Məhkəmə qərarları › İş №2-1(116)-247/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-247/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-247/2022 10.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-7189A saylı 90101002 kodlu şəhadətnaməyə əsasən mülkiyyətinə daxil olan Yevlax şəhər ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair JN-7189A saylı 90101002 kodlu şəhadətnaməyə əsasən mülkiyyətinə daxil olan Yevlax şəhər ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 07.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ona və ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.04 ha ölçüdə Yevlax şəhəri ərazisində həyətyanı torpaq sahəsi ayrıldığını iddia edir. Qeyd edir ki, bununla bağlı JN-7189A kod 90101002 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, JN-7189A nömrəli şəhadətnamə araşdırılan zaman elektron baza məlumatlarında (DWJ) şəhadətnamənin cizgisi öz əksini tapmamışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən şəhadətnamənin arxiv nüsxəsi təhvil verilməsinə baxmayaraq adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-7189A nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilən səbəblərə görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan JN-7189A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.04 ha həyətyanı torpaq sahəsi İddiaçı, X3 və X1 mülkiyyətinə verilmişdir. Sənəd iki nüsxədən ibarət tərtib edilmiş və 7189 nömrə ilə kitabda qeyd edilmişdir. Şəhadətnamə DT və XK-nın Yevlax rayon şöbəsinin müdiri M.Mustafayev və Dövlət Yerquruluşu Layihə İnstitutunun rəhbəri F.Cəfərov tərəfindən 28.03.2006-cı il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04.10.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Xidmətin tabeliyində olan "xxxx" MMC-nin arxivindən Yevlax RAİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarının qanunvericiliyə uyğun qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Siyahıda 7189-cu sıra “boş məhlə” kimi qeydə alınmışdır. Eyni zamanda 17 saylı Yevlax Ərazi İdarəsinin arxivindən JN-7179A, JN-4167A, JN-4166A və JN-4165A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin təsdiq edilmiş surətləri təqdim edilir. Şəhadətnamələrin qeydiyyatı kitabında JN-7189A kod 90101002 nömrəli şəhadətnamə qeyd olunmamışdır. Məhkəmənin 03.12.2021-ci il tarixli 2-1(116)-1359/2021 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə daxil olan 29.12.2021-ci il tarixli 5/1414 nömrəli ekspert rəyində “Tədqiqatın nəticəsi” hissəsində qeyd edilir ki, tədqiqata təqdim edilmiş KOD 90101002 JN-7189A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 2-ci vərəqinin üzərində olan möhür əksləri və imzalar (M.Mustafayev və F.Cəfərov adlarının qarşısında) hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş KOD 90101002 JN-7189A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 3-cü vərəqinin üzərində olan möhür əksi və imza (M.Mustafayev adının qarşısında) reproqrafik surət olub surətçıxaran aparat vasitəsilə sənədin üzərlərinə köçürülmüşlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasında iştirak etməmiş, iddiaçı və cavabdeh orqanın nümayəndəsi bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı məhkəməyə ərizə ünvanlamış və iddia tələbini geri götürdüyünü bildirmişdir. Məhkəmənin 10.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini geri götürmək istəyir. Yəni, iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən ekspert rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddiadan imtina etməsə də, iddianı geri götürmüşdür ki, ekspert rəyinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-7189A saylı 90101002 kodlu şəhadətnaməyə əsasən mülkiyyətinə daxil olan Yevlax şəhər ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Ekspert rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 62 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar