Məhkəmə qərarları › İş №2-1(116)-239/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-239/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-239/2023 30.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1954-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş və hal-hazırda 68 yaşı vardır. İddia ərizəsinə təsdiqlənmiş surətini əlavə etdiyi “Kolxozçunun əmək kitabçası”ndan göründüyü kimi o, 1968-1969-cu illərdə Ucar rayonunun Qazyan kəndində yerləşən “Nizami” kolxozunda işləmiş, 1968-ci ildə onun il ərzində işlənmiş adam günlərinin miqdarı 45, 1969-cu ildə isə 35 gün olmaqla, cəmi 80 gün olmuşdur. Bundan başqa iddia ərizəsinə təsdiqlənmiş surətini əlavə etdiyi “əmək kitabçası”ndan göründüyü kimi o, müxtəlif idarələrdə xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək 1 il 5 ay 10 gün, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək 2 ay 2 gün, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək 5 ay 2 gün, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək 8 ay 10 gün, xx.xx.1977-ci ildən xx.xx.1979-cü ilədək 1 il 7 ay 28 gün, xx.xx.1979-cu ildən xx.xx.1998-ci il tarixədək 19 il 4 ay 21 gün, cəmi 23 il 9 ay 13 gün işləmişdir. Eyni zamanda iddia ərizəsinə təsdiqlənmiş surətini əlavə etdiyi hərbi biletdən görünür ki, iddiaçı 2 il hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçının 25 ildən artıq əmək stajının olması qeyd edilən sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2000-ci il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçalarının, hərbi biletin və diplomun surətlərinə, arxiv arayışlarına əsasən (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı dövr nəzərə alınmaqla) iddiaçının sığorta stajı 19 il 11 ay 18 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, təqdim edilən əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Mərkəzi Aran regional filialının müvafiq xidməti məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Ucar rayonu “20 №-li Təmir-Tikinti sahəsi”nin əmr kitabları və əmək haqqı cədvəlləri Ucar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədə işləmə faktının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək cari müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Ucar filialına müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1954-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanunla müəyyən edilmiş digər şərtlər ödənildiyi halda 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdə yaranır. Lakin İddiaçı odlu xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının mübahisəli olmayan sığorta stajı təqdim edilən arxiv arayışları, ******* nömrəli hərbi biletə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 10 gün, 882 nömrəli diploma əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı dövr 7 ay 18 gün, təqdim etdiyi əmək kitabçasına əsasən isə xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək işlədiyi 5 ay 10 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək işlədiyi 2 ay 2 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1973cü il tarixədək işlədiyi 5 ay 10 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək işlədiyi 8 ay 20 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyi 1 il 7 ay 26 gün və xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi 12 il 4 ay 22 gün müddətdir ki, ümumilikdə 19 il 11 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə “Ucar 20 nömrəli təmir tikinti sahəsi”ndə işlədiyini iddia etdiyi 6 il 11 ay 29 gün təşkil edir. İddiaçının xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə “Ucar 20 nömrəli təmir tikinti sahəsi”ndə işlədiyini iddia etdiyi dövrlər iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq həmin dövrlərə aid əmr kitabları və əmək haqqı cədvəlləri aşkar edilmədiyindən iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Belə ki, Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Ucar rayon 20 nömrəli təmir-tikinti sahəsi”nin sənədləri (əmr kitabları və əmək haqqı cədvəlləri) sözügedən arxivdə aşkar edilməmişdir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayda, yəni xx.xx.2018-ci il tarixdə yaranmışdır. Lakin ona xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus 882 nömrəli atestatın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Ucar 122 nömrəli texniki peşə məktəbində traktorçu maşınçı ixtisası üzrə təhsil almışdır. “Kolxozçunun əmək kitabçası”nın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Nizami” adına kolxozda xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədən müvafiq olaraq 45 və 35 adam günü olmaqla işləmişdir. İddiaçıya məxsus xx.xx.1971-ci ildə doldurulmuş əmək kitabçasına əsasən onun əmək fəaliyyəti dövrü aşağıdakı kimi olmuşdur: xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək çilingər; xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Ucar pambıq zavodunda tikinti işçisi; xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək 1-ci dərəcəli çilingər montajçı; xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək 4-cü dərəcəli bənna; xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Ucar kolxozlararası tikinti idarəsində 4-cü dərəcəli bənna; xx.xx.1979-cu ildən Ucar 20 nömrəli təmir-tikinti sahəsinə müvəqqəti olaraq işə qəbul edilmiş, xx.xx.1998-ci ildən özəlləşdirmə ilə əlaqədar işdən azad olmuşdur. Cavabdeh tərəfindən iddiaçının “Ucar 20 nömrəli təmir-tikinti sahəsi”ndə işlədiyi müddət istisna olmaqla, qalan dövrlər mübahisələndirilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********943500 nömrəli məktubunda qeyd olunur ki, Ucar 20 saylı təmir-tikinti sahəsi ********* (doqquz rəqəmli) nömrəli VÖEN-lə xx.xx.1997-ci il tarixdə qeydiyyatda olmuş, 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən müracət etməmiş və hal-hazırkı dövrə qədər vergi ödəyicisi kimi yenidən qeydiyyatdan keçməmişdir. Bu hal vergi ödəyicisinin qeydiyyatdan keçməməsi kimi qeyd olunur. Ucar RİH-nin xx.xx.2022-ci il tarixli, 875 nömrəli məktubunda bildirilir ki, məhkəmənin sorğusunda qeyd olunanların icrası ilə əlaqədar aidiyyəti qurumlarla əlaqə yaradılmışdır. Ucar Rayon Dövlət Arxivindən Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş 29 noyabr 2022-ci il tarixli, 64 nömrəli məktubda qeyd olunur ki, Ucar rayonu Qazyan kənd sabiq Nizami adına kolxoza aid 1962-1995-ci illərə dair sənədlər 1 №-li (daimi) siyahı üzrə, 1960-1998-ci illərə dair sənədlər 2 №-li (şəxsi heyət) siyahı üzrə Ucar Rayon Dövlət Arxivində 25 №-li Fondda saxlanılır. Ucar rayonu sabiq 20 №-li Təmir Tikinti sahəsinə aid 1970-1984-cü illərə dair sənədlər 1 №-li (daimi) siyahı üzrə Ucar Rayon Dövlət Arxivində 76 №-li Fondda saxlanılır. Bu müəssisə üzrə şəxsi heyət barədə məlumatlar və sənədlər arxivə təhvil verilməmişdir. Ucar Rayon Statistika İdarəsindən Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş 29 noyabr 2022-ci il tarixli, 9xx/xx-2022 nömrəli məktubda qeyd olunur ki, Dövlət reyestrinin siyahısında “Ucar Rayon 20 №-li Təmir Tikinti Sahəsi” adlı müəssisə mövcud deyil. Ucar RİH bildirir ki, yuxarıda qeyd olunan məlumatlardan başqa Ucar Rayon İcra Hakimiyyətində məktubda qeyd olunanlarla bağlı hər hansı məlumat mövcud deyil. Ucar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 33n nömrəli məktubunda qeyd olunur ki, Qazyan kənd sabiq “Nizami” adına kolxoza aid 1968-1969-cu illərə dair əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarında İddiaçı kolxozda işləməsi və əmək haqqı alması barədə qeydlər yoxdur. Qeyd: Ucar rayonu, Qazyan kənd sabiq “Nizami” adına kolxoza dair 1968-1969-cu illər üzrə əmək haqqı və son hesablaşma cədvəlləri təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. Ucar rayonu “20 nömrəli təmir-tikinti sahəsi”nə aid arayış xarakterli (əmr kitabları və əmək haqqı cədvəlləri) sənədlər təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli 01/3-4594 nömrəli məktubunda bildirmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin Dövlət reyestrində Ucar rayonu “20 nömrəli təmir-tikinti sahəsi” xx.xx.1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər-hansı əlavə məlumat mövcud olmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayda, yəni xx.xx.2018-ci il tarixdə yaranmışdır. Lakin ona xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək məhz əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdədir. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1954-cü il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Lakin həmin dövrdə iddiaçının iki növ əmək pensiyasına hüququ yarandığından ona əlilliyə görə əmək pensiyasının təyinatı aparılmış və müvafiq ödənişlər həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçının 65 yaşı tamam olmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixədək ödənildiyindən, o, əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdədir. Odur ki, cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlərdə ümumi iş stajı 19 il 5 ay 29 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının Ucar rayonu “20 nömrəli təmir-tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi 12 il 4 ay 22 gün müddət mübahisələndirilməmiş, yalnız ondan sonrakı dövr mübahisələndirilərkən, cavabdehin mövqeyi müəssisənin sənədlərin arxivə təhvil verilməməsi və belə bir müəssisənin mövcud olmaması ilə əsaslandırılmışdır. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Ucar 20 saylı təmir-tikinti sahəsi ********* (doqquz rəqəmli) nömrəli VÖEN-lə xx.xx.1997-ci il tarixdə qeydiyyatda olmuş, 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən müracət etməmiş və vergi ödəyicisi kimi yenidən qeydiyyatdan keçməmişdir. 1996-cı ildə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin Dövlət reyestrində Ucar rayonu “20 nömrəli təmir-tikinti sahəsi” xx.xx.1996-cı il tarixində qeydiyyata alınmışdır. Bu isə onu deməyə əsas verir ki, sözügedən müəssisə həmin dövrdə mövcud olmuşdur. Belə ki, statistik vahidlərin qeydiyyatı yeni yaradılan deyil, artıq mövcud olan müəssisələrin qeydiyyatını ifadə etməkdədir. Digər tərəfdən 20 saylı təmir-tikinti sahəsi xx.xx.1997-ci il tarixdə VÖEN-lə mövcud olmuşdur ki, bu isə iddiaçının vəzifəsindən azad edildiyi xx.xx.1998-ci il tarixdən əvvələ təsadüf etməkdədir. Belə olan halda xx.xx.1997-ci il tarixə iddiaçının 25 illik sığorta stajı tamamlandığından məhkəmə hesab edir ki, ondan sonrakı dövrün əlavə araşdırılması zərurəti də aradan qalxır. Cavabdeh tərəfindən isə əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar