Məhkəmə qərarları › İş №2-1(116)-2403/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2403/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2403/2023 16.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1932-ci il tarixli 656 saylı doğum haqqında akt qeydində mərhum atasının adının “Kamıl”-dan “Kamal” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şəki İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək təqdim edilən ərizənin İPM-nin 46.1-ci maddəsinin tələblərinə uyğun olmadığı bildirilmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək, xx.xx.1932-ci il tarixli 656 saylı doğum haqqında akt qeydində mərhum atasının adının “Kamıl”-dan “Kamal” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2403/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının atası Həsənov Kamal (Kamıl) Süleyman oğlunun doğum akt qeydində adı “Kamıl” qeyd olunmuşdur. Ancaq digər sənədlərdə “Kamal” kimi qeyd olunmuşdur. İddiaçı doğum haqqında akt qeydinə düzəlişin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1762/23 nömrəli etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı Respublika Dövlət Arxivinin Şəki filialında saxlanılan atası X1 xx.xx.1932-ci il tarixli 656 nömrəli doğum haqqında akt qeydində atasının adına ‘'Kamıl”dan “Kamal”a dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən atası X1 doğum haqqında akt qeydində adına “Kamıl”dan "Kamal”a dəyişiklik edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1480/2023 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - avqust 1932-ci il tarixli 656 nömrəli doğum haqqında akt qeydindən görünür ki, (Kərbəlay) Həsənov Kamıl xx.xx.1932-ci il tarixdə anadan olmuşdur. - AZ-İ 162230 nömrəli ölüm haqqında şəhdətnamədən və xx.xx.2005-ci il tarixli 443 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1975-ci il tarixli 122 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı qızı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1972-ci il tarixli 607 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1970-ci il tarixli 719 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1969-cu il tarixli 110 nömrəli evlənmə aktının qeydindən görünür ki, X3 ilə X2 arasında nikah bağlanmışdır. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasından görünür ki, X3 xx.xx.1932-ci il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atası Kamal Həsənov xx.xx.1932-ci ildə doğulmuş, xx.xx.2005-ci ildə vəfat etmişdir. X10 adı 01 avqust 1932-ci il tarixli 656 nömrəli doğum haqqında akt qeydində “Kamıl” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək mərhum atasının doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi - xx.xx.2005-ci il tarixli 443 nömrəli ölüm haqqında akt qeydində, xx.xx.1975-ci il tarixli 122 nömrəli doğum haqqında akt qeydində, xx.xx.1972-ci il tarixli 607 nömrəli doğum haqqında akt qeydində, xx.xx.1970-ci il tarixli 719 nömrəli doğum haqqında akt qeydində və xx.xx.1969-cu il tarixli 110 nömrəli evlənmə aktının qeydində mərhumun adı “Kamal” olaraq qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən AZ-İ 162230 nömrəli ölüm haqqında şəhdətnamədə və Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən təqdim edilən fərdi uçot kartoçkasında mərhumun adı “Kamal” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.1932-ci il tarixli 656 saylı doğum haqqında akt qeydində mərhum Kamıl Həsənovun ad qrafasında adının “Kamıl”-dan “Kamal”a düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar