Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-241/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli,14 nömrəli iclasının qərarına əsasən iddiaçıya qeyri-yaşayış binası tikmək məqsədilə Şəki rayonu, Baş Göynük kəndi ərazisindən mülkiyyətinə verilmiş 72 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli,14 nömrəli iclasının qərarına əsasən iddiaçıya qeyri-yaşayış binası tikmək məqsədilə Şəki rayonu, Baş Göynük kəndi ərazisindən mülkiyyətinə verilmiş 72 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1427/2024 nömrəli qərardadı ilə Şəki rayon Baş Göynük Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Şəki rayon Baş Göynük Bələdiyyəsinə müraciət edərək, qeyri-yaşayış binası tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən onun ərizəsi nəzərə alınaraq, ona qeyri-yaşayış binası tikmək məqsədilə bələdiyyənin prespektiv inkişaf fondundan Şəki rayonu, Baş Göynük kəndi ərazisindən mülkiyyətinə 72 kvadrat metr torpaq sahəsinin satılması və qeyri-yaşayış binəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Həmçinin, iddiaçı satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərərfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Lakin, bunlara baxmayaraq mən uzun müddətdir ki, aldığı və istifadəsində olan 72 kvatrat metr torpaq sahəsi üzrə mülkiyyət hüququnu adına qeydiyyata aldıra bilmir. İddiaçı bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, həmin tələbdən imtina edilmişdir. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, ''Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında1' Əsasnamənin 1-ci bəndinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş ‘Torpaqların alqı-satqısı qaydalan'na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən olunduğundan, torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyə tərəfindən təsdiqlənmədiyindən, həmçinin ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AN 035438 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən 72 kv.m torpaq sahəsi İddiaçı mülkiyətinə verilmişdir.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 3572 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir
4. Şəki RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2008-ci il tarixli, 89/02 nömtəli məktubundan görünür ki, Şöbə 72 kv.m torpaq sahəsinin satılmasına etiraz etməmişdir
5. Torpaqların alqı-satqısına dair Aktlarının surətlərindən görünür ki, Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı 72 kv.m torpaq sahəsi ayrılmışdır.
6. 12.02.2008-cı il tarixli ödəniş qəbzinə əsasən mərhum İddiaçı tərəfindən Şəki rayon Baş Göynük Bələdiyyəsinin hesabına 92 AZN ödəniş edilmişdir.
7. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər.
8. Şəki rayon Baş Göynük Bələdiyyəsinin 21 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Bələdiyyənin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarının arxiv nüsxəsi mövcud deyildir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-4916/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli,14 nömrəli iclasının qərarına əsasən iddiaçıya qeyri-yaşayış binası tikmək məqsədilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən ayrılmış 72 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrində qeydiyyata alınmasından ibarətdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin hüquqi rejimi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin iddiaçı ayrılması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir.Belə ki,iddia ərizəsindən və iş materiallarından görünüdüyü kimi iddia olunan torpaq sahəsi Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı ayrılmışdır.Lakin,həmin qərarın əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın qüvvədə olub-olmamasına dair sorğu ilə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinə müraciət edilmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən sənədlərdən görünür ki, Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 14 nömrəli qərarı qüvvədə deyil.Belə ki, Şəki rayon Baş Göynük Bələdiyyəsinin 13 fevral 2008-ci il tarixli, 2 nömrəli qərarı ilə Bələdiyyənin 30 dekabr 2007-ci il tarixli iclasının 3/1,3/4 və 3/5 nömrəli qərarları ləğv edilmişdir.Hansı ki,iddia olunan torpaq sahəsi də iddiaçıya Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli iclasının 3/5 nömrəli qərarına əsasən satılmışdır.Sonuncu qərarın mübahisələndirilməsi və ya qüvvədən düşməsinə dair hər hansı əsas məhkəmə tərəfindən aşkar edilməmiş,iddiaçı tərəfindən də qərarın mübahisələndirilməsinə dair məlumat təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun : 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Baş Göynük Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli,14 nömrəli iclasının qərarına əsasən iddiaçıya qeyri-yaşayış binası tikmək məqsədilə Şəki rayonu, Baş Göynük kəndi ərazisindən mülkiyyətinə verilmiş 72 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıı” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə