Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2406/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3-cü və 8-ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixdən hər ay üçün 560.00 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3-cü və 8-ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixdən hər ay üçün 560.00 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki,ünvanlı sosial yardım almaq məqsədi ilə 02 aprel 2024-cü il tarixli **********063 nömrəli "Ərizə bəyannamə" ilə müraciət edən zaman cavabdeh 4 nəfərdən ibarət olan aztəminatlı ailəyə bu Qanunun 8.1-ci maddənin tələbinə zidd olaraq sosial yardımı aztəminatlı ailəyə müraciət etdiyi 02 aprel 2024-cü il tarixdən deyil, qanunsuz olaraq 01 iyun 2024-cü tarixdən təyin edibdir, yəni bu Qanunun 8.1-ci maddənin tələbini kobudcasına pozubdur, aprel və may aylarının pulunu verməkdən imtina edibdir, eləcə də aztəminatlı ailəyə 560,00 manat əvəzinə aztəminatlı ailəyə 406,73 manat təyin edibdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, elektron sistem (VEMTAS) heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Nəzərinizə çatdırırıq ki, İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən 1 il müddətinə 483,38 manat məbləğdə sosial yardım təyin edilmiş və ödənilmişdir. Bundan başqa iddiaçının sosial yardımın təyin edilməsi müddətinin 2023-cü ilin aprel ayından etibarən hesablanması tələbinə münasibətdə bildiririk ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında 1 il müddətinə 406,73 manat məbləğdə sosial yardım təyin edilmişdir. İddiaçı isə iddia ərizəsində qeyd etmişdir ki, ailəyə ünvanlı sosial yardım qanunsuz olaraq xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. İnzibati orqan aprel və may aylarının ödənişini etməkdən imtina etmişdir. İlk öncə bildiririk ki, İddiaçı ünvanlı dövlət sosial yardım xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Buna nəzərən iddiaçının ona əvvəlki 1 ayın ödənilməsi tələbi qanunvericiyin tələblərinə zidd olaraq yuxarıda göstərilən normanın tələblərinə ziddir. Ona görə ki, iddiaçıya əvvəlki 1 aya münasibətdə sosial yardımın təyin edilməsi nəticə olaraq ona 13 ay ərzində müvafiq məbləğin ödənilməsinə gətirib çıxarır və Qanunun 8.1-ci maddəsinin tələbi pozulmuş olur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı 25 sentyabr 2024-cü il tarixli elektron qaydada ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir;
2. Ünvanlı sosial yardımın təyin olunması barədə xx.xx.2024-cü il tarixli qərarın surəti.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3-cü və 8-ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixdən hər ay üçün 560.00 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 15 oktyabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı ünvanlı dövlət sosial yardımın 01 aprel 2024-cü il tarixindən təyin edilməsindən ibarətdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ailə üzvü X1 (iddiaçının təmsilçiliyini həyata keçirməklə) müraciəti əsasında ona və ailə üzvlərinə ünvanlı dövlət sosial yardım xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Məhkəmə hesab edir ki,hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi müdafiəsinə zərurət yoxdur.Belə ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.Yəni,iddiaçı və ailə üzvlərinə hazırda təyin edilmiş və ödənilməsi davam edən ünvanlı sosial yardım mövcuddur.Bu ödəmə qüvvədə olan qərar əsasında xx.xx.2025-ci il tarixinə kimi davam etdirilir.Hazırkı tələbin təmin olunması iddiaçının hüquqi vəziyyətində dəyişikliyə gətirib çıxarmayacaqdır.Belə ki, 1 il müddətinə təyin edilmiş ünvanlı sosial yardımın başlanğıc tarixinin xx.xx.2024-cü il tarixi olaraq dəyişdirilməsi başa çatma tarixinin də xx.xx.2025-ci il tarixinə dəyişdirilməsinə səbəb olacaqdır. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər Nəticə etibarı ilə hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı və 13 ay müddətində ünvanı sosial yardım tələb etməyə subyektiv hüququ mövcud deyildir.Oxşar inzibati işlə bağlı mövqe Ali Məhkəmənin 2- 1(102)-1383/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da əks olunmuşdur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu : 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 10.1.Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3-cü və 8-ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixindən hər ay üçün 560.00 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə