Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-242/2020 22.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı “JN-321H seriyalı, kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin, JN-321D seriyalı, kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin, JN-316H seriyalı kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin və JN-304H seriyalı kod 40726028“ Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,075 ha torpaq sahəsinin, həmçinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 347 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İsmayıllı rayonu üzrə Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş İsmayıllı rayonu Tircan kənd İƏD Zərgəran kəndində yerləşən 03 (üç) otaqdan ibarət ümumi sahəsi 136,2 kv.metr olan fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, JN-321H Kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002ci il tarixli 4-Ə-1-109 saylı alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsi, JN-321D Kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4-Ə-1-110 saylı alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsi, JN-316H Kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli 3m- 3249 saylı alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsi və JN-304H Kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İsmayıllı rayonu Bizlan Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə 0.075 ha torpaq sahələri İddiaçı satılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 347 nömrəli X2 rayonu Tircan kənd İƏD Zərgəran kəndində yerləşən 03 (üç) otaqdan ibarət yaşayış evi: yaşayış sahəsi - 56.5kv.m, köməkçi sahəsi -79.7 kv.m, ümumi sahəsi 136.2 kv.metr olmaqla İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan sənədlərə əsasən cavabdeh orqan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət edərək İsmayıllı rayonu Zərgəran kəndində yerləşən 0.06 ha, 0.06 ha, 0.06 ha və 0.075 ha torpaq sahələrinə, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. Lakin cavabdeh orqan əmlakların qeydiyyata alınaraq çıxarış verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında orqan tərəfindən ərazidə çöl ölçmə və texniki inventarlaşma işləri aparılmışdır. Əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə edilərək araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən şəhadətnamələr İsmayıllı rayonu, Zərgəran kəndində olmaqla tamamilə ayrı-ayrı ərazilərdə yerləşir və faktiki istifadədə olan torpaq sahəsinin şəhadətnamələrdə göstərilən torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında faktiki istifadədə olan torpaq sahəsi Dövlət Meşə Fonduna aid torpaq sahələri kimi öz əksini tapmışdır. Eyni zamandə qeyd edilir ki, təqdim olunan şəhadətnamələrdən JN-321 D saylı şəhadətnamənin arxivdə saxlanılmalı olan nüsxəsi arxivdə mövcud deyil, şəhadətnamələrin qeydiyyat kitabında və Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında JN-321 D saylı şəhadətnamə öz əksini tapmamışdır. JN-304 H, JN 316 H və JN-321 D saylı şəhadətnamələrin arxivdə saxlanılmalı olan nüsxəsi arxivdə mövcuddur, şəhadətnamələrin qeydiyyat kitabında JN-304 H, JN 316 H və JN-321 D saylı şəhadətnamələr öz əksini tapmışdır. X11 mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Fərdi yaşayış evinə dair təqdim edilən qeydiyyat vəsiqəsi və texniki pasportun da arxivdə saxlanılmalı olan nüsxəsi arxivdə mövcud deyil və qeydiyyat kitablarında müvafiq qeydiyyat yoxdur. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. Cavabdeh etirazında iddiaçının müraciətindən imtina olunması barədə məktubunda qeyd edilənləri qeyd etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan JN-304H kod 40726028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.075 haBizlan bələdiyyəsinin kəndətrafı örüş torpaq sahəsi bağçılıq məqsədi ilə İsmayıllı rayon Bizlan bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı Qərarı ilə Bakı şəhər sakini X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-321D kod 40726028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki,Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4Ə-1-110 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.06 ha Bizlan bələdiyyəsinin kəndətrafı örüş torpaq sahəsi bağçılıq məqsədi ilə Bakı şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-316H kod 40726028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli 3m-3249 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.06 ha Bizlan bələdiyyəsinin kəndətrafı örüş torpaq sahəsi bağçılıq məqsədi ilə Bakı şəhər sakini X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-321H kod 40726028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4Ə-1-109 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.06 ha Bizlan bələdiyyəsinin kəndətrafı örüş torpaq sahəsi bağçılıq məqsədi ilə Bakı şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 347 nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Zərgəran kəndində yerləşən 03 (üç) otaqdan ibarət ümumi sahəsi 136,2 kv.metr olan fərdi yaşayış evi İsmayıllı RİHB-nin xx.xx.2003-cü il tarixli 17/1 saylı Sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********38 nömrəli məktubu və ona əlavə edilmiş İsmayıllı rayonu, Zərgəran kəndində yerləşən X3 faktiki istifadəsində və təqdim etdiyi şəhadətnamələrə əsasən mülkiyyətində olan torpaq sahələrinin “Ortofoto” görüntüsündən də müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq səhəsi ilə təqdim etdiyi Şəhadətnamələrdəki torpaq sahələri tamamilə ayrıayrı ərazilərdə yerləşir və faktiki istifadədə olan torpaq sahəsinin şəhadətnamələrdə göstərilən torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********77 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri xx xxx 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada X6 Tədqiqat Mərkəzinin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. İddiaçı adına verilmiş torpaq sahələri (JN-316 H, JN-304 H) mərkəzin elektron bazasında, İsmayıllı rayonu keçmiş Bakı Fəhləsi adına təsərrüfatın islahat xəritəsində kənd təsərüfatı təyinatlı örüş kimi qeyd olunmuşdur. JN-321 D və JN- 321 H nömrəli şəhadətnamələr barədə Mərkəzin elektron məlumat bazasında məlumat yoxdur. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı JN 321 H (kod 40726028) və JN 321 D (kod 40726028) nömrəli torpaq mülkiyyəti şəhadətnamələrinin işlənməsinə əsas olmuş sənədlər X6 Tədqiqat Mərkəzinin arxivində mövcuddur.
2. İddiaçı faktiki istifadəsində olan 0.406 ha torpaq sahəsi Dövlət Meşə Fonduna aid torpaqlarda yerləşir.
İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********98 nömrəli imtina məktubu, JN-321H, JN-321D, JN-316H, JN-304H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin təsdiq edilmiş surətləri, 347 nömrəli “Qeydiyyat vəsiqəsi” və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2019cu il tarixli **********44 nömrəli etiraz məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********38 nömrəli məktubu və ona əlavə edilmiş torpaq sahələrinin “Ortofoto” görüntüsü, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********77 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki istifadəsində olan və faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi Dövlət Meşə Fonduna aiddir. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. (1-5-ci bəndlər) Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı “JN-321H seriyalı, kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin, JN-321D seriyalı, kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin, JN-316H seriyalı kod 40726028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,06 ha torpaq sahəsinin və JN-304H seriyalı kod 40726028“ Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,075 ha torpaq sahəsinin, həmçinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 347 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İsmayıllı rayonu üzrə Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş İsmayıllı rayonu Tircan kənd İƏD Zərgəran kəndində yerləşən 03 (üç) otaqdan ibarət ümumi sahəsi 136,2 kv.metr olan fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 128 manat 14 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X4 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov