Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-246/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1rşı “Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində “Qazangül” kooperativinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində “Qazangül” kooperativinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı “Qazangül” kooperativinin təsisçisi və direktorudur. Zaqatala rayon Efir yağları sovxoz-zavodunun xx xxxxxx 1989-cu il tarixli 28 saylı əmri ilə Zaqatala rayon Efir yağları sovxoz-zavodunun İdarə Heyətinin xx xxxxxxxx 1988-ci il tarixli 347 saylı qərarına və Zaqatala rayon XDS İK-nın xx xxxxxx 1989-cu il tarixli 28 saylı əmrinə əsasən "Qazangül" (Zaqatala Efir yağları sovxoz-zavodu) koooperativinə 0.03 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Zaqatala rayon Efir yağları sovxoz-zavodunun səlahiyyətli vəzifəli şəxsləri tərəfindən ayrılaraq akt tərtib edilərək və ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpağın ayrılması və iddiaçıya təhvil verilməsi barədə xx xxxxxxxx 1988-ci il tarixli akt tərtib edilmişdir. Lakin torpaq islahatı zamanı həmin torpağın sənədləri Torpaq şöbəsi tərəfindən hazırlanmamışdır. Buna görə də iddiaçıya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mübahisələndirdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı etiraz məktubunda bildirmişdir ki, Zaqatala rayon Efir Yağları sovxoz-zavodunun 1988-ci il tarixli əmri ilə 0,03 ha torpaq sahəsi iddaçıya deyil, “Qazangül” kooperativi üçün ayrılmışdır. Bundan başqa, iddiaçı ərizəsində qeyd olunan torpaq sahəsinin qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinin müddəaları ilə müəyyən edilmiş hüquqmüəyyənedici sənəd, dövlət rüsumunun ödənilməsi barədə sənəd, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış) əlavə etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1rşı “Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində “Qazangül” kooperativinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-246/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-246/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver