Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2433/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 07 iyun 1987-ci il tarixdə Gürcüstan SSR-nin Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Bəzi sənədlərdə soyadı, adı və ata adı X1 qeyd edilsə də, onun əsil soyadı, adı və ata adı İddiaçıdur. Onun atası milliyyətcə azərbaycanlı X5 (bəzi sənədlərdə X6), anası isə milliyyətcə azərbaycanlı Fətəlova (bəzi sənədlərdə Məmmədova) Göyçək Məmməd qızı adlı şəxslərdir. Anası 1988-ci ildə Ermənistan SSR-in Noyamberyan rayonunun Ləmbəli kəndindən qaçqın kimi Azərbaycana köçüb Oğuz şəhərində məskunlaşmışdır. Atası isə eyni tarixdə Gürcüstandan Azərbaycana köçmüşdür. Qeyd edilən tarixdən hal hazıradək anası Azərbaycan Respublikasında yaşamışdır. Hazırda uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı da 1988-2001-ci illərdə anası ilə birlikdə onun ailə üzvü və övladı kimi Oğuz rayonu ərazisində yaşamışdır. 2001-ci ilədək Oğuz şəhər 2 saylı Tam orta məktəbdə təhsil almışdır. 2001-ci ildə babası Fətəlov Ələddin onu öz yaşadığı Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndinə aparmışdır. 2009-cu ildə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin tarixdən ailə üzvləri ilə birlikdə Oğuz rayon Calut kəndində yaşayır. Həmin ünvanda yerləşən xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan fərdi yaşayış evi vardır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona pay torpaq sahəsi də verilmişdir. X2 1994-cü İldə vəfat etmişdir. Azərbaycanda yaşamağına baxmayaraq, dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, o Azərbaycan Respublikası vətəndaşlığını ala bilməmişdir. 2009-cu ildən hal hazıradək fasiləsiz Azərbaycanda yaşayır. Hər il ona müvəqqəti yaşamaq üçün icazə vərəqəsi verilir. Müvəqqəti icazə vərəqəsi bir il müddətində ona Azərbaycanda yaşamaq imkanı verir. O, Azərbaycan vətəndaşı olmaq istəyir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün axırıncı dəfə xx.xx.2023-cü il tarixli müraciətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07 iyun 2023-cü il tarixli ******* saylı qərarı ilə imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixli soğrusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixdə ******* saylı qərar qəbul edilmişdir. Hesab edilmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki o, 07 iyul 1987-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş və Gürcüstan vətəndaşlığını əldə etmişdir (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat mövcud deyildir, bu barədə sistem üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasf’nın (qaydaların 4.4-cü bəndi) müddəalarına əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İddiaçı və iddiaçının vəkili məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-ci il tarixli, ******* №-li qərarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan vətəndaşıdır, vəsiqənin verilmə tarixi xx.xx.2023-cü il, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin vətəndaşlığa mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması tələb edilən İddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və Gürcüstan respublikasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir). Bunu təsdiq edən rəsmi sənədlər iş üzrə materiallara əlavə olunmuşdur. Eyni zamanda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş halların heç biri iddiaçıya münasibətdə mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq hazırda Gürcüstan Respublikasının vətəndaşı olan iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2433/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2433/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver