Məhkəmə qərarları › İş №2-1(116)-2408/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2408/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2408/2023 07.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv və digər sənədlərində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1993-cü ildə könüllülər batalyonuna yazılmış, N saylı hərbi hissədən 1993-cü ilin dekabr ayında N saylı hərbi hissəyə göndərilmişdir. 1994-cü ilin yanvar ayının 13-də yaralanmış, 15 fevraladək müalicə almış, 1994-cü ilin aprel ayının 15-dək ona MHHK tərəfindən 2 aylıq məzuniyyət verilmişdir. Buna baxmayaraq, uşağının qolu yandığına görə hərbi hissəyə geri qayıda bilməmişdir. 1994-cü ilin aprel ayının sonunda hərbi hissəyə qayıtmış, ona hərbi biletinin itdiyi bildirilmiş, 2 gün qaldıqdan sonra isə geri qayıtmış, hərbi biletini 2003-cü ildə hərbi komissarlıqdan götürmüşdür. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-857 nömrəli arayışından görünür ki, N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 60 №-li əmrilə (əsas: yoxlama əmri, səh-34, sıra-8) maddi-təminat taboruna gəlmiş hesab edilərək, siyahılara və bütün növ təminatlara qoyulmuşdur. N №-li hərbi hissənin yaralananların qeydiyyatı kitabında (əsas: xx.xx.1993xx.xx.1994, səh-106, sıra-440) N №-li hərbi hissənin İ MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə “çiyini dəlib keçən güllə yarası” diaqnozu ilə yaralanması və Tərtərə göndərilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində xx.xx.2019-cu il tarixli 9/2-14414 №-li məktubla SHXÇDX-nin Qax rayon bölməsinə cavab göndərilmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-12/2- 30-8589/2023 nömrəli məktubundan görünür ki, Vətəndaş İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N №-li və qeyd olunan son tarixdən xx.xx.1994-cü il tarixədək N №-li hərbi hissələrdə xidmət etməsilə bağlı müəyyən edilmişdir ki. onun barəsində xx.xx.2002-ci il tarixdə Tərtər hərbi prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Tərtər Hərbi Prokurorluğunun xx.xx.2002-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı barəsində cinayət işi başlanması şəraitin dəyişməsi əsası ilə rədd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, cavabdeh orqan olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və X2 üçün Komissiyanı qeyd etsə də, qaldırılmış iddia tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. İddiaçıya verilmiş imtina cavabı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və X2 üçün Komissiyasının katibi tərəfindən imzalandıqdan iddiaçı cavabdeh orqan olaraq sözügedən komissiyanı qeyd etmişdir. lakin, hər bir halda iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də 1994-cü ilin aprel ayından sonra hərbi xidmətinin olmadığını etiraf etmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. İddia tələbinin əsassız olması həm də iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunun xx.xx.2002-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının mövcudluğu ilə bağlıdır. Belə ki, müvafiq qərardan göründüyü kimi iddiaçı xx.xx.1994-cü il tarixdə mərkəzi hərbi hospitala göndərilmiş və nəticədə ona 30 günlük məzuniyyət verilməklə hərbi komissarlığın sərəncamına göndərilmiş, məzuniyyətdən sonra yenidən hərbi hospitala qayıtmalı olduğu halda bir daha qayıtmamışdır. Bununla da İddiaçı əməlində AR CM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır. Sözügedən qərarda şəraitin dəyişməsi nəticəsində İddiaçı törətdiyi həmin cinayət əməlinin və özünün hazırda ictimai təhlükəli olmaması qeyd edilmiş, CM-nin 74-cü, CPMnin 40.2, 40.2.3 (şəraitin dəyişməsi) və 41-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından və barəsində başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyindən cavabdehin “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar