Məhkəmə qərarları › İş №2-1(116)-2422/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2422/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2422/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçıya 2016-cı ildə “qulluq və davranış tələb edən ciddi davranış poxuntusu, debillik dərəcəsində ağıl zəifliyi, psixopatiyabənzər davranış” diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən olunmuş, xx.xx.2023-cü il tarixdə müayinə edilmədən diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina cavabı verilmişdir. İddiaçı bildirir ki, cavabdeh orqanın 18 sentyabr 2023-cü il tarixli imtina məktubunu dekabr ayında əldə etmişdir. Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli e-2-1(114)-2032/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı, ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərəfindən iddiaçıya əlillik təyinatının aparılması ilə bağlı toplanmış icraat materialları cavabdeh orqandan sorğu edilərək götürülmüş və müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş. Növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Yəni, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi tarix - xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin başa çatma tarixidir. Bununla belə nəzərə alınmalıdır ki, əlilliyin təyin edilməsi üçün ilk növbədə səhiyyə müəssisəsi tərəfindən tibbi göndəriş tərtib olunmalı, daha sonra isə müvafiq qaydada qiymətləndirilməsi üçün cavabdeh orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göründüyü kimi iddiaçı, faktiki olaraq xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitmə tarixinə istinad edərək ona əlilliyin təyin edilməsini cavabdeh orqandan tələb etsə də, həmin tarixdə onun barəsində səhiyyə müəssisəsi tərəfindən tibbi göndərişin cavabdeh orqana göndərilməsi müəyyən edilmir. 2016-2021-ci illər üzrə təyin edilmiş əlillik zamanı növbəti müayinə tarixinin xx.xx.2021-ci il qeyd edilməsinə münasibətdə isə məhkəmə izah edir ki, növbəti müayinə tarixi barədə qeyd şəxsin əlil hesab edildiyi müddət intervalını ehtiva etməklə həmin müddət ərzində şəxsin əlillik statusunda olmasını və göstərilən tarixdən tez müayinəyə cəlb olunmasının mümkünsüzlüyünü bildirir. Yəni, əlillik müddətinin başa çatması cavabdeh orqanın avtomatik qaydada əvvəllər təyin edilmiş əlillik üzrə yenidən qiymətləndirmə aparmaq öhdəliyini yaratmır. Yuxarıda qeyd edildiyi kimi bunun üçün səhiyyə müəssisəsi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin daxil edilməsi zəruridir. İş materiallarından görünür ki, iddiaçının əlillik müddəti başa çatdıqdan sonra (xx.xx.2021) növbəti dəfə onun barəsində tibbi göndəriş səhiyyə müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh orqana göndərilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir. Daha sonra səhiyyə müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2021-ci il tarixdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-ci il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2023-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-ci il tarixdə cavabdeh orqana sonuncu tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2023-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verilmişdir. Beləliklə əlillik müddəti başa çatdıqdan sonra cavabdeh orqan ilk imtina cavabı xx.xx.2021-ci ilə, sonuncu imtina cavabı isə xx.xx.2023-cü ilə aid olmuşdur. İddia tələbində göstərilən tarixə (xx.xx.2021) münasibətdə isə hər hansı imtina cavabı verilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hətta əlilliyin xx.xx.2021, yaxud xx.xx.2023-cü il tarixdən təyin edilməsi tələbi irəli sürülsə belə iddia tələbi yenə də mümkün şərtlərinə cavab verməyəcəkdi. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. İddiaçı, faktiki olaraq ona imtina cavabı verilməsindən məlumatlı olmuş və ardıcıl olaraq səhiyyə müəssisəsinə müraciət edərək müvafiq tibbi göndərişlərin cavabehə göndərilməsinə nail olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, faktiki olaraq o, cavabdeh orqanın ona əlilliyin təyin edilməsindən imtina etməsindən məlumatlı idi. Yuxarıda qeyd edildiyi kimi iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi. Odur ki, xx.xx.2021-ci il tarixdə verilmiş imtina cavabından iddiaçının məlumatsız olması işin yuxarıda göstərilən halları ilə təkzib olunur. xx.xx.2023-cü il tarixli imtina cavabına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı, müvafiq imtina cavabını 2023-cü ilin dekabr ayında əldə etməsini əsaslandırmağa çalışsa da, nəzərə alınmalıdır ki, tibbi göndərişin cavabdeh orqana göndərilməsindən sonra iddiaçının ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanmaması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 7 aydan artıq müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar