Məhkəmə qərarları › İş №2-1(116)-245/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-245/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-245/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı "1978-1993-cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə Ağsu rayonu Bico kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Onun xx.xx.1994-cü ildə X3 adlı sağlamlıq imkanları məhdud uşağı doğulmuş, iddiaçı həmin uşağı 8 yaşınadək tərbiyə etmiş və hal-hazıradək öz himayəsində saxlayır. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək isə Ağsu rayonu Bico kənd sovetində xadimə işləmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, iddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh DSMF-nin Ağsu rayon şöbəsinə qarşı "1978- 1993-cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994- 1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi iş stajlarının ümumi iş stajlarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1168/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra İddiaçı ərizəsinə əsasən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(016)-673/2019 nömrəli qətnaməsi ilə Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 1978-1993-cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi üçün onun kifayət qədər sosial sığorta stajı vardır. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli ********** nömrəli etirazında bildirmişdir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağı olan ana kimi pensiya yaşına xx.xx.2019-cu ildə çatmışdır. İddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etməsi faktı müəyyən olunarsa, onun 12 il 1 ay 23 gün sosial sığorta stajı yaranacaqdır. İddiaçıya məxsus arxiv arayışında 1978-1993 və 1994-1996-cı illər üzrə göstərilən iş stajı əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illər pensiya hesablanması zamanı sosial sığorta stajına daxil edilmir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək isə Ağsu rayonu Bico kənd sovetində işləyərək əmək haqqı almışdır. - İşdə olan, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)- 673/2019 nömrəli qətnaməsindən görünür ki, Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - İşdə olan, Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda işdən azad olunması barədə əmri əmr kitablarından müəyyən olunmadı. Bundan başqa, Ağsu rayonu Bico kənd sovetinə 1994-1996-cı ilə aid əmr kitabları Ağsu Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - İşdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli ********** nömrəli etiraz məktubundan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağı olan ana kimi pensiya yaşına xx.xx.2019-cu ildə çatmışdır. İddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Bundan başqa, pensiyanın hesablanması üçün iddiaçının heç bir sosial sığorta stajı yoxdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etməsi faktı müəyyən olunarsa, onun 12 il 1 ay 23 gün sosial sığorta stajı yaranacaqdır. İddiaçıya məxsus arxiv arayışında 1978-1993 və 1994- 1996-cı illər üzrə göstərilən iş stajı əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illər pensiya hesablanması zamanı sosial sığorta stajına daxil edilmir. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə pensiyanın təyin olunması üçün 17425,20 manat pensiya kapitalı, bu kapital olmadıqda 25 il sosial sığorta stajı tələb olunur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, həmin Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normalardan göründüyü kimi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılır. İddiaçıya yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun qızı X2 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. İşin hallarından göründüyü kimi, həmin uşağın sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmuşdur. Bundan başqa, iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtlər onun 56 yaşa çatması, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçı 56 yaşa xx.xx.2019-cu ildə çatmışdır. O, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini deyil, sığorta stajının 25 ildən artıq olmasını iddia edir. Müəyyən edildi ki, iddiaçının adına əmək kitabçası tərtib edilməsə də, onun işləməsini təsdiq edən Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışı vardır. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üçün Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda əmək haqqı almış, bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı almışdır. Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozun əmr kitablarında İddiaçı sovxoza fəhlə işinə qəbul edilməsi və 1 nömrəli briqadaya göndərilməsi barədə xx.xx.1980-ci il tarixli 145 nömrəli əmr də vardır. Sovxozun əmr kitablarında iddiaçının uşağı yaş yarıma çatana kimi haqqı ödənilən analıq məzuniyyətinə buraxılması barədə xx.xx.1991-ci il tarixli əmr olsa da, onun işdən azad edilməsi barədə əmr aşkar olunmadı. Bundan başqa, Ağsu rayonu Bico kənd sovetinin 1994-cü və 1996-cı illərə aid əmr kitabları məhkəmə tərəfindən tələb edilərək öyrənildi, lakin iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər aşkar edilmədi. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 117 "q" bəndinə görə, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Bundan başqa, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının həm Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, həm də Ağsu rayonu Bico kənd sovetində işlədiyi dövrlərdə qüvvədə olmuş qanunvericilik aktlarına görə, əmək kitabçası mövcud olmadıqda müvafiq arxiv arayışları və əmrlərdən çıxarışlar da əmək stajını təsdiq edən sənəd sayılmışdır. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işləməsi təsdiq olunur. Bu müddətlərin cəmi 16 il 1 ay təşkil edir. Bundan başqa, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin d) bəndinə görə, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti də iş stajına daxil edilir. Bundan başqa, hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.9-cu bəndində deyilir ki, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Cavabdehin verdiyi arayışa görə, iddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etdiyi müddət 12 il 1 ay 23 gün təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan normalara uyğun olaraq, həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajının cəmi (16 il 1 ay+12 il 1 ay 23 gün) 28 il 2 ay 23 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən artıqdır. Göründüyü kimi, iddiaçıya xx.xx.2019-cu ildən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunda nəzərdə tutulan bütün əsaslar vardır. Ona görə də iddia qismən təmin edilməli, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar