Məhkəmə qərarları › İş №2-1(116)-2391/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2391/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2391/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1962-ci il tarixdə Oğuz (keçmiş Vartaşen) rayon Kərimli (keçmiş Vardanlı) kəndində anadan olmuşdur. 1987-ci ildən Rusiya Federasiyasında yaşamış və işləmişdir. Rusiya Federasiyasının vətəndaşıdır və hal-hazırda həmin dövlətdən pensiya alır. Rusiya Federasiyası vətəndaşlığından çıxması onun hüquq və mənafelərinə uyğun gəlmədiyinə görə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsini cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona xx.xx.2018-ci i tarixdə beş il müddətinə DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 2023-cü ilin may ayında Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Bu günlərdə ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında 1306.2023-cü il tarixli, ******* nömrəli qərar göndərilmişdir. Eyni zamanda ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. Çünki həmin qərar guya onun “daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəminin 180 gündən çox olması” ilə əsaslandırılmışdır. Lakin qərarda həmin günlərin hansı ilə təsadüf etdiyi qeyd edilməmişdir. Cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarı qəbul edən zaman Covid - 19 pandemiyasını və Rusiya-Ukrayna müharibəsini nəzərə almamışdır. Onun arvadı Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa onun qeydiyyatda olduğu ev qohumumun adına olsa da özünə məxsusdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, ona xx.xx.2018ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Şəxs adını dəyişdiyi üçün (beləki, əvvəlki müraciətində şəxsin Rusiya Federasiyasına məxsus pasportda adı Seyran olmuş, daha sonra isə Seıran olaraq dəyişdirmiş) xx.xx.2023-cü il tarixində DYİ vəsiqə dəyişmə üçün DMX-ya müraciət etmişdir. Şəxs xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazəsinin müddətinin uzadılması üçün müraciət etmişdir. Müraciətin araşdırılması zamanı təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə uyğun olaraq şəxsin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğu müəyyən edilmişdir. Bu zaman sözügedən şəxsin xx.xx.2018-ci il tarixli müraciəti əsasında 5 il müddətinə verilmiş (etibarlıq tarixi xx.xx.2023) Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddələrinə əsasən ləğv edilmişdir və şəxsə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 20573 nömrəli icazə vəsiqəsi qüvvədən düşmüşdür. Bununla bağlı DMX tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmiş və şəxsin ünvanına bu barədə rəsmi məktub göndərilmişdir. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-ci il tarixli, ******* №-li qərarından görünür ki, Rusiya Federasiyası vətəndaşı ********* nömrəli pasporta malik olan Osmanov Seiranın Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, ona 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 20573 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. - Sərhədkeçmə müddətinin hesablanması haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixədək ölkə xaricində olmuş, xaricdə olduğu günlərin sayı 271 gündür. - Sərhədkeçmə müddətinin hesablanması haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixədək ölkə xaricində olmuş, xaricdə olduğu günlərin sayı 357 gündür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Odur ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətlə bağlı iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): ... 45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda. 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda, 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;https://eqanun.az/framework/46959 45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda ... 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir). İş materiallarından görünür ki, iddiaçı, Rusiya Federasiyasının vətəndaşıdır. Ona xx.xx.2018-ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Cavabeh orqan tərəfindən inzibati araşdırma aparılarkən iddiaçının xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 271 gün, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 357 gün ölkə xaricində olması müəyyən edildiyindən xx.xx.2023-ci il tarixli, ******* №-li qərar qəbul edilərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, ona 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir. Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbinə əsasən əcnəbinin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olması Azərbaycan Respublikasında daimi yaşamaq üçün verilmiş icazənin ləğvi əsası kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Miqrasiya Məcəlləsinin 45.1.2, 45.1.3, 45.1.3-1, 45.1.3-2 və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar iddiaçıya münasibətdə mövcud deyil. İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il və xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ölkə hüdudlarından kənarda olmasını xəstəliyi və sərhədlərin bağlı olması ilə əsaslandırmışdır. Bununla belə məhkəmə qeyd edir ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi rejimi dövründə ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti” Qaydaların 2.1.3-cü bəndinə əsasən (iddiaçının ölkə hüdudlarından kənarda olduğu müddət ərzində qüvvədə olan redaksiya) Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul etməsi öz əksini tapmışdır: 2.1.3.2. ... Azərbaycan Respublikasında ... daimi yaşamaq icazəsi olan əcnəbilər ... və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış əlilliyi olan uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər əsasında;https://eqanun.az/framework/45172 2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı Rusiya Federasiyasında pensiyaya çıxmasını, aylıq pensiyasının 80.000 rubl məbləğində (1500-1600 manat) olmasını və əlavə ödənişlər almasını bildirmişdir. Bu isə onun qeyd edilən dövrlədə faktiki olaraq hava nəqliyyatı ilə Azərbaycan Respublikası ərazisinə gəlmək iqtidarında olmasını birbaşa sübut edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbini pozduğundan və bunun üzürlü səbəblərinə dair hər hansı sübut təqdim edə bilmədiyindən cavabdeh orqan xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarın qəbul edilməsində haqlı olmuşdur. İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar