Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2388/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu AİK-nın 07 saylı, 29 iyun 2000-ci il tarixli qərarında dəyişiklik edilərək, X10 və X2 torpaq islahatınadək istifadəsində olmuş 1.02 ha və 0.25 ha torpaq sahələrinə, X16, X5, X12 və X17 ilə yanaşı onlarında mülkiyyət hüquqlarının tanınması və X8 və onun 3 nəfər ailə üzvlərinin adına verilmiş JN-021F №-li, KOD 40303018 və JN-021G №-li, KOD 40303018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında DƏDR-dən verilmiş Çıxarışların ləğv edilməsi və 0.25 və 1.02 ha. Torpaq sahələrinə dair yeni Çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Qəbələ rayonu AİK-nın 07 saylı, 29 iyun 2000-ci il tarixli qərarında dəyişiklik edilərək, X10 və X2 torpaq islahatınadək istifadəsində olmuş 1.02 ha və 0.25 ha torpaq sahələrinə, X16, X5, X12 və X17 ilə yanaşı onlarında mülkiyyət hüquqlarının tanınması və X8 və onun 3 nəfər ailə üzvlərinin adına verilmiş JN-021F №-li, KOD 40303018 və JN-021G №-li, KOD 40303018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında DƏDR-dən verilmiş Çıxarışların ləğv edilməsi və 0.25 və 1.02 ha. torpaq sahələrinə dair yeni Çıxarışların verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində iddiaçılar göstərir ki, yaxınlarda onlara məlum olmuşdur ki, 1927-ci il tarixdə doğulub 2002-ci il tarixdə vəfat etmiş daimi Qəbələ rayonu Bunud kəndində yaşamış və qeydiyyatda olmuş X13 və 1928-ci ildə doğulmuş, 2006-cı il tarixdə vəfat etmiş daimi Qəbələ rayonu Bunud kəndində yaşamış və qeydiyyatda olmuş X4 məxsus təsərrüfat 50 ildən artıq qanuni istifadələrində olmuş, torpaq sahəsi Aqrar islahat zamanı özlərinə verilməmişdir. Bu səbəbdən iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. İddiaçılara xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvini tələb etdiyiniz şəhadətnamənin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 07 saylı, 29 iyun 2000-ci il tarixli qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçılara vaxt təyin edilmişdir.İddiaçılar xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdeh kimi Qəbələ Rayon İcra Hakimiyyətinin iddia ərizəsindən çıxarılmasını və iddia ərizəsində göstərilən tələb barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia tələbi dəyişdirilmiş formada qəbul edilmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən JN-021F №-li, KOD 40303018 və JN-021G №-li, KOD 40303018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2000-ci il tarixli, 07 №-li qərarı əsasında verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X6 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X6 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2000-ci il tarixli, 07 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş JN-021F №-li, KOD 40303018 və JN-021G №-li, KOD 40303018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İİİ şəxslər X8, X3, X7, X9 adına verilmiş JN-021F nömrəli və JN-021G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və həmin şəxslərin adına AİK tərəfindən digər torpaq aktlarının verilməsi aşkarlanarsa, həmin torpaq aktlarının, X10 və X2 adına verilmiş JN-020A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və sonuncuların adına AİK tərəfindən verilmiş digər torpaq aktları aşkarlanarsa, həmin torpaq aktlarının ləğv edilməsi və ləğv edilmiş bütün torpaq aktlarında nəzərdə tutulmuş torpaqların həm mərhumlar X11 həm X2 həm də İİİ şəxslərin adına olmaqla onların ümumbirgə mülkiyyətinə verilməsinin qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2388/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2388/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver