilin may ayınadək olan müddətdə əsassız olaraq müavinət almamışdır. Bu səbəbdən də həmin müddətdə ödənilməyən ödənişlərin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi altı aydan sonra baş verdiyi üçün əvvəlki dövrlər üçün müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən; 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin huquqları haqqında’ Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu müddəa həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara şamil olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1 -cı yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2022-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçıya ödənilməyən əlillik pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar