Məhkəmə qərarları › İş №2-1(116)-241/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-241/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-241/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Mahamalar kəndində yerləşən və qanuni istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı qızı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Mahamalar kəndində yerləşən və qanuni istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-241/2024 nömrəli qərardadı ilə Balakən rayonu Mahamalar bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun 13 dekabr 1990-cı il tarixli 06 nömrəli qərarına əsasən, Balakən rayonu Mahamalar kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi qanuni istifadəsinə verilmiş, həmin təsərrüfatda iddiaçı və ailə üzvləri qeydiyyatda olmuşdur. 1990-cı ildən iddiaçının istifadəsində olmaqla torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən Mahamalar kəndi ərazisində yerləşən 0,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN seriyalı 1336 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Dövlət aktının 1336 V planşet nömrəsində qeyd olunan 1559.50 kv.m torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsinə bitişik olmaqla, torpaq sahəsinin ətrafı hasara alınmışdır. Mahamalar bələdiyyəsindən əldə edilmiş məlumata əsasən, bələdiyyə ərazisində yaşayan 120 nəfər kənd sakininə, eləcə də iddiaçıya həyətyanı torpaq sahəsi verilsə də, adlarına mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət sənədləri mövcud olmasa da, arxiv arayışları, təsərrüfatbaşına kitabda saxlanılan məlumatlar və digər arayışlar təsdiq edir ki, mübahisəli torpaq sahəsi onun qanuni istifadəsindədir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, sonuncu 12 aprel 2023-cü il tarixli məktubla iddiaçının xarici vətəndaş olması əsası ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Əshəb oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçıya məxsus ünvan 1 Q.Musabəyov adına kolxozun 3 dekabr 1990-cı il tarixli, 6 nömrəli qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. Ərizələrin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı olan İddiaçı xarici ölkə vətəndaşıdır. Bu səbəbdən ərizələrin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21- 3-47/2-T-0008-8/2023 (**********54) nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-T- 0008/02-8/2023 (**********15) məktublar göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AR-İİ923725№-li, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, iddiaçının vətəndaşlığı – Rusiya Federasiyası qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 292831/m nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayonu Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1990-cı il 6№-li ümumi yığıncaq protokoluna və kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən İddiaçı Əsab oğlunun adının qarşısında 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. - Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı oğlunun istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,08 ha qeyd edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Balakən rayonmu Mahamalar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı oğlu və ailə üzvlərinin (X1, X5 və X3) adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.08 ha torpaq sahəsinin 0.0337 ha hissəsinə ünvan 1 sakini X2 adına JN-876 C KOD 40108018 nömrəli yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün Şəhadətnamə işlənilmişdir. Qalan 0.0463 ha torpaq sahəsi Balakən rayonu, Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində yerləşən ərazidir. Mübahisələndirilən 0.08 ha torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin döngə nöqtələri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 18.09,2023-cü il tarixli mütəxəssis rəyi DWJ məlumatlarına əsasən uyğun tərtib edilərək təqdim edilmişdir. TEKUİS məlumat bazasında sözü gedən 0,08 ha torpaq sahəsinin və digər mülkiyyətçilərin torpaq sahələrinin hər-hansı bir cizgiləri işlənməmişdir. TEKUİS məlumat bazasında mübahisəli 0.08 ha torpaq sahəsi və digər mülkiyyətçilərin torpaq sahələrinin hər-hansı bir cizgisi nəzərə alınmadan bütövlükdə ölçüləri 0,8154 ha olmaqla Balakən rayonu, Mahamalar bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaqlar kimi işlənilmişdir. Torpaq sahəsinin DWJ məlumatlarına əsasən yerləşmə vəziyyəti və TEKUİS məlumat bazasına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli sorğunun 3-cü sualında qeyd olunan JN-876C kod 40108018 nömrəli Şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılaraq çıxarış tərtib edilmişdir. Tərtib edilmiş çıxarış və həmin çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlar iddia olunan 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5), kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1990-cı il 6№-li ümumi yığıncaq protokolu, kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabı və Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabları ilə iddiaçının qanuni istifadəsində 0.08 ha həyətyanı torpaq sahəsinin olması öz əksini tapmışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Balakən rayonmu Mahamalar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında sözügedən torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Sadalanan sənədlər Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3 və 2.5-ci bəndlərinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinin tələbləri baxımından 0iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün birbaşa əsasdır. Cavabdeh orqan ilkin tərtib edilmiş mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin bir hissəsinin DWJ bazasına əsasən digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini bildirsə də, sonradan rəyin məzmununu dəqiqləşdirərək TEKUİS məlumat bazasında mübahisəli 0.08 ha torpaq sahəsinin bütövlükdə ölçüləri 0,8154 ha olmaqla Balakən rayonu, Mahamalar bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaqlar kimi işlənilməsini, əvvəllər üst-üstə düşməsi bildirilən JN-876C kod 40108018 nömrəli Şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılaraq çıxarışın tərtib edilməsini və tərtib edilmiş çıxarış və həmin çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatların iddia olunan 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşməməsini bildirmişdir. Göründüyü kimi hazırda iddia olunan torpaq sahəsi TEKUİS məlumat bazasında Balakən rayonu, Mahamalar bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr olaraq qeyd edilmişdir. İddiaçının xarici ölkə vətəndaşı olması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan hal bütövlükdə müraciətin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, buna görə də mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmadan Rusiya Federasiyasının vətəndaşlığını qəbul etsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində bu hüququ qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin, iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Odur ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ, iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2130/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Mahamalar kəndində yerləşən, iddiaçının istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi üzərində 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar