Məhkəmə qərarları › İş №2-1(116)-2410/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2410/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2410/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində soyadına baza alt sistemində düzəliş edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım edilmiş və tələbin dəqiqləşdirilməsi təklif edilmişdir Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2410/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. Yeni şəxsiyyət vəsiqəsi almaq və digər sənədləşmə işləri ilə əlaqədar şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyir. Bununla bağlı, qanun üzrə nümayəndəsi və atası X1 şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, Mingəçevir şəhər Qeydiyyat şöbəsində baza alt sistemində doğum haqqında şəhadətnamədə soyad qrafasında yanılışlığın düzəldilərək, iddiaçıya təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli münasibətində aşağıdakıları qeyd etmişdir: - Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 393 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşaq haqqında məlumat qrafasında uşağın soyadının “Muxtarova” deyil, “Əliyeva" kimi qeyd edildiyi müəyyən edilmişdir. İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə isə soyadı “Əliyeva” deyil, ‘'Muxtarova” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaları”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmçinin vətəndaşa izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, kifayət qədər əsaslar olmadığı üçün İddiaçı soyadına düzəliş edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, o, uzun illər polis əməkdaşı olaraq fəaliyyət göstərmişdir. Şəhadətnamənin tərtib edildiyi dövrdə - 1998-ci ildə hər kəsin istədiyini edirdi, o da, atasının adını (Muxtar) övladına soyad olaraq qeyd edilməsini cavabdeh orqandan xahiş etmiş, bunun əsasında da doğum haqqında şəhadətnamədə qızının soyadı “Muxtarova” qeyd edilmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi idda tələbinə etirazla eyni məzmunlu izahat veərərk iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Muxtarova” kimi qeyd olunmuşdur. - XİX-ЖГ 424126 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə doğulmuşdur. - Vİ-ЖГ 302061 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə X8 ilə X2 arasında nikah bağlanmışdır. - xx.xx.1998-ci il tarixli 393 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ata haqqında məlumat qrafasında- X8, ana haqqında məlumat qrafasında - X6 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. ... 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli 393 nömrəli doğum haqqında akt qeydində soyadının “Əliyevadan” - “Muxtarovaya” düzəliş edilməsinə nail olmaqdır. İddiaçı, sözügedən akt qeydində soyadının “Əliyeva” qeyd edilməsinin səhv olmasını bildirir və cavabdeh orqandan yol verilmiş həmin səhvin aradan qaldırılmasını tələb edir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır. Aidiyyəti şəxslər arasında mübahisə olmadığından hazırkı işə münasibətdə mübahisələndirilən akt qeydinə münasibətdə 2 hal müəyyən edilməlidir:

1. xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Əliyeva” olması barədə qeydin səhv olması sübuta yetirilməlidir.

2. iddiaçının soyadının “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmalıdır. İş materiallarında olan Vİ-ЖГ 302061 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə” ilə müəyyən edilir ki, xx.xx.1993-cü il tarixdə iddiaçının valideynləri X8 ilə X2 arasında nikah bağlanmışdır. Göründüyü kimi onlardan heç birinin soyadı “Muxtarova” olmamışdır. Belə olan halda cavabdeh orqan valideynlərdən – atanın soyadını nəzərə alaraq uşağın soyadı qrafasında “Əliyeva” qeydini icra etmişdir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq uşağa atanın soyadının verilməsi mövcud inzibati praktika ilə də müəyyən olunur. Eyni zamanda X7 İddiaçı bioloji atası olması işin mübahisəsiz halıdır və mübahisə predmeti olmamışdır. Belə olan halda cavabdeh orqan uşağın soyadı qrafasına valideynlərin özlərinin malik olmadığı soyadı qeyd edə bilməzdi. Odur ki, xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Əliyeva” olması barədə qeydin səhv olması sübuta yetirilmir. İddiaçının soyadının “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin “Əliyeva” soyadının düzgün qeyd edilməsinin sübut olunması özlüyündə onu deməyə əsas verir ki, soyadın “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsas ola da bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi doğum haqqında şəhadətnaməyə “Muxtarova” soyadının yazılmasını onunla əsaslandırmışdır ki, atasının adı “Muxtar” olduğundan övladına da atasının adına uyğun olaraq “Muxtarova” soyadının verilməsini cavabdeh orqandan xahiş etmiş, bunun əsasında da “doğum haqqında” şəhadətnamədə müvafiq qeyd aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin akt qeydinin səhv olması müəyyən olunmadığı halda ona dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olması da qeyrimümkündür. İddiaçının nümayəndəsinin şifahi istəyi əsasında “doğum haqqında” şəhadətnamədə “Muxtarova” soyadının qeyd edilməsi isə ilkin akt qeydinin səhv olması qənaətini yaratmır və həmin akt qeydinə dəyişiklik edilməsi üçün kifayət qədər əsas hesab edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdə doğulmuş və onun barəsində doğum akt qeydi xx.xx.1998-ci il tarixdə tərtib edilməklə, həmin tarixdə də “doğum haqqında şəhadətnamə” tərtib edilmişdir. Ailə Məcəlləsinin 54-cü maddəsində uşağın soyadının dəyişdirilməsi zamanı nəzərə alınmalı olan hallar öz əksini tapmışdır ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının soyadında sonradan hər hansı dəyişikliyin edilməsi ilə bağlı icraat aparılmamışdır. Digər tərəfdən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda iddiaçının soyadının ilkin “doğum haqqında akt qeydi”ndə “Əliyeva” qeyd edilməsi səhv olmadığından, iddiaçı, ilkin doğum akt qeydinin tərtibində səhvə yol verilməsi əsasına istinad etməklə cavabdeh orqandan sözügedən akt qeydində “soyad” qrafasına dəyişiklik edilməsini tələb edə bilməz. Məhkəmə əlavə olaraq iddiaçıya izah edir ki, arzuladığı “Muxtarova” soyadına keçmək üçün ilkin akt qeydinə uyğun olaraq doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməlidir. Bundan sonra soyadının “Əliyevadan” – “Muxtarovaya” dəyişdirilməsi üçün soyad dəyişmə qaydasında icraata uyğun olaraq cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar