Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-240/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı (üçüncü şəxs: Qəbələ rayonu Kürd bələdiyyəsi) “Qəbələ rayon, Kürd bələdiyyəsinin balansında olub faktiki olaraq istifadə etdiyi islahat dövründə adlarına rəsmiləşdirilməmiş 1.50 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon, Kürd bələdiyyəsinin balansında olub faktiki olaraq istifadə etdiyi islahat dövründə adlarına rəsmiləşdirilməmiş 1.50 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı aparılan zaman iddiaçı ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Kürd kəndində yaşamışdır. Lakin islahat zamanı ailəsinə 1.50 ha az pay torpaq sahəsi verilmişdir. Belə ki, Kürd kəndinin ərazisində adambaşına düşən norma 1.25 ha olaraq hesablanmışdır. Belə olduqda iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə (cəmi 4 nəfər) 5.00 ha pay torpaq sahəsi verilməli idi. Lakin iddiaçının mülkiyyətinə 3.50 ha torpaq sahəsi verilmişdir. Qalan 1.50 ha torpaq sahəsinin faktiki istifadəçiləri iddiaçı və onun ailə üzvləri olsa da, torpaq sahəsi Kürd bələdiyyəsinin balansında saxlanılmışdır. İddiaçı hesab edir ki, torpaq islahatı zamanı AİK-nın texniki səhvi səbəbindən ailə üzvlərinin adlarına 1.50 ha olan torpaq sahəsi rəsmiləşdirilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Qəbələ rayonu Kürd kəndində yerləşən 1.50 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 müraciət etmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisidir. Faktiki istifadədə olan torpaq sahəsi 1.37 hektar təşkil edir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Kürd kənd X2 xx.xx.2020-ci il tarixli 211 nömrəli arayışından müəyyən edilir ki, Kürd kəndində islahat aparılan zaman iddiaçı və ailə üzvləri (torpaq almaq hüququ olan subyektlər) X3, X4, X8maqla 4 nəfərdən ibarət olmuşdur. Arayışda həmçinin qeyd edilir ki, islahat zamanı İddiaçı zəbtində 0.50 ha torpaq sahəsi olmuşdur ki, bu da islahat qanunlarına əsasən 1.7 faizlə onun torpaq payından çıxılmışdır. Beləliklə onun pay torpağı zəbt olunan 0.50 ha sahəyə əsasən az verilmişdir. İş materiallarında olan Kürd kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arayışından müəyyən edilir ki, Kürd kəndində torpaq islahatı aparılan zaman adambaşına 1.25 ha pay torpağı düşmüşdür. Eyni tarixli 51 nömrəli məktubda isə bələdiyyə qeyd edir ki, iddiaçının zəbtinə düşmüş və ondan çıxılmış 1.7 faiz və istifadə etdiyi bələdiyyə torpağının onun adına rəsmiləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubuna əlavə edilmiş Kürd kəndində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinə 0.50 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilən sxemdən müəyyən edilir ki, iddiaçının faktiki istifadə etdiyi 1.37 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İş materiallarında olan JN-059A kod 40610018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə 0.27 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və kitabda 4618 nömrə ilə qeydə alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Hazırkı halda isə cavabdeh orqanın etiraz məktubu, həmçinin tərtib etdiyi sxemə əsasən müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan və dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahəsidir. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahəsidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı (üçüncü şəxs: Qəbələ rayonu, Kürd bələdiyyəsi) “Qəbələ rayon, Kürd bələdiyyəsinin balansında olub faktiki olaraq istifadə etdiyi islahat dövründə adlarına rəsmiləşdirilməmiş 1.50 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-240/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-240/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver