Məhkəmə qərarları › İş №2-1(116)-2441/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2441/2024

27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2441/2024 27.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayənəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1984-cü il traixdən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi və əmək kitabçasında qeyd olunmuş iş stajı üzrə illər nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1984-cü il traixdən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi və əmək kitabçasında qeyd olunmuş iş stajı üzrə illər nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur və Yevlax rayonu Aşağı Bucaq kəndində yaşayır. X1 14 iyul 1975-cİ il tarixli 152k saylı əmrinə əsasən toxucu istehsalatına xx.xx.1975-ci il tarixdən sarıyıcı şagirdi işinə qəbul edilmiş və fasiləsiz olaraq istehsalatda müvafiq əmrlər üzrə müxtəlif işlərdə işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixinədək –"xxxx" ASC-də əmək fəaliiyyətini davam etdirmişdir. Əmək kitabçasından da görünür ki, qanunvericiliklə tələb olunan müddətdən artıq, yəni 25 ildən yuxarı sğorta stajına malikdir. Ona xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Buna etiraz olaraq yuxarıda qeyd etdiyi əsaslarla aidiyyəti orqana ərizə ilə müraciət etsə də, 14 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla müraciətindən imtina edilmişdir. Cavabdehin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 sentyabr 2022-ci il tarixli. **********5 nömrəli məktubunda qeyd etdiyi mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün əmək kitabçasında qeyd edilmiş 10.04,1984-cü il tarixdən xx.xx.2002-ci il tarixinədək olan illərin sosial sığorta stajına daxil etməklə, yaşa görə əmək pensiyasının təvin edilməsi, əvvəlki illər üçün ödənişin edilməsi və ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı tərqin hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi 25 ildən çox sosial sığorta stajma malik olduğunu iddia edərək məhkəmədən xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövr və əmək kitabçasında qeyd olunmuş iş stajı üzrə illər nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə əsasən sığorta stajı qanunvericiliklə tələb olunan sosial sığorta stajından (25 il) az - 17 il 01 ay) təşkil edir. İddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci it iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 01 07.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 62 yaş 6 aya xx.xx.2022-ci il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: • fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; • azı 25 il sosial sığorta stajı olduqda. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı: 17 il 01 ay, mübahisələndirilən sosial sığorta stajı: 09 il 02 aydır İddiaçı tərəfindən təqdim edilən xx.xx.1984-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçının sosial sığorta stajı 17 il 01 ay təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etmişdir. Mötəbərliyinə əsaslı şübhələr olan sözügedən dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti zamanı ümumilikdə 9 il 2 ay iddiaçının adına əməkhaqqı hesablanmamışdır (iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövr və 3 yaşınadək uşağa qulluğa görə məzuniyyətdə olduğu dövr). İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 407 və 408 nömrəli arayışlara əsasən iddiaçıya aşağıdakı dövrlərdə xammal və material çatışmazlığı ilə əlaqədar əməkhaqqı saxlanılmamaqla məzuniyyət verilmişdir (ümumilikdə 03 il 08 ay 21 gün): • xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək; • xx.xx.1999-cu il tarixdən 31,12.1999-cu il tarixədək; • xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək; • xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək; • xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək. Həmçinin sözügedən arayışlara əsasən aşağıdakı dövrlərdə uşağın üç yaşı tamam olanadək qulluq etmək üçün ərizəsinə əsasən əməkhaqqı saxlanılmamaqla iddiaçıya analıq məzuniyyəti verilmişdir (ümumilikdə 05 il 06 ay 08 gün): • xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək; • xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək; • xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək; • xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək; • xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddət ərzində adına 09 il 02 ay müddətində əməkhaqqı hesablanmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməməsi barədə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4,1.1 -ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir, Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış 'əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0,1 -ci maddəsindəkı "əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki "məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə", həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1 -ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən" müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əməkhaqqındakı sonrakı artımlar", “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar" müddəaları şəxsin vaxtilə aldığı əməkhaqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1{102)-1838/2023 nömrəli Qərarında qeyd olunan kateqoriyadan işlərə dair şəxsin əməkhaqqı almadığı dövrün onun sosial sığorta stajına daxil edilməsi mübahisəsinə kassasiya instansiyası hüquqi mövqeyini əsaslandırarkən şəxsin işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmamasının aydınlaşdırılması, həmçinin şəxsin əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsinin əsaslandırılmalı olduğu qənaətinə gəlmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(1021-224/2024 nömrəli Qərarındakı hüquqi mövqeyə əsasən məhkəmə cavabdehin imtina əsasları ilə razılaşaraq iddiaçının ödənişsiz məzuniyyətdə olduğu, əmək fəaliyyəti ilə məşğul olmadığı, bununla da əməkhaqqı almadığı dövrləri onun sosial sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu qənaətindədir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, odur ki, İddiaçınm iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilən əsaslara iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsi eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, X2 Filialının xx.xx.2022-ci il tarixli Arxiv Arayışı, iddiaçıya məxsus əmək kitabçası, Sığorta stajının araşdırılması haqqında xidməti məktuba əlavə edilmiş akt , xx.xx.2022-ci il tarixli arayış və əməkhaqqı cədvəli Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62,5 yaşda (1 iyul 2021 – 30 iyun 2022), yəni xx.xx.2022-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixinədək –"xxxx" ASC-də əmək fəaliiyyəti müddətinə münasibətdə isə müəyyən edilir ki, həmin dövrdə - iddiaçıya əməkhaqqı saxlanılmamaqla xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən 31,12.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək məzuniyyət verilmişdir. Nəzərə alınmalıdır ki, ödənişsiz məzuniyyət dövründə işçi əmək fəaliyyətindən uzaqlaşdırıldığından və həmin dövrdə sosial sığorta ödənişləri aparılmadığından bu dövrün sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin tələbinə görə (m.3) işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Qanunvericiliyə əsasən əmək stajının hesablanması üçün faktiki əmək fəaliyyəti və əmək haqqından sosial sığorta ödənişlərinin aparılması tələb olunur. İddia olunan dövrün bir hissəsi Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrü, bir hissəsi isə bir hissəsi isə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi və müstəqil dövlət kimi fəaliyyət göstərdiyi dövrü əhatə edir. Müstəqillik əldə edildikdən sonrakı dövrə münasibətdə də, xx.xx.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajına məhz faktiki əmək fəaliyyətinin mövcud olub-olmaması baxımından hüquqi qiymət verilməlidir. 1 yanvar 2002-ci ildən sonrakı dövrə münasibətdə sosial sığorta borcları üzrə amnistiya tətbiq olunaraq borclar bağışlansa da, bu, yalnız işçinin əmək haqqı alıbalmamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsinin yoxlanılmasının zəruriliyini aradan qaldırmışdır. Lakin, bütün bunlar faktiki işləyən işçilərə münasibətdə tətbiq edilməli olan hallar olduğundan, iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsi üçün - qeyd olunan dövrlər üzrə faktiki əmək fəaliyyətinin mövcudluğu sübut olunmalıdır. Hazırkı işdə isə iddiaçıya əmək haqqı saxlanılmamaqla ümumilikdə 03 il 08 ay 21 gün məzuniyyət verilmişdir və həmin müddət ərzində onun faktiki əmək fəaliyyəti olmamışdır. Sözügedən müddət nəzərə alınmadan iddiaçının 25 il minimum sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1984-cü il traixdən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi və əmək kitabçasında qeyd olunmuş iş stajı üzrə illər nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar