Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2462/2024 11.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı ş., C.Naxçıvanski küçəsi, ev 90, mənzil 29) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (yerləşdiyi yer: Qəbələ ş., Z.Əliyeva küçəsi 6) (üçüncü şəxs – İsmayıllı rayonu Topçu bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: İsmayıllı rayonu, Topçu kəndi) qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1983-cü il təvəllüdlüdür, 2015-ci ilədək İsmayıllı rayonunun Topçu kəndində yaşamışdır. İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı iclasının qərarı ilə bələdiyyənin yaşayış məntəqəsi sahəsindən Topçu kəndində yerləşən 800 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Torpağın dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsinə dair torpaqların alqı-satqı aktı və torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Torpaq sahasi iddiaçının istifadəsindədir. İddiaçı həmin qərar əsasında ona ayrılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsi üçün təqdim edilmiş ilkin torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və planölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 7 iyun 2024-cü il tarixli qərardadı ilə İsmayıllı rayonu Topçu bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli qərarı ilə kəndin perspektiv inkişaf fondundan 800 kv.m torpaq sahəsi ona həmin bələdiyyə ərazisində uzun illər yaşamış və ilk dəfə həyətyanı torpaq sahəsi alan kənd sakini kimi hərracdankənar qaydada satılmışdır. Bununla bağlı DTXK-nın yerli qurumunun və RİH-in rəyləri alınmışdır. Torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmiş, alqı-satqı aktı tərtib olunmuş, cizgi və plan-ölçü sənədi tərtib olunmuşdur. 1983-cü ildən həmin bələdiyyənin ərazisində yaşaması ona hərracdankənar qaydada torpaq almaq hüququ vermişdir. Cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin mövqeyi belədir ki, iddiaçı Vəliyev X3 rayonu Topçu bələdiyyəsindən əldə etdiyi 0,08 ha torpaq sahəsinə hüququnun reyestrdə qeydiyyata alınması barədə reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin ona torpaq sahəsi ayrılmasına dair 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə» 23 oktyabr 2007-ci il tarixli 355-İİİ QD saylı Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 1 dekabr 2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Özgəninkişləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 7 iyul 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılmış 800 kv.m torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahənin eyni olub-olmaması haqqında) məlumatı, işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 7 iyul 2024-cü il tarixli məktuba cavab olaraq ünvanlanmış 6 sentyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı iclasının qərarı ilə İddiaçı satılmış, DTXK tərəfindən adına tərtib olunmuş A 282408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 800 kv.m torpaq sahəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X4 (TEKUİS) əsasən İsmayıllı rayonu Topçu kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılmış, DTXK tərəfindən adına tərtib olunmuş A 282408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 800 kv.m torpaq sahəsinin 160 kv.m hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-27A saylı şəhadətnamə ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 30 kv.m hissəsi faktiki naturada başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə, 610 kv.m hissəsi isə İddiaçı faktiki naturada istifadəsində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada göstərdiyi 853 kv.m torpaq sahəsinin 610 kv.m hissəsi İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılmış, DTXK tərəfindən adına tərtib olunmuş A 282408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 800 kv.m torpaq sahəsi ilə, 243 kv.m hissəsi isə, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X4 (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak İsmayıllı rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıya İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il 09 saylı qərarı ilə satılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı ilə İddiaçı bələdiyyənin yaşayış məntəqələri sahəsindən 800 kv.m ölçüdə torpaq sahəsi satılmışdır. İş materiallarından görünür ki, 4 avqust 2010-cu il tarixdə İsmayıllı rayonu Topçu bələdiyyəsi, İddiaçı və DTXK İsmayıllı rayon şöbəsi tərəfindən bələdiyyənin 29 iyul 2010cu il 09 saylı qərarı ilə İddiaçı satılmış 800 kv.m torpaq sahəsinə dair torpaqların alqısatqısına dair akt tərtib olunmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 27 iyul 2010cu il tarixdə İsmayıllı rayonu Topçu bələdiyyəsinin hesabına 320 manat pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılmış 800 kv.m torpaq sahəsinə dair DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 15 avqust 2010-cu il tarixdə A 282408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İş materiallarından görünür ki, İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən 8 iyul 2010-cu il tarixdə aşağıdakı məzmunda rəy verilmişdir: - Topçu kəndində həyətyanı üçün nəzərdə tutulmuş torpaq sahəsindən İddiaçı 800 kv.m torpaq sahəsinin satılmasına İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsi etiraz etmir. Vətəndaş almış olduğu torpaq sahəsində hər hansı tikinti işləri apararsa, qanunvericiliklə müəyyən olunmuş qaydada icazə almalıdır. İş materiallarından görünür ki, DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 26 iyul 2010cu il tarixdə aşağıdakı məzmunda rəy verilmişdir: - İsmayıllı rayonu Topçu kənd sakini İddiaçı «Torpaq islahatı haqqında» Qanunun 19-cu maddəsinə, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»yə və «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709- İİQD nömrəli Qanununa əsasən alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədəuyğundur. Odur ki, DTXK İsmayıllı rayon şöbəsi İsmayıllı rayonu, Topçu kənd sakini İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarından 0,08 ha torpaq sahəsinin ayrılmasına etiraz etmir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli, 09 saylı iclas protokolu (qərarı) bələdiyyənin mülkiyyətində olmuş 800 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli, 09 saylı iclas protokolu (qərarı) ilə bağlı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı ona həmin qərarla ayrılmış 800 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə diqqətə çəkir ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, 1 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilərdi, torpaq sahəsi bələdiyyənin öz hüquqları qeydiyyata alındıqdan sonra satıla bilərdi, lakin torpaq sahəsi bu prosedurlara riayət edilmədən satılmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəyə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə görə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, «Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında» Qanuna uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11, 14 – 21, 23, 24, 25, 25-1 və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü bəndinə görə bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mahiyyətindən aydın olur ki, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının isə, hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilməsi tələb olunmur. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması da tələb olunmur. Hazırkı işin hallarına görə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh inzibati orqanın dəlilini məhkəmə əsaslı hesab etmir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan 800 kv.m torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, faktiki olaraq digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi təsdiqlənmir. Rəyə, sənədlərə və işin hallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinə hər hansı şəxsin iddiası yoxdur, sahə mübahisəli deyil. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli, 09 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının müraciəti üzrə 800 kv.m ölçüdə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası qanuni sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə “Torpaq sahəsinin planı və ölçüsü”ün tərtib edilməsini və reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli, 09 saylı iclas protokolu (qərarı) ilə satılmış 800 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona İsmayıllı rayonu Topçu bələdiyyəsinin 29 iyul 2010-cu il tarixli, 09 saylı iclas protokolu (qərarı) ilə satılmış 800 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(116)-2462/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2462/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver