Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-245/2024 13.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, İddiaçı, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, o, 1987-ci ildə doğulmuşdur və anadangəlmə sağ qolundan şikəstdir. Onun “anadangəlmə ferebral iflicinin qalıq əlamətləri-sağ tərəfli hemipareya diaqnozlu şikəst olmağı 2003-cü ildə 16 yaşımda şagird olanda Zaqatala Rayon Hərbi Komisarlığında ilkin hərbi qeydiyyat və dispanser müayinələrim zamanı müəyyən edilmişdir. 2005-ci ildə növbəti dəfə həqiqi hərbi xidmətə çağırışçıların tibbi yoxlanılması və qeydiyyatı zamanı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zaqatala zona Tibbi-Sosial Ekspert Komissi-n SER TSE- 01 Ne 003225 TSEK-də müayinə aktından çıxarışa əsasən uşaqlıqdan 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. İddiaçı həmin tarixdən müddətsiz pensiya alır. İddiaçının anası 18 aprel 2022-ci il tarixdə, atası 06 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. Anasının pensiyasının iddiaçıya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki- Zaqatala regional Filialına ərizə ilə müracit etmişdir. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli etiraz məktubunda bildirmişdir ki, müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli 3- 17-1/2-M- 73068/2023 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçının əlillik dərəcəsi haqqında məlumat əks olunmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın 3 saylı Şəki-Zaqatala regional filialına təqdim etməklə təkrar müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlillik dərəcəm haqqında məlumat əks olunmadığı üçün mənə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: 1.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. 2.Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum Bəşirova Gülçöhrə israfil qızının yaşa görə əmək pensiyası işinə daxil edilmiş əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən onun sosial sığorta stajı 34 il 1 gün təşkil edir. 3.AZ-İİ 275492 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 4.Xİİ-ЖГ 420272 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X1, anası X2r. 5.Zaqatala RİHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı; 6.Zaqatala Rayon Hərbi Komisarlığının 08.05.03-cü il tarixli, 2/57 nömrəli müayinə üçün göndəriş məktubu 7.Zaqatala Rayon Mərkəzi Xəstəxanasının stasionar xəstənin tibbi kartından 10/Vİİ.2003-cü il tarixli, 1150 nömrəli çıxarış, 8.Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003-cü il tarixli, 1888 nömrəli səhhətin müayinə edilməsi Aktı. 9.10.12.1976-cı il tarixli 41 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surəti,
10. İddiaçı məxsus xx.xx.1954-cü il tarixli 24 nömrəli doğum haqqında akt qeydinin surəti.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı “ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçı əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının xahişini təmin etməmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanununun 13 iyun 2008-ci il tarixdən qüvvəyə minmiş 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.” Cavabdeh öz imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçının əlilliyinin 18 yaşı tamam olduqdan sonra müəyyən edildiyindən ona şamil olunmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İş materiallarında olan TSERAnın Alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya 06 yanvar 2006-cı il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlilik təyin edilmişdir.Həmin çıxarışda diaqozun “uşaq serebral iflicin qalıq əlamətləri,sağ tərəfli dərin hemiparez.Yaddaş və intellekt zəifliyi” olduğu qeyd edilmişdir.Əliliyin səbəbi ilə bağlı müayinə aktından görünür ki,uşaqlıqdan əlillik müəyyən edilmişdir.Yəni iddiaçıya əlilik 18 yaşının tamam olduğu tarixdən sonra təyin edilsə də əlillik sonradan deyil,uşaqlıqdan mövcud olmuşdur. Oxşar analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2925/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir : 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lal-karlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən məhkəmə hesab edir ki,iddia təmin edilməli,iddiaçının anasının vəfat etdiyi 18 aprel 2022-ci il tarixindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi (həmin vaxtdan yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 18 aprel 2022-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə