Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-245/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İsmayıllı rayon Diyallı kəndində pay torpağından çıxarılmış 0.11 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İsmayıllı rayon Diyallı kəndində pay torpağından çıxarılmış 0.11 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-245/2022 nömrəli qərardadı ilə İsmayıllı rayon Diyallı bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, İsmayıllı rayonu Diyallı kəndində torpaq islahatı aparılan zaman, onun zəbtində olan 0.11 ha torpaq sahəsinin pay torpaq sahəsindən çıxıldığını, buna baxmayaraq, sonradan həmin 0.11 ha torpaq sahəsinə dair hər hansı sənədin tərtib edilmədiyini bildirərək, sözgedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu, həmin torpaq sahəsinin faktiki olaraq özünün istifadəsində olması, torpaq sahəsi ilə bağlı mübahisənin olmaması və məhz həmin torpaq sahəsinin islahat zamanı nəzərə alınaraq pay torpaq sahəsinin az verilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim etməmişdir. Buna görə də müraciətin icrası mümkün olmamışdır. Cavabdeh orqan məhkəmədən, iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, İsmayıllı rayonunda aqrar islahat aparılarkən iddiaçının ailə tərkibi 4 nəfərdən ibarət olmuşdur. Ailəsinə ərazidən 4x0.33=1.32 ha əkin pay torpaq sahəsi düşməli olduğu halda zəbt sahəsi 0.11 ha olduğundan onların əkin payından 0.16 ha çıxılaraq onlara 1.16 ha əkin pay torpaq sahəsi verilmişdir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı rayon Diyallı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 54 nömrəli arayışında qeyd edilmişdir ki, İsmayıllı rayonunda aqrar islahat aparılarkən onun adına 0.11 ha zəbt torpaq sahəsi olmuş, bu zəbt torpağına görə onun əkin pay torpağından çıxılmışdır. Hal hazırda həmin zəbt torpaq sahəsi onun istifadəsindədir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 67 saylı iclas protokolundan çıxarışdan görünür ki, Diyallı kəndi “S.Vurğun adına” üzümçülük sovxozunda aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib olunmuş yerquruluşu layihəsi və “S.Vurğun adına” üzümçülük sovxozunun AİK-nın xx.xx.1999-cu il tarixli 3 saylı protokolu təsdiq edilmişdir. - Diyallı kəndi üzrə torpaq payı almaq hüquq olan vətəndaşların siyahısından görünür ki, İddiaçıya 4 nəfər ailə tərkibi ilə birlikdə verilmiş həyətyanı torpaq sahəsinin ölçüsü 0.20 ha, faktiki sahə 0.31 ha olmaqla qeydiyyat aparılmışdır. Müvafiq siyahıda 0.11 ha torpaq sahəsi zəbt olaraq qeyd edilmişdir. - A174097 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı istehsalı üçün 11676,15 kv.m torpaq sahəsi ayrılmışdır. - A174096 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı istehsalı üçün 2200,71 kv.m torpaq sahəsi ayrılmışdır. - A174095 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı istehsalı üçün 3691,51 kv.m torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayon Diyallı kəndində yerləşən, iddia olunan 0.11 ha torpaq sahəsi A174097, A174096 və A174095 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş və naturada ölçülmüş 0.12 ha torpaq sahəsi İsmayıllı rayon Diyallı kənd inzibati ərazi dairəsinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı uqodiyası örüş olan ərazidə yerləşməklə Diyallı bələdiyyəsinin mülkiyyətinə aiddir. Ölçülmüş torpaq sahəsi iddiaçının istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, aqrar islahat aparılan zaman həmin torpaq sahəsinin onun zəbtində olması nəzərə alınaraq kənd təsərrfüatı təyinatlı torpaq sahəsinin az ayrıldığını bildirir. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı torpaq islahatı aparılan zaman kənd təsərrüfatı təyinatlı 1,16 ha torpaq sahəsinin ona ayrıldığını, 0.11 ha torpaq sahəsi isə zəbtində olduğu üçün ayrılmalı olan torpaq sahəsindən çıxıldığını bildirir. Nəzərə alınmalıdır ki, islahat zamanı 0.11 ha torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində yerli aqrar islahat komissiyasının müvafiq qərarının təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı zəbtində olan 0.11 ha torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdehin təqdim etdiyi mütəxəssis rəyindən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “örüş” sahələrə aiddir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsində qeyd olunan torpaq sahələrinin yalnız istifadəyə və icarəyə verilməsi təsbit olunmuş, xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsi:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İsmayıllı rayon Diyallı kəndində pay torpağından çıxarılmış 0.11 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.