Məhkəmə qərarları › İş №2-1(116)-239/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-239/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-239/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə , İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFPnın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək səhhətinə uyğun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə xx.xx.1993-cü ildə mərmi partlayışı nəticəsində ağır yaralanmışdır. Aldığı hərbi travma nəticəsində baş nahiyəsinin təpə, alın, gicgah, üz, yuxarı ətrafların çoxsaylı qəlpə yarası, alın hissəsinin sümüyünün sınması kəllə-beyin travması zədələri almışdır. Aldığı xəsarətlərlə bağlı müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olunmuşdur. O, həmin gündən 30 ildir ağır eşitmə, öyümə-qusma, baş gicəllənmə, hərəkət edərkən tarazlığın və koordinasiyanın pozulması, yuxarı ətrafın, aşağı ətrafın zəif hərəkət etməsi, sol gözün parezif (sol tərəfli hemiparez), tez-tez gözqırpma titrəmə, hərəkət pozqunluqları, qeyri-adi sidik və nəcis ifrazatı, psixi pozqunluqlar, qıcolmadan əziyyət çəkir. Aldığı hərbi travma ilə bağlı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı ləyin edilmiş yaraların nəticələrinə görə “qəlpə yaralanmasından sonra başın alın, təpə, gicgah, üz nahiyyələrində, sol əlin İ-İl-ci barmaq, sağ əlin İİİ-İ V-V-ci barmağın arxa nahiyəsində köhnə çapıq toxumalar" diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissyasının 825 saylı qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" hərbi travma ilə bağlı diaqnozlara görə ikinci qrup əlilliyi məyyən edilmişdir. Aldığı xəsarətlərdən bağlı əziyyət çəkdiyindən o mütəmadi olaraq Bakı şəhəri 3 saylı klinik xəstəxanası, Azərbaycan Respublikası Mərkəzi klinik xəstəxanası, Azərbaycan Respublikası Tibbi Universitetin Cərrahiyyə şöbəsində, Gəncə şəhəri Abbas Səhət adına Mərkəzi Xəstəxanasında, 220 saylı Hərbi Hospitalda, X1 müalicə olunması nəticəsində hər iki qulağın 4-cü dərəcəli neyrosensor tip ağır eşitmə, postravmatik ağır forma vestibulopatiya, davamlı qalıq əlaməti olan hipertoniya, tez-tez hipertonik krizlər, duadenit, idrakın pozulması hərəkət pozuntuları, aritmiya, ikinci tip şəkər xəstəliyi, baş beyin insultu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 130 nömrəli məktubu ilə ona aid sənədlər Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmış və şəhadətləndirilmənin, qəbul edilmiş 825 saylı qərarın düzgün olması və dəyişdirilməsinə heç bir əsas olmadığı müəyyən edilmişdir. Lakın cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-4\2-A-30554\2023 saylı məktubu ilə onun mövcud diaqnozu əlillik əlaməti təyin etmir əsası ilə hərbi səbəblə əlaqəli olmayan ümumi xəstəliklər olduğu qənaətinə gəlmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. hərbi xidmət dövründə aldığı kəllə beyin travmasından sonra eşitmənin neyrosensor tip iki tərəfli itirilməsi.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Mingəçevir şəhər xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAKK8 nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follıkulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin /-// barmaqlararası nahiyədə, saq əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzündə olan çapıq izlərini göstərməyə çalışmış, nevroloji statusunda yaşa uyğun dəyişikliklər, əzələ gücü, tonusu normal, reflekslər yüksək çağrılmış, Laseq, Neri simptomları müsbət, emosional, vazomator labil müəyyən edilmişdir. Əyani baxış zamanı çapıq izləri, nevroloji ocaqlı patologiya və iflic, parez qeyd olunmamışdır. Təqdim edilmiş Bakı Sağlamlıq Mərkəzi EEQ müayinəsinin nəticəsi “Foto stimulyasiya-patoloqiya aşkar edilmədi, hiperventilyasiya zamanı-patologiya qeyd edilmir” kimi müəyyən olunmuşdur. İTS Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2020-ci tarixli Bel-oma MRT müayinəsinin nəticəsi" Lumbal ostexondroz. L5-S1 diskdə dural kisəni və hər iki sinir kökünü bir qədər sıxan bilateral olaraq fəqərəarası dəlikləri daraldan 2,5 mm ölçülü, geniş əsaslı arxa mərkəzi protruziya" kimi qiymətləndirilmişdir. Hal-hazırda aktiv əmək müqaviləsi var. Obyektiv müayinənin nəticələri, təqdim edilmiş sənədlərə əsasən əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlamətləri, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin Mingəçevir şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, saq yanağ nahiyəsində, sol əlin /-// barmaglararası nahiyədə, sağ əlin ll-İV-V barmağlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzündə olan çapıq izlərini göstərməyə çalışmış, nevroloji statusunda yaşa uyğun dəyişikliklər, əzələ gücü, tonusu normal, reflekslər yüksək çağrılmış, Laseq, Neri simptomları müsbət, emosional, vazomator labil müəyyən edilmişdir. Əyani baxış zamanı çapıq izləri, nevroloji ocaqlı patologiya və iflic, parez qeyd olunmamışdır" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyeltiv müayinəsi zaman başgicəllənmə, hrəkət pozuntuları, ürəkbulanma, hissiyatın zəifləməsindən, eşitmə zəifliyindən şikayətlənmiş, sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmişdir. Anamnezində 2022-ci ilin avqust ayında kiçik ölçülü insult keçirdiyi məlum olmuşdur. Müayinə zamanı qoruyucu bez istifadə etdiyi məlum olsa da, bez quru və təmiz olmuşdur. İfrazat funksiyasının pozulması və qeyri-iradi olması həkim mütəxəssislər tərəfindən keçirilmiş insultun qalıq əlamətləri kimi dəyərləndirilməmişdir. Medikamentoz preparatlardan Aktovegin qəbul etdiyini bildirmişdir. Müayinə zamanı vətəndaş insultdan sonrakı kəskin dövr əlamətlərini aqrovasiya etmişdir. Qıcolma tutmalarına dair heç bir şikayət bildirməmiş, məlumat verməmişdir. Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli KT müayinəsinin nəticəsi ‘Baş beynin orta dərəcəli kort i kal atrofiyası" kimi qeyd olunmuşdur. Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi "Uzunsov beynin yuxarı-sol-arxa hissəsində və beyincik ayaqcığının alt-medial hissəsində yerləşən, kiçik ölçülərdə kəskin dövr infarkt ocağı. Beynin orta dərəcəli kortikal atrofiyası" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Tibb Universitetinin xx.xx.2022-ci il tarixli BERA testi müayinəsinin nəticəsi ‘Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip aqıreşitmə qeyd olunur' kimi qeyd edilmiş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9678 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “İki tərəfli koxlear nevrit. Neyrosensor afyreşitmə. İV-cü dərəcə" kimi qeyd edilmişdir. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 12158 nömrəli Tibbi Rəyində diaqnoz ‘OU-Başlanqıc katarakta. Vis QU=0.3k/e'' kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Yanaşı xəstəliyin müalicə potensialının bitmədiyini nəzərə alaraq, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imitna məktubu, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007), “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş T637/2024 nömrəli ekspert rəyi, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina etmişdir. Daha sonra cavabdeh orqan iddiaçının müraciəti əsasında onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə yenidən əlillik təyinatının aparılmasından imtina etmişdir. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsinə əsas kimi, iddiaçıya qoyulmuş diaqnozun xüsusi səbəbdən əlillik əlaməti hesab edilməməsi və ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi göstərilmişdir. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1420/2024 saylı qərardadı ilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi ilə əlaqədar onun adına “Mingəçevir şəhər xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş K00052244FKZ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: H90.3- eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Hərbi xidmət dövründə aldığı kəllə- beyin travmasından sonra eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Ağırlaşmalar: F01.8-digər vaskulyar demensiya, ağıl zəifliyi, F07.2-postkontuzion sindrom, F45.3-vegetativ sinir sisteminin somatofrom disfunksiyası, kəskin astenonevrotik vəziyyət, Z74.1-özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin köməyinə ehtiyacı var. Yanaşı xəstəliklər: T90.5-kəllədaxili travmaların nəticələri, kəllə-beyin travması, E11-insulindən asılı olmayan şəkərli diabet İİ tip, orta ağır forma, 163-beyin infarktı keçirmiş sağ beyin yarımkürəsinin işemik tip insultdan sonrakı vəziyyəti, sol tərəfli hemiparez” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılsa da şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 Nıı-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər-hansı bir maddəsini aid etməyə əsas vermədi. Diaqnozdakı xəstəliklər ixtisaslaşmış stasionar müalicə davam edəcəyi halda tam aradan qalxması (tam reabilitasiya) mümkün deyildir, yalnız bir qədər yüngülləşə bilər. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6 (T90 qapalı kəllə beyin travması, davamlı qalıq əlamətləri; T90.5 kəllə daxili travmaların nəticələri, kəllə beyin travması), 7.6.1 (F01.8 – digər vaskulyar demensiya, ağıl zəifliyi), 10.1.3 (H90.3 – eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi) və 11.2.7.2-ci (E11 – insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta ağır forma) bəndlərinə uyğun olmasını bildirmişdir. Məhkəmə tərəfindən T90 XBT kodunun istinad olunan meyarlara “Əlavə”nin 13.6-cı bəndinin hansı qiymətləndirmə halına uyğun olması barədə tibb müəssisəsinə sorğu göndərilmişdir. Tibb müəssisəsi tərəfindən iddiaçının sağlamlıq vəziyyəti barədə məlumat təqdim edilsə də, sözügedən diaqnozun 13.6.1-13.6.3-cü bəndlərdən (kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru, üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları, burunun tam itirilməsi) hansına aid olması konkret qeyd edilməmişdir. Həmçinin icraat materialları əsasında hər hansı uyğunluq müəyyən edilməmişdir. Tibb müəssisəsinin istinad etdiyi 7.6.1-ci bəndə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan meyarlara “Əlavə”-nin 7.6.1-ci bəndində demensiyanın dərəcələri və hər bir dərəcəyə uyğun əlamətlər və MMSE balları göstərilmişdir. Lakin, tibbi göndərişdə iddiaçının sağlamlıq vəziyyətinin məhz hansı MMSE balına uyğun olması və bunun hansı qaydada müəyyən edilməsi, o cümlədən aşkar edilmiş funksional pozuntular qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, “digər vaskulyar demensiya, ağıl zəifliyi” diaqnozu təkbaşına 7.6.1-ci bənd üzrə əlilliyin təyin edilməsinə əsas vermir. Bunun üçün 7.6.1-7.6.3cü bəndlərdə göstərilən hallar da, mövcud olmalıdır. Məhkəmə iclasında iddiaçı, kifayət qədər məzmunlu və geniş şəkildə xəstəliyin yaranma səbəbi, aldığı travma və nəticələri barədə məlumat vermiş, gündəlik davranışında 7.6.1-ci bənddə göstərilən simptomların olmadığını bildirmişdir. İddiaçının davranışı və özünü ifadə etmək bacarığı normal idrak səviyyəsinə uyğun gəldiyindən məhkəmə hesab edir ki, ona qoyulmuş demensiya və ağıl zəifliyi diaqnozu əlilliyin təyin edilməsi üçün tələb olunan səviyyədə olmamışdır. Tibb müəssisəsinin istinad etdiyi 10.1.3-ci bəndə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları olaraq təsbit edilmiş və İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi halının əlillik təyinatına səbəb olması müəyyən edilmişdir. Yəni, İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi” — kompleks funksional pozuntu kimi qiymətləndirilir və bu diaqnozun əlillik meyarlarına uyğunluğu yalnız hər iki pozuntu eyni zamanda mövcud olduqda mümkün olur. Məhkəmə iclası zamanı iddiaçının hər hansı eşitmə cihazından istifadə etmədən verilən sualları aydın şəkildə eşidərək cavablandırmış, eşitmə funksiyasının gündəlik ünsiyyət və funksional fəaliyyət üçün adekvat olduğu müəyyən edilmişdir. Bununla yanaşı tam (total) və ya praktiki görmə itkisi halları ümumiyyətlə müşahidə olunmamışdır. Göründüyü kimi tibb müəssisəsi yuxarıda göstərilən diaqnozları tibbi göndərişdə qeyd etməklə kifayətlənmiş, onun funksional nəticələrini və qiymətləndirmə meyarlarına uyğunluğunu əsaslandırmamışdır. Tibb müəssisəsinin istinad etdiyi 11.2.7.2-ci bəndə münasibətdə müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi göndərişin tərtib edildiyi və cavabdeh orqan tərəfindən imtina qərarının verildiyi dövrdə qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş cədvəldə, 11.2.7.2-ci bənddə insulindən asılı olmayan şəkərli diabet diaqnozu üzrə orqan və sistemlərin çoxsaylı funksional pozuntularının müşahidə olunduğu hallarda orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65–80% həddində müəyyən edilmişdir. Həmin diaqnozun düzgünlüyü iş materiallarında olan ekspert rəyi və digər icraat materialları ilə sübut olunur. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh orqan iddiaçıya “ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi” əsası ilə imtina cavabı versə də, iş materiallarında olan ekspert rəyində iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliklərin ixtisaslaşmış stasionar müalicə ilə tam sağalmasının (tam reabilitasiyanın) mümkün olmadığı, yalnız qismən yüngülləşmənin mümkün ola biləcəyi qeyd edilmişdir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərarında iddiaçıya “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follıkulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin /-// barmaqlararası nahiyədə, saq əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozu qoyumuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarında göstərilən diaqnozla göndərişdə qeyd edilmiş diaqnozlar arasında səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən 2-il müddətinə OFP-nın 2-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar