Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2383/2025 01.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı «cavabdehin məktubunda əks olunan mövqeyinin ləğv olunması və elektrik enerjisi sərfiyyatı üzrə borcun silinməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : Balakən rayonu, Yeni Şərif kəndində 0,1998 ha torpaq sahəsi hazırkı İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarəsi tərəfindən onun həmin torpaq sahəsinə mülkiyyət hüququ 9 mart 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatı üzrə ona (iddiaçıya) X2 tərəfindən müvafiq məbləğdə vəsait hesablanmışdır. İddiaçı həmin borca etiraz edərək, onun yarandığı vaxtda Rusiya Federasiyasında olduğunu bildirməklə məsələyə kömək göstərilməsi üçün Balakən Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Balakən RİH-in ona ünvanlanmış 25 noyabr 2024-cü il tarixli, 5-36/2-H-5-1419/2024 nömrəli məktubunda qaldırılan məsələ ilə bağlı müəyyən xüsusatlara toxunulmuş, lakin məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Balakın RİH-ə qarşı «cavabdehin məktubunda əks olunan mövqeyinin ləğv olunması və elektrik enerjisi sərfiyyatı üzrə borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində tələbini olunla əsaslandırır ki, Balakən rayonu, Yeni Şərif kəndində yerləşən evində elektrik enerjisindən istifadə etdiyi dövrdə sərfiyyata görə pul məbləğini vaxtında ödəmişdir. 13 oktyabr 2023-cü il tarixdən 4 mart 2024-cü il tarixədək Rusiya Federasiyasında olmuşdur. Təxminən 6 ay həmin evdə yaşamamış və elektrik enerjisindən istifadə etməmişdir. X2 həmin 6 aya görə ona 337,13 manat sərfiyyat hesablamışdır. Halbuki, əvvəlki ilin müvafiq dövründə evdə yaşayış olduğu halda 58 manat vəsait ödənilmişdir. İddiaçı məsələ ilə bağlı araşdırma aparılması üçün cavabdeh Balakən RİH-ə müraciət etsə də, müsbət cavab alınmamışdır. Üzürlü səbəbdən (xəstəliyi ilə bağlı) iddia müddətinin bərpa edilməsi və cavabdeh Balakən RİH-in 25 noyabr 2024-cü il tarixli cavab məktubunda əks olunan mövqeyinin ləğv edilməsi, borcun silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Balakən RİH iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.5.2-ci yarımbəndinə görə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun tələblərinə müvafiq olaraq istehlakçıların şikayətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhətlər vermək rayon icra hakimiyyətinin səlahiyyəti kimi müəyyən olunmuşdur. İddiaçı müraciətinin araşdırılması məqsədilə RİH tərəfindən X1 Təchizatı və Satışı İdarəsi X2nə şifahi müraciət edilmişdir. Müraciətlə əlaqədar həmin qurum tərəfindən təqdim edilmiş rəsmi arayışda bildirilmişdir ki, sözügedən ünvanda sayğac həyətdə quraşdırıldığından və qapı bağlı olduğundan, 2023-cü ilin avqust ayından sayğacın göstəricisi oxunmamış, 3 mart 2024-cü il tarixdə sayğacın göstəricisi oxunaraq 2701 kilovat-saat sərfiyyat (dəyəri 337,13 manat) aşkar edilməklə informasiya məlumat bazasına daxil edilmişdir. Sonradan yaranmış borca komissiyada baxılaraq tarif fərqinə görə əlavə yaranmış 91,16 manat məbləğ 29 mart 2024-cü il tarixdə silinmişdir. Halhazırda abonent kodu **********00102 olan X3 adına olan ünvanda 5 noyabr 2024-cü il tarixinə olan 264,64 manat real borc olaraq qalmışdır. Yaranmış borc sayğacda qeyd olunan sərfiyyata əsasəndir. Araşdırmanın nəticəsi olaraq iddiaçıya rəsmi məktub göndərilmiş, razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. İddiaçının iddia ərizəsindəki tələbi də aydın deyil. İddianın əsassız hesab edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. O, əlavə olaraq bildirdi ki, ev ona məxsus olsa da, sayğac abonent kimi mərhum atasının adında qalmışdır. Borc olduğu üçün sayğacın abonent kimi onun adına keçirilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - (15.1) İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - (15.2) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. - (15.3) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Həmin qərarın 14-cü bəndində aşağıdakılar qeyd olunmuşdur: - Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edibetmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı mübahisənin hallarına görə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evdə elektrik enerjisi sərfiyyatı üzrə sayğac abonent kimi mərhum atasının adına quraşdırılmışdır və X2 tərəfindən ona müvafiq dövr üzrə borc hesablanmışdır. İddiaçı həmin borcu mübahisələndirir Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı elektrik enerjisi sərfiyyatı üzrə borcun silinməsi olduğundan, Balakən RİH-ə qarşı hazırkı iddianı qaldırmaqla o, düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Əslində mübahisə onunla X2 arasındadır və mülki xarakterlidir. Bu qəbildən olan işlərə isə ümumi məhkəmələrdə baxılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Balakən RİH-ə qarşı «cavabdehin məktubunda əks olunan mövqeyinin ləğv olunması və elektrik enerjisi sərfiyyatı üzrə borcun silinməsi» barədə iddiası mahiyyətcə mülki xarakterli olduğundan, mümkün qiymətləndirilməməli və iddiaçıya mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-2383/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2383/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver