Məhkəmə qərarları › İş №2-1(116)-2419/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2419/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2419/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “04 may 2024-cü il tarixdə keçirilən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında təqdim edilmiş məntiqi suallarına dair cavab variantlarının hamısını düzgün hesab edilməsini və müvafiq olaraq topladığım balın məqbul hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “04 may 2024-cü il tarixdə keçirilən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında təqdim edilmiş məntiqi suallarına dair cavab variantlarının hamısını düzgün hesab edilməsini və müvafiq olaraq topladığım balın məqbul hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İddiaçı 2023-cü ildə Rusiya Federasiyası Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi Aleksandr Qriqoryeviç və X1 adına Vladimir Dövlət Universitetində hüquq təhsilini bitirmiş və həmin universitet tərəfindən ona xx.xx.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir. Bildiyimiz kimi xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarına əsasən hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üçün imtahan verməli olduğundan sözügedən diplomun Azərbaycan Respublikasında tanınması üçün X4 tərəfindən 04 may 2024-cü il tarixdə keçirilən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında iştirak etmişdir. Qaydalara əsasən imtahanda 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur. İştirak etdiyi imtahanda 14 bal toplamış və verilən baldan narazı qalmışdır. Belə ki, həmin imtahanda təqdim olunan sahə üzrə bacarıq və səriştələri yoxlayan test sualları DİM tərəfindən 28 iyul 2023-cü il tarixdə elan olunmuş test nümunələrinə (proqramına) uyğun tərtib edilməmişdir. https://dim.qov.az/news/11514/ Bununla bağlı xüsusi olaraq qeyd edirəm ki, hazırda yuxarıda qeyd olunan keçid linkində, yəni X3 rəsmi internet səhifəsində "peşə tanınması" imtahanı üçün 28 iyul 2023cü il tarixdə elan olunmuş sahə üzrə bacarıq və səriştələri yoxlayan test nümunələri (proqramı) 04 may 2024-cü il tarixdə keçirilən peşə tanınması imtahanından sonra 2024cü ilin təxminən 10-17 may tarix aralığında dəyişdirilmiş, yenisi ilə əvəz olunmuşdur. 04 may 2024-cü il tarixdə keçirilən mübahisələndirdiyim suallara nəzər yetirsək görərik ki, həmin suallar bacarıq və səriştələri yoxlayan deyil, sırf məntiq imtahanı xarakterli imtahanlarda təqdim edilən suallardır. İmtahandan 3 gün qabaq, yəni 01 may 2024-cü il tarixdə, saat 15:22- də iddiaçının istifadəsində olan mobil nömrəyə sms bildiriş göndərilmişdir ki, həmin bildirişdə əks olunan linkə keçid aldıqda, saytda həm buraxılış vərəqəsi, həm də yaddaş kitabçası əlavə edilmişdir. Adıçəkilən həmin yaddaş kitabçasında qeyd edilmişdir ki; İmtahanda yoxlanan bilik sahələri üzrə tapşırıqlar aşağıda göstərilən ardıcıllıqla təqdim edilir: - İxtisas bilikləri üzrə tapşırıqlar - 1 -20; - Ümumpeşə bilikləri üzrə tapşırıqlar - 21-25; - Situasiya mühakimə bacarıqları üzrə tapşırıqlar - 26-30. Göründüyü kimi hətta iddiaçıya ünvanlanan yaddaş kitabçasında da 04 may 2024-cü il tarixində keçirilən imtahanda məntiq suallarının olması qeyd edilməmişdir. İmtahana hansı səbəbdən məntiq suallarının salınması və nə üçün əvvəlcədən imtahanda iştirak edəcək şəxsə məlumatın verilməməsi ilə bağlı 06 may 2024-cü il tarixdə DİM-in 1653 nömrəli qaynar xətti ilə əlaqə saxladığı zaman, Mərkəzin əməkdaşı tərəfindən bildirilmişdir ki, 23 aprel 2024-cü il tarixdə DİM-in https://dim.gov.az/news/13137/ rəsmi internet səhifəsində 04 may 2024-cü il tarixdə keçiriləcək imtahanda məntiq suallarının da olacağı barədə məlumat paylaşılmışdır. X4 publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.5-ci bəndinə əsasən öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək DİM-in əsas vəzifələrindəndir. Qeyd edilir ki, imtahanda məntiq suallarının da olacağı barədə 23 aprel 2024-cü il tarixdə şəxsi kabinetinə və yaxud telefon vasitəsi ilə məlumat verilsəydi belə, yəni 23 apreldən məlumatlı olsaydı belə, 23 apreldən 04 may tarixinədək 11 gün ərzində məntiq suallarına uyğun materiaları axtarıb tapmağı və hazırlaşmağı hansı məntiqə uyğundur? Əgər imtahandan 11 gün əvvəl imtahanda məntiq suallarının da olacağı sadəcə DİMin internet səhifəsində elan edilirsə və imtahanda iştirak etdiyi tarixədək məlumatsızlığı (elandan sonra dəyişiklik edildiyi üçün imtahanda iştirak edəcək şəxs olaraq “şəxsi kabinetim’’ə bu barədə məlumat verilmədiyi səbəbindən) ya da məlumatı olsa belə hazırlaşmaq üçün nəzərdə tutulan müddətin azlığı baxımından yeni qaydaların bu imtahana tətbiq edilməməsini, əgər bu imtahanda tətbiq ediləcəyi təqdirdə də imtahandan sonrakı tarixlərdə hüquqşünaslıq ixtisası üzrə “sahələr üzrə bacarıq və səriştələri yoxlayan test tapşırığı nümunələrinin dəyişdirilib yenisi əlavə edildiyini nəzərə alarsaq, deməli konkret halda, həmin məntiq sualları tam şəkildə mənim xeyrimə məqbul hesab edilməlidir. Bununla bağlı 07 may 2024-cü il tarixdə DİM-in apellyasiya şurasına tərəfimdən rəsmi şikayət ərizəsi göndərilmiş və cavab olaraq 23 may 2024-cü il tarixdə poçt ünvanıma DİM tərəfindən imtina məktubu göndərilmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Yaddaş kitabçasının surəti.

3. Ödəniş qəbzinin surəti.

4. Sahə üzrə bacarıq və səriştələri yoxlayan test nümunələrinin köhnə versiyası.

5. Sahə üzrə bacarıq və səriştələri yoxlayan test nümunələrinin yeni versiyası.

6. X3 poçt ünvanıma göndərmiş olduqları imtina məktubu.

7. Situasiya mühakimə bacarıqları proqramı.

8. Situsiya tipli test tapşırıqları.

9. Məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı .

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında əldə etdiyi nəticənin məqbul hesab edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki,iddiaçının mübahisələndirmiş olduğu hal nail olmaq istədiyi hüquq nəticəyə uyğun deyildir.Belə ki,iddiaçı imtahanın keçirilməsi qaydalarının pozulduğunu iddia etdiyi halda hazırkı iddia tələbi imtahan nəticəsininin “məqbul” hesab edilməsi ilə bağlıdır.Məhkəmə iddia tələbi və iddianın mahiyyəti üzrə baxılmasının mümkünlüyü ilə əlaqədar qeyd edir ki,imtahan nəticəsinin qiymətləndirilməsi yalnız müvafiq Qaydalar əsasında mümkündür.Bu Qaydalar isə iddiaçının imtahan mərhələsinin test sualları əsasında elektron qaydada qiymətləndirilir.İmtahanın keçirilməsinə dair “yaddaş kitabçası”ndan görünür ki,imtahan sualları bütün imtahan iştirakçılarına münasibətdə eynilik təşkil etmişdir.Yəni,imtahanın keçirilməsi proseduruna riayət edilmiş, situsiya tipli test tapşırıqları və məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları eyni olmaqla, bütün iştirakçılara münasibətdə bərabərlik prinsipi təmin edilmişdir.İndiki iddia tələbi çərçivəsində iddiaçının müvafiq imtahan qaydalarının mübahisələndirilməsi üçün subyektiv hüququnun olması istisna edilir.Digər tərəfdən iddiaçının həmin imtahan nəticəsində müvaffəqiyyət qazanmaması onun yenidən imtahan vermək hüququnu məhdudlaşdırmır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “04 may 2024-cü il tarixli xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında təqdim edilmiş məntiqi suallarına dair cavab variantlarının hamısını düzgün hesab edilməsini və müvafiq olaraq topladığım balın məqbul hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar