Məhkəmə qərarları › İş №2-1(116)-242/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-242/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-242/2023 10.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “birinci dərəcəli əlil kimi mənzil növbəsinə götürülməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “birinci dərəcəli əlil kimi mənzil növbəsinə götürülməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində göstərmişdir ki, o, xx xxxxxxx 1962-ci ildə Balakən rayonunun Qəsəbə kəndində anadan olmuşdur. 1990-cı ildə X1 ilə faktiki olaraq ailə qurmuş və nikahlarını 11 iyun 1996-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 01 iyul 1991-ci ildə Abdulla adlı uşaqları doğulmuşdur. Ermənilərin Azərbaycan Respublikasına qarşı hücumu nəticəsində o da torpaqların müdafiəsinə qalxmış və 1993-cü ilin noyabr ayında müharibəyə yollanmışdır. O, 08 fevral 1994-cü ildə Kəlbəcər rayonunun işğalçılardan azad olunması istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Kəlbəcərin ermənilərdən azad olunması istiqamətində gedən döyüşlər zamanı yaralanmış və İ qrup müharibə əlilidir. Hazırda o, qardaşına məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 74/1 saylı evin 23 saylı mənzilində yaşayır. Qardaşı isə həmin mənzildən çıxmağını tələb edir. Onların başqa yaşamağa yerləri yoxdur. Elə buna görə də o, Cavabdehnə müraciət edərək İ dərəcəli əlil kimi mənzil növbəliyinə alınmağını xahiş etmişdir. Lakin, cavabdeh 04 aprel 2022-ci il tarixli imtina məktubunda onun yaşadığı və qeydiyyatda olduğu mənzildə adambaşına düşən yaşayış sahəsinin 9 kv.metrdən çox olduğu qeyd olunmuş və onun mənzil növbəliyinə alınmağı üçün qanuni əsas olmadığı göstərilmişdir. Lakin o, bununla razı deyiləm. Onun və ailə üzvlərinin adına daşınmaz əmlak mövcud deyildir. Eyni zamanda da başqa yaşamağa yerləri yoxdur. Digər tərəfdən isə onun qardaşının evində qeydiyyatda olmağı həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas deyildir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, vətəndaş İddiaçı iddia tələbini əsassız hesab edirik. Vətəndaş İddiaçı Cavabdehnə 02 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək 1-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi mənzil növbəliliyinə alınmasını xahiş etmişdir. Onun ərizəsi və mənzil növbəliliyinə götürülməsi üçün təqdim etdiyi sənədlər şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən mənzil növbəliliyi komissiyasının 28 mart 2022-ci il tarixli iclasında baxılmış və müəyyən edilmişdir ki, onun və ailə üzvlərinin yaşadıqları və qeydiyyatda olduqları mənzil üç otaqlıdır, ümumi sahəsi 63,2 kv.metr, yaşayış sahəsi 47,31 kv.metrdir. Mənzildə yalnız İddiaçı və onun 4 (dörd) nəfər ailə üzvü yaşayırlar. “Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və Sosial Müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən 1-ci dərəcəli əlillər, eləcə də 2-ci və 3-cü dərəcəli müharibə əlilləri yaşadıqları və qeydiyyatda olduqları mənzildə adambaşına düşən yaşayış sahəsi 9 kv.metr və ya 9 kv metrdən az olduqda mənzil növbəliliyinə götürülürlər. İddiaçı yaşadığı və qeydiyyatda olduğu mənzildə adambaşına 9 kv.metrdən çox yaşayış sahəsi düşdüyü üçün onun mənzil növbəliliyinə alınmasına komissiya müsbət rəy verməmişdir. Müraciəti ilə bağlı İddiaçı ünvanına 578 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir.Qeyd olunanları əsasən İddiaçı iddia tələbini əsassız hesab edir və Məhkəmədən təmin olunmamasını xahiş edirik. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - DSMF-nun verdiyi 025491 nömrəli vəsiqədən görünür ki,iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olaraq ömürlük İ qrup əlillik verilmişdir. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki,iddiaçının yaşadığı ümumi sahəsi 63.20 kv. metr olan ünvan 1 X2 adına qeydiyyatdadır. - Mingəçevir şəhəri 4 nömrəli MİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı və dörd nəfərdən ibarət ailə üzvləri ünvan 1 ünvanında qeydiyyatdadır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, ünvan 1 üzərində Akif Qlazunovun tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin mənzildən heç bir şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əsaslandırma hissəsi : İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 19-cu maddəsinə əsasən Konvensiyanın iştirakçısı olan dövlətlər bütün əlilliyi olan şəxslərin, digər insanlarla bərabər səviyyədə seçim imkanı olmaqla, daimi yaşayış yerlərində yaşamaq hüququnu tanıyır və onların bu hüququnun tam həyata keçirilməsinə və yerli icmalara tam daxil və cəlb olunmasına kömək etmək, habelə aşağıdakıları təmin etmək üçün səmərəli və lazımi tədbirlər görürlər ki : a) əlilliyi olan şəxslər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar; b) əlilliyi olan şəxslər, yerli icmada həyatının dəstəklənməsi və ona daxil olmaq üçün zəruri olan fərdi yardımlar da daxil olmaqla, evdə, yaşayış yeri üzrə göstərilən müxtəlif növ xidmətlərdən və digər köməkçi xidmətlərdən istifadə etmək imkanına malik olsunlar, habelə onların cəmiyyətdən təcrid olunmasına və ya seqreqasiyasına yol verilməsin; c) ümumilikdə bütün əhali üçün nəzərdə tutulan xidmətlərdən və kollektiv istifadə obyektlərindən əlilliyi olan şəxslərin də bərabər dərəcədə istifadə imkanı olsun və bu, onların ehtiyaclarına cavab versin. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1.-ci maddəsində qeyd edilmişdir ki, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.3. Bələdiyyə mənzil fonduna münasibətdə ayrılma norması müvafiq bələdiyyə ərazisində nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bələdiyyə tərəfindən müəyyən edilən ayrılma norması bu Məcəllənin 49.2-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən ayrılma normasından az ola bilməz. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli,459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının İ dərəcə əlil kimi mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının İ dərəcə əlil olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı - iddiaçının mənzil uçotuna alınmamasının əsası - onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməməsi olmuşdur. Belə ki, cavabdehin iddia tələbinə etirazının əsası onunla bağlıdır ki, iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 47.31 kv.m sahəsi olan mənzildə yaşayır, buna görə də mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, o cümlədən imtiyazlı şəxs sayılmır. İddiaçı isə bununla razılaşmır və mövqeyini onunla əsaslandırır ki, o, müharibə veteranıdır və qanunvericiliyin tələbinə görə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imtiyazlara malikdir. Bundan başqa yaşadığı ev qardaşınındır, ona məxsus deyil. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Cavabdehin öz etirazını əsaslandırdığı və adambaşına düşən yaşayış sahəsi normasının 9 kv.m olduğunu istinad etdiyi “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun xx.xx.2018-ci il tarixində ləğv edilmişdir.İş materiallarından müəyyən olunur ki,iddiaçı və ailə üzvlərinin faktiki yaşadığı mənzil X2 mülkiyyətində olmaqla ümumi sahəsi 63,2 kv.m,yaşayış sahəsi 47,31 kv.metrdir.Həmin ünvanda İddiaçı və dörd nəfər ailə üzvü ( arvadı,oğlu,qızı və nəvəsi) olmaqla beş nəfərlik ailə yaşayır.Hazırkı yaşayış sahəsinin ayrılma norması 16 kv.m olduğundan beş nəfərlik ailə üçün yaşayış norması 80 kv.m nəzərdə tutulmuşdur.Həmçinin iddiaçının yaşadığı mənzil qardaşına məxsusdur və o ailə üzvləri ilə birlikdə həmin mənzildə müvəqqəti yaşayır. Qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində qeyd olunur ki, Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Mənzil sahəsi normasından artıq yaşayış sahəsi həmin sahə bir otaqdan (birotaqlı mənzildən) ibarət olduqda, yaxud müxtəlif cinsdən olan şəxslər üçün ayrıldıqda (42-ci maddənin birinci hissəsi), habelə bu Məcəllənin 43-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallarda verilə bilər. Vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa, ayrıca otaq şəklində və ya on kvadratmetr ölçüsündə əlavə mənzil sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş vətəndaşlar üçün, habelə işinin şəraitinə və xarakterinə görə belə sahə alması zəruri olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq əlavə mənzil sahəsinin verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququna malik kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı birinci dərəcəli əlil kimi mənzil növbəsinə götürülməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar