Məhkəmə qərarları › İş №2-1(116)-243/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-243/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-243/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Dövlət Notariat kontorunun 22 noyabr 2004-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən iddiaçı Qax şəhəri Gənclik massivində 500 kv.m torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax rayon Dövlət Notariat kontorunun 22 noyabr 2004-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən iddiaçı Qax şəhəri Gənclik massivində 500 kv.m torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-3569/2024 nömrəli qərardadı ilə Əfəndiyeva (Smith) Səmayə Şakir qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Qax rayon Dövlət Notariat kontorunun 22 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Qax şəhəri Gənclik massivində 500 km torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini X1 almışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinə çıxarış alımaq istəyir. Lakin cavabdeh orqan əsassız olaraq bundan imtina edir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsində yarımçıq tikilinin satılmasını əsas gətirir. Eyni zamanda torpaq sahəsinin X5 adına plan ölçü sənədinin işlənməsini göstərir. Lakin məlum olduğu kimi iddiaçı həmin torpaq sahəsini 2004-cü ildə satın almışdır. 2004-cü ildə torpaqların satılması qaydası tam başqa formada olmuş və torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı cavabdehə müraciət edərək yuxarıda qeyd olunan torpaq sahəsinə və tikiliyə alqı-satqı müqaviləsi əsasında hüquqi sənəd verilməsi üçün 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki,ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zaman sözügedən torpaq sahəsinin Qax rayon xalq deputatları soveti icraiyyə komitəsinin 27 avqust 1993-cü il tarixli 40/2 saylı ümumi yığıncağının qərarına əsasən Qax şəhər sakini X6 ayrıldığı, lakin X8 qeyd olunan torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmədən həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini Qax rayon Dövlət notariat kontorunda bağlanmış 22 noyabr 2004-cü il tarixli, 230732 №-li, 4Ə-361 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qax rayonunun İlisu kəndində yaşayan İddiaçı satdığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan başqa, Qax rayon Dövlət notariat kontorunda bağlanmış 22 noyabr 2004cü il tarixli, 230732 №-li, 4Ə-361 reyestr nömrəli alqı-satqı müqaviləsində X5 Qax şəhəri, Gənclik massivində 500 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq yaşayış evini İddiaçı satdığı qeyd olunmuşdur. Yəni, sözügedən müqavilənin predmeti iddiaçının iddia etdiyi 0.05 ha torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən yarımçıq tikili olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. xx.xx.2004-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ndən görünür ki, X2 şəhəri Gənclik massivində yerləşən 500 kv.m torpaq sahəsini İddiaçı satmışdır.

3. 16.09.2008-ci il tarixdə 955 nömrə ilə uçota alınan A seriyalı 065816 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə 541.27 kv.m həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-39/2-636/2025 məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən X4 alınan yarımçıq tikilinin yerləşdiyi Qax şəhəri Gənclik massivində yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdeh iddiaya münasibətində imtina dəlili sözügedən torpaq sahəsinin Qax rayon xalq deputatları soveti icraiyyə komitəsinin 27 avqust 1993-cü il tarixli 40/2 saylı ümumi yığıncağının qərarına əsasən Qax şəhər sakini X6 ayrıldığı, lakin X8 qeyd olunan torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmədən həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini Qax rayon Dövlət notariat kontorunda bağlanmış 22 noyabr 2004-cü il tarixli, 230732 №-li, 4Ə-361 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmasından ibarətdir. Yəni, sözügedən müqavilənin predmeti iddiaçının iddia etdiyi torpaq sahəsi deyildir. Belə ki,iddiaçı 22 noyabr 2004-cü il tarixli, 230732 №-li, 4Ə-361 reyestr nömrəli alqı-satqı müqaviləsində iddia olunan 500 kv.metr torpaq sahəsində yerləşən yarımçıq yaşayış evini İddiaçı satdığı qeyd olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, xx.xx.2004-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X2 şəhəri Gənclik massivində yerləşən 500 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikilini İddiaçı satmışdır. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində iddia olunan torpaq sahəsi faktiki olaraq 516 kv.metr olub, döngə nöqtələri və koordinatları,üzərində yerləşən yarımçıq tikili (fərdi yaşayış evi) tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X3 kateqoriyasına aid. Uqodiyası-tikinti altında olan torpaqlar olmaqla, Qax bələdiyyəsinin mülkiyyətində olan ərazidir.lddiaçının nümayəndəsinin bildirdiyinə görə torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsi ilə **********0559 nömrəli Plan-ölçü sənədində göstərilən 541.27 kv.metr torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. Faktiki istifadə olunan torpaq sahəsi ilə Plan-ölçü sənədi və DWG faylındakı müvafiq konturun yerləşmə vəziyyəti tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin digər şəxlərə məxsus torpaq sahəsi ilə üst- üstə düşməsi yoxdur. Naturada göstərilən torpaq sahəsi qapalı həyət daxilindədir.Üzərində yarımçıq tikili mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsi naturada 516 kv.metrdi. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir. Qeydə alınması iddia olunan torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin iddiaçıya satılması barədə tərəflər arasında xx.xx.2004-cü tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Məhkəmə işin hallarına əsəasən hesab edir ki,iddiaçının əldə etmiş olduğu torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Belə ki,alqı-satqı müqaviləsinin predmeti olan yarımçıq tikili Qax şəhəri Gənclik massivində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsində inşa edilmişdir. X8 tərəfindən alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini alıcının (iddiaçının) mülkiyyətinə verməklə bərabər həmin torpaq sahəsinə dair “gözlənilən mülkiyyət hüququnu” da iddiaçıya ötürmüşdür. Digər tərəfdən X5 adına tərtib edilmiş A seriyalı 065816 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mövcudluğuna münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd özlüyündə torpaq sahəsinin yerini müəyyən etməyə xidmət etdiyindən həmin sənədin mübahisələndirilməsi zərurəti də mövcud deyildir. İddia olunan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsinə dair verilmiş sorğuya əsasən üzərində mülkiyyət hüququ qeydə alınmalı torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilmişdir.İddia tələbi həmin koordinatlar daxilində iddiaçının mülkiyyət hüququ təmin edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayon Dövlət Notariat kontorunun 22 noyabr 2004-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən İddiaçı əldə etdiyi Qax şəhəri Gənclik massivində 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar