Məhkəmə qərarları › İş №2-1(116)-2430/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2430/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2430/2025 15.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Günel Soltan qızının sədrliyi, Məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "Əlillik dərəcəsinin müəyyən edilməsi və əlilik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əlillik dərəcəsinin müəyyən edilməsi və əlilik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə kimi ikinci dərəcə əlillik pensiyası almışdır. Sonradan Ağsu rayon Mərkəzi Xəstəxanasının 0225003AADSN nömrəli göstərişinə əsasən xx.xx.2021-ci ildə əlavə müalicəyə ehtiyac olması səbəbindən əlillik pensiyası dayandırılmışdır. İİ tip ağır formada şəkər diabet insulindən asılı xəstəliyi var və bu xəstəlik davam edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə daxil olan xx.xx.2025-ci il tarixli ərizəsində iddia ərizəsinə etiraz edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Ərizədə qeyd edilir ki, iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsi olduğundan iddiaya cavab verməli olan inzibati orqan deyillər. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddianın mümkün hesab edilməməsinə dair məhkəməyə daxil olmuş ərizəyə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir.. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bənd 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bənd 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bənd 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Ona görə də, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı “əlillik dərəcəsinin müəyyən edilməsi və əlilik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsidir. Dövlət Tibbi Sosial Ekspert Komissiyasının imtina qərarını mübahisələndirir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, əlavə müayinəyə ehtiyacın olması, ixtisaslaşmış stasionar müalicənin davam etdirilməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Arzu Hüseyn qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik altsistemi” tərəfindən beş (5) il müddətinə (xx.xx.2021-ci ilə kimi) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0225003AADSN nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: ixtisaslaşmış stasionar müalicə davam etdirilsin.) barədə qərar verilmişdir. Eyni zamanda həmin məktubla iddiaçıya izah edilmişdir ki, ixtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçıya təyin edilmiş əlilliyinin müddəti başa çatmışdır. İddiaçı barəsində qüvvədə olan hər hansı əlillik dərəcəsi təyin edilməmişdir. İddiaçı ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xəstəliyi ilə əlaqədar forma 88 göndərişinin təqdim edilməsi üçün müvafiq xəstəxanaya müraciət etməlidir. Odur ki, iddiaçıya nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq imtina məktubu veriləcəyi halda əliliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.3-cü yarımbəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh qismində iddia tələbinin yönəlməli olduğu inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, iddia tələbi isə “əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edilməlidir. Məhkəmə iddia tələbinin “əlilik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" hissəsinə münasibətdə qeyd edir ki, pensiya hüququnun yaranması əlilliyin təyin edilməsinə bağlıdır. İddiaçıya təyin edilmiş əliliyin müddəti bitdiyindən ona əliliyə görə təyin edilmiş pensiyanın ödənilməsi dayandırılmışdır. Pensiyanın bərpa edilməsi üçün ilk növbədə (pensiya hüququnun yaranması üçün) iddiaçının əlilliyi müəyyən edilməlidir. Hazırda iddiaçı barəsində hər hansı qüvvədə olan əlillik dərəcəsi təyin edilmədiyindən ona pensiyanın ödənilməsi həyata keçirilmir. Yəni, iddiaçı barəsində qüvvədə olan əlillik təyinatı olmadığından əlilliyə görə pensiyasının bərpası tələbini irəli sürülə bilməz. Odur ki, iddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq əlverişli hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Hər bir halda, hətta cavabdeh orqan və iddia tələbi dəyişdirilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, iddia tələbi “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edildiyi halda belə iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxıldığından məhkəmə tərəfindən prossesual qənaət prinsipi nəzərə alınaraq cavabdeh orqanın və iddia tələbinin dəyişdirilərək yeni iddia ərizəsinin təqdim edilməsi iddiaçıya təklif edilməmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hətta tələb dəqiqləşdiriləcəyi halda da, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddia müddəti ötürülmüş olacaqdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "Əlillik dərəcəsinin müəyyən edilməsi və əlilik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar