Məhkəmə qərarları › İş №2-1(116)-244/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-244/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-244/2022 04.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “oğlu X7 (təvəllüdü:11.09.1981-ci il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin özünə, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “oğlu X7 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin özünə, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının oğlu X9 11.09.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı, oğluna təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan oğlunun şəxsiyyət vəsiqəsi olmadığına görə şəhadətnamənin ona birbaşa verilməsindən, iddiaçının isə etibarnaməsi olmadığına görə müvafiq şəhadətnamənin iddiaçıya verilməsindən imtina etmişdir. İddiaçı tələbində oğlunun şəxsiyyət vəsiqəsinin olmamasını, əvvəllər doğum haqqında şəhadətnaməsi olsa da, rəsmi qaydada onlara verilməməsini, doğum haqqında şəhadətnamə olmadığından oğlunun şəxsiyyət vəsiqəsi ala bilməməsini qeyd etmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razılaşdığını və iddiaçıya “doğum haqqında” şəhadətnamənin təkrar verilməsinə etiraz etmədiyini, lakin, Teymur Salamovun şəxsiyyət vəsiqəsi olmadığından, iddiaçı isə etibarnamə təqdim etmədiyindən müraciətin təmin edilmədiyini bildirdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 06.11.1981-ci il tarixli 1045 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X9 11.09.1981-ci ildə, Şəki rayonunda doğulmuşdur. X3, anası X2 qeyd edilmişdir. Müvafiq akt qeydində 467161 №-li şəhadətnamənin verilməsi barədə qeyd vardır. - Cavabdeh 31.08.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Şəki şəhər rayon Polis Şöbəsinin 25.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş X5 adına tərtib edilmiş 1 saylı formadan görünür ki, 11.09.1981-ci ildə doğulmuş X11 VVAQ şöbəsinin 467161 №-li yaş kağızı əsasında 21.08.2001-ci il tarixdə A3 seriyalı, 947986 №-li pasportun verilməsi barədə qeydiyyat aparılmışdır. - SHÇÜDX-nin Şəki rayon şöbəsinin 20.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş X5 qeydiyyat kartasından və SX ******* №-li hərbi biletin surətindən görünür ki, o, 20.07.2012-ci ildən ehtiyata keçirilmiş, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yaralı hesab edilmiş, 16.08.2019-cu ildə hərbi bilet verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri olan, oğlu Tural Salamov barəsində təkrar doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. Hazırkı halda iddiaçı, “şəxsiyyət vəsiqəsi olmadan 11.09.1981-cı il təvəllüdlü X5 təkrar doğum haqqında şəhadətnaməsinin ona verilməsi barədə” tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağını nəzərə alaraq, tələbini - 11.09.1981-cı il təvəllüdlü X5 doğum haqqında təkrar şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş etibarnamə olmadan iddiaçıya verilməsi kimi qəbul edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını iddiaçının notarial qaydada təsdiq edilmiş etibarnaməyə malik olmaması, həmçinin Teymur Salamovun şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq etibarnamənin verilməsi üçün X5 şəxsiyyət vəsiqəsi olmalıdır ki, hazırki mübahisə də məhz onun şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. X5 şəxsiyyət vəsiqəsi olmadığından onun iddiaçıya etibarnamə vermək imkanı ümumiyyətlə yoxdur. Qanunvericilik şəhadətnamələrin notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsi qaydasını müəyyən etsə də, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müvafiq etibarnamənin mövcudluğu - iddiaçının və oğlunun hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, Teymur Salamov barəsində təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi birbaşa iddiaçının və onun oğlunun hüquqi marağına xidmət edir. Eyni zamanda işdə olan, Teymur Salamovun fotoşəklinin əks olunduğu sənədlərlə (hərbi bilet, fərdi uçot kartoçkası, qeydiyyat kartası) onun şəxsiyyətinin müəyyən edilməsi mümkündür. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. 11.09.1981-cı il təvəllüdlü X5 doğum haqqında təkrar şəhadətnaməsinin anası İddiaçı notariat qaydasında təsdiq olunmuş etibarnamə olmadan verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar