Məhkəmə qərarları › İş №2-1(116)-2439/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2439/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2439/2024 17.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “17 sentyabr 2010-cu il tarixli notarial qaydada “alqı-satqı” müqaviləsi ilə əldə etdiyi Ucar şəhəri Azərbaycan küçəsində yerləşən 0,0136 ha torpaq sahəsinin 0,0032 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “17 sentyabr 2010-cu il tarixli notarial qaydada “alqı-satqı” müqaviləsi ilə əldə etdiyi Ucar şəhəri Azərbaycan kçəsində yerləşən 0,0136 ha torpaq sahəsinin 0,0032 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, Ucar rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 17 sentyabr 2010-cu il tarixli “alqı-satqı" müqaviləsi ilə DƏDRX-ııin Ucar rayon 16 saylı Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/87 nömrəli arayışı və xx.xx.2010cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65, 4 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışa əsasən Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0.0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki hissəsini almışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğunu, ölçü işlərinin aparılmasının mümkün olmamasını əsas gətirərək 03 oktyabr 2022 ci il tarixli **********14 saylı məktubu ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məktubun surətini poçt vasitəsi ilə 14 oktyabr 2022-ci il tarixdə əldə etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, məktubda onun notariat qaydada alqı-satqı yolu ilə əldə etdiyi Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə heç bir qeyd yoxdur. Məktubda yalnız əmlak üzərində mübahisəli halların olduğunun aşkar edilməsı əsas gətirilərək ərizənin icrasından imtina olunduğu göstərilib. Lakin imtina məktubunda mübahisəli halın nədən ibarət olması, yəni mübahisə predmetinin nədən ibarət olması barədə heç nə göstərilməyib. Digər tərəfdən onun cavabdehə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 0,0136 ha torpaq sahəsinin 39 kv.m hissəsi və iddiaçının naturada iddia etdiyi torpaq sahəsi **********89-05301 nömrəli çıxarışla X5 adına qeydiyyata alınmış 0,3923 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsində mübahisə halı mövcuddur. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı eyni tələblə xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati məhkəməsinin 2-1(116)- 642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, AA003692, AA501172 və AA003386 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri, 0,0136 ha torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi, 0,004 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli çıxarış, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-112/2016 nömrəli qərarı, cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyləri, yerquruluşu planı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 17 sentyabr 2010-cu il tarixli “alqı-satqı" müqaviləsi ilə əldə etdiyi Ucar şəhəri Azərbaycan küçəsində yerləşən 0,0032 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə etirazını - 0,0136 ha torpaq sahəsinin 39 kv.m hissəsinin və iddiaçının naturada iddia etdiyi torpaq sahəsi **********89-05301 nömrəli çıxarışla X5 adına qeydiyyata alınmış 0,3923 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsində mübahisə halın mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Ucar şəhəri Azərbaycan küçəsində yerləşən 0,0136 ha torpaq sahəsi üzərində xx.xx.2010-cu il tarixdə X6 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Müvafiq qeydiyyatın aparılmasına əsas 136 kv.m torpaq sahəsinin Oqtay Hüseynova satılması ilə bağlı Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı olmuşdur. xx.xx.2010-cu il tarixdə X10 0,0136 ha torpaq sahəsinin 0,0064 ha hissəsini X2, 0,0032 ha hissəsini hazırkı iş üzrə İddiaçı satmışdır (X1 0,0064 ha torpaq sahəsi üzərində xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq Seriya MA0149846 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş, İddiaçı satılmış 0,0032 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmamışdır). Qalan 0,004 ha torpaq sahəsi üzərində isə xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra iddiaçı X3 bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarını Şirvan İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-112/2016 nömrəli qərarı ilə Ucar bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 10 saylı qərarı 38,6 kv.m hissədə - tikintisi yarımçıq qalmış çoxmənzilli tikinti binasının istifadəsində olmuş 0,3973 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmiş, qərar qanuni qüvvəsini almışdır (Məhkəmə, 136 kv.m torpaq sahəsinin 38,6 kv.m hissəsinin bələdiyyəyə məxsus olmaması, buna görə də, həmin torpq sahəsi üzərində bələdiyyənin sərəncam vermək səlahiyyətinin olmaması qənaətinə gəlmişdir). Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi və yerquruluşu planı ilə müəyyən edilir ki, X6 mülkiyyətində olmuş 0,0136 ha torpaq sahəsindən X1 və mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmış 0,0064 ha torpaq sahəsinin 39 kv.m hissəsi hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********89-05301 reyestr nömrəli 0,3923 ha torpaq sahəsi ilə üst-üstə düşür. Başqa sözlə, Şirvan İnzibati-İqtisadi Məhkəməsin xx.xx.2016-cı il tarixli, 2-1(86)- 112/2016 nömrəli qərarı ilə Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarının ləğv olunmuş hissəsi X1 0,0064 ha torpaq sahəsinin hüdudlarına düşür. İddiaçı tərəfindən ona satılmış torpaq sahəsinin 0,0136 ha torpaq sahəsinin məhz hansı hissəsində yerləşməsi ilə bağlı məhkəməyə hər hansı sxem, yerquruluşu planı və digər texniki sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün 0,0064 ha və 0,004 ha torpaq sahələrinə dair tərtib edilmiş AA003692 və AA501172 nömrəli plan-ölçü sənədlərinin ilkin 0,0136 ha torpaq sahəsinə dair tərtib edilmiş AA003386 nömrəli plan-ölçü sənədinin hansı hissəsində olması, 0,0064 ha və 0,004 ha torpaq sahələri çıxıldıqdan sonra, yerdə qalan 0,0032 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı mütəxəssis rəyi alınaraq tədqiq edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, X6 mülkiyyətində olmuş MA seriyalı ******* saylı çıxarışda qeyd edilən 0.0136 ha torpaq sahəsinin (X10 AA003386 nömrəli plan və ölçü sənədi) şimalında 0.0064 ha (X7- AA003692 nömrəli plan və ölçü sənədi), cənubunda 0,004 ha (X8- 501172 nömrəli plan və olçü sənədi) torpaq sahələri yerləşir. 0.0064 ha və 0.004 ha torpaq sahələri çıxıldıqdan sonra yerdə qalan 0.0032 ha torpaq sahəsi **********89-05301 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü qeyd olunan 39 kv.m torpaq sahəsinin daxilində yerləşmir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin naturada müəyyən edilməsi mümkündür, həmin torpaq sahəsi hər hansı digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsi ilə bağlı mübahisəli halın mövcudluğu isə ümumiyyətlə hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə 17 sentyabr 2010-cu il tarixli notarial qaydada “alqı-satqı” müqaviləsi ilə əldə etdiyi Ucar şəhəri Azərbaycan kçəsində yerləşən 0,0136 ha torpaq sahəsinin 0,0032 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar