Məhkəmə qərarları › İş №2-1(116)-242/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-242/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-242/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X6) “Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ümumi-birgə mülkiyyət hüququ əsasında ailəsinin mülkiyyətinə verilmiş 1.72 ha torpaq sahəsinə dair qeydiyyat sənədlərinin səhv olaraq 3-cü şəxslərin adına işlənməsi ilə həmin şəxslərin adına verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi və həmin torpaq sahəsinin qeydiyyat sənədlərinin onun adına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı üçüncü şəxslər: X10, X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ümumi-birgə mülkiyyət hüququ əsasında ailəsinin mülkiyyətinə verilmiş 1.72 ha torpaq sahəsinə dair qeydiyyat sənədlərinin səhv olaraq 3-cü şəxslərin adına işlənməsi ilə həmin şəxslərin adına verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi və həmin torpaq sahəsinin qeydiyyat sənədlərinin onun adına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 21.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayon AİK-nın qərarı ilə iddiaçının ailəsinin beş üzvünün mülkiyyətinə Zaqatala rayon Bəhmətli kəndinin “qazmalar” çölündə 1.72 ha torpaq payı verilmişdir. Torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə 1996-cı ildə təhkim edilmiş və həmin torpaq sahəsi 24 ilə yaxın bir müddət ərzində onların istifadəsində olmuş və ailə torpaq sahəsinin vergilərini ödəmişdir. Torpaq sahəsi ilə əlaqədar iddiaçı ilə digər hər hansı bir kənar şəxs arasında indiyədək heç bir mübahisə olmamışdır. İddiaçı sözügedən torpaq sahəsində 110 topa fındıq ağacı əkmişdir. İddiaçı torpaq sahəsinə dair sənədlərin tərtib edilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ona məlum olmuşdur ki, istifadəsində olan torpaq sahəsi X7 mülkiyyətinə işlənmiş və bununla bağlı M.Mehtizadənin adına plan-ölçü sənədi tərtib edilmişdir. İddiaçı digər şəxslərin adına işlənmiş sənədlərin ləğv edilərək, onun adına torpaq sahəsinə dair sənədlərin hazırlanmasına köməklik göstərilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 28.08.2020-ci il tarixli, **********87 nömrəli imtina məktubunda qeyd etmişdir ki, başqa vətəndaşların adına rəsmiləşdirilmiş müvafiq sənədlərin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 23.10.2020-ci il tarixli, **********86 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı özünün istifadəsində olan torpaq sahəsinə dair digər şəxslərin adına işlənmiş qeydiyyat sənədlərini ləğv edərək həmin torpaq sahəsinə öz adına qeydiyyat sənədlərinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan məsələnin ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ona 28.08.2020-ci il tarixli, **********87 nömrəli məktub göndərilmişdir. İddia ərizəsi ilə bağlı məlumat verirlər ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə (5 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmişdir. Həmin torpaq sahəsinə Ləğv edilmiş DTXK tərəfindən AN 435082 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlər reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Zaqatala rayon Bəhmətli bələdiyyəsinin iddiaçıya verdiyi 13.08.2020-ci il tarixli, 159 nömrəli arayışında qeyd edilir ki, 1996-cı ildə islahatlar aparılan zaman qazmalar çölündə 1.72 ha əkin sahəsi pay torpağı kimi iddiaçıya verilmişdir. Həmin sahənin 0.82 hektarında fındıq topaları əkilmişdir. Həmin fındıq sahəsini həqiqətən iddiaçı özü yetişdirmişdir. Sözügedən sahəyə çıxarış aldıqdan sonra sahənin başqa şəxslərin adına işləndiyi məlum olmuşdur. İş materiallarında olan 19.12.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, 1.7212 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və cəmi 5 nəfər olmaqla ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 128833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 8425.31 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. İş materiallarında olan A seriyalı 129833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 935.99 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. İş materiallarında olan A seriyalı 129862 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 1405.86 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. İş materiallarında olan A seriyalı 434274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 15599 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 verilmişdir. İş materiallarında olan A seriyalı 129965 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 3614.93 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. İş materiallarında olan A seriyalı 118219 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 2312.86 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 verilmişdir. İş materiallarında olan A seriyalı 434277 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 14698 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 verilmişdir. İş materiallarında olan A seriyalı 129788 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 1399.07 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. Bununla bağlı İddiaçı adına 20.05.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən 0.1399 ha torpaq sahəsi cəmi 5 nəfərin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 118196 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə 699.42 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. Bununla bağlı İddiaçı adına 06.08.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən 0.0699 ha torpaq sahəsi cəmi 5 nəfərin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 435082 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 17212 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. Bununla bağlı İddiaçı adına 19.12.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən 1.7212 ha torpaq sahəsi cəmi 5 nəfərin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 129683 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-c il tarixli, 38 nömrəli qərarı ilə 3592.3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. İş materiallarında olan A seriyalı 128523 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 18.07.1996-c il tarixli, 38 nömrəli qərarı ilə 1284.18 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.04.2021-ci il tarixli, **********96 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 0.6997 hektardır və həmin naturada istifadəsində olan 0.6997 ha torpaq sahəsinin 0.1160 ha hissəi X5 adına DƏDRX-nin tərtib etdiyi **********54 reyestr nömrəli çıxarışda göstərilən 1.50 hektar torpaq sahəsinin hüdudları daxilində, qalan 0.0960 ha hissəsi isə X3 adına DƏDRX-nin tərtib etdiyi **********44 reyestr nömrəli çıxarışda göstərilən 1.5599 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Üst-üstə düşən hissələrin korrdinatları və sahəsi tərtib edilmiş sxem 1, 2 və 3-də göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X10 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı iddia ərizəsində Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə kəntdə islahat aparılan zamanı ona və ailə üzvlərinə Zaqatala rayon Bəhmətli kəndinin “qazmalar” çölündə 1.72 ha torpaq sahəsinin verildiyini qeyd etmiş, lakin ona bununla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan torpaq sahəsinə dair tərtib olunmuş sənədlərin ləğv olunması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İş materialları və ona əlavə edilən mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 0.6997 hektardır və həmin naturada istifadəsində olan 0.6997 ha torpaq sahəsinin 0.1160 ha hissəi X5 adına DƏDRX-nin tərtib etdiyi **********54 reyestr nömrəli çıxarışda göstərilən 1.50 hektar torpaq sahəsinin hüdudları daxilində, qalan 0.0960 ha hissəsi isə X3 adına DƏDRX-nin tərtib etdiyi **********44 reyestr nömrəli çıxarışda göstərilən 1.5599 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçının qeyd etdiyi kimi həmin torpaq sahəsinə dair X7 adına plan ölçü sənədi tərtib edilməmişdir. Rəyə əlavə olunan sxemdən də göründüyü kimi iddiaçının sənəd üzrə 1.72 ha torpaq sahəsi onun naturada istifadə etdiyi sahədən kənarda yerləşir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin müəyyən qismi əslində dövlət reyestrində digər şəxslərin adına qeydiyyata alınmışdır. İddiaçı isə həmin torpaq sahəsinin ona verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməsi onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas vermir. İddiaçı naturada istifadə etdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədləri təqdim etməmiş və həmin sənədlərin olması məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X6) “Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ümumi-birgə mülkiyyət hüququ əsasında ailəsinin mülkiyyətinə verilmiş 1.72 ha torpaq sahəsinə dair qeydiyyat sənədlərinin səhv olaraq 3-cü şəxslərin adına işlənməsi ilə həmin şəxslərin adına verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi və həmin torpaq sahəsinin qeydiyyat sənədlərinin onun adına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X12 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar