Məhkəmə qərarları › İş №2-1(116)-2471/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2471/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2471/2024 24.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X25 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X10, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər – X14, X21 qızı, X8, X17 oğlu inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı «torpağa mülkiyyət hüququna dair dövlət aktının və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına və iddiaçının “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün rayonun Salahlı kəndi ərazisindən 3,40 ha torpaq sahəsi X1, X5, X11, X3, X12, X9 və hazırkı İddiaçı mülkiyyətinə verilmişdir. Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı əsasında həmin dövrdə müvafiq səlahiyyətli orqan kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 12 may 1998-ci il tarixli JN-293 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Hazırkı İddiaçı və digərləri torpaq sahəsindən istifadə edə bilmirlər, çünki həmin şəxslərin naturada göstərdiyi (iddia etdiyi) ərazi hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi (bir hissəsinə müvafiq dövrdə bazasında təşkil olunduğu qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X2 (xx.xx.2023-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə) və digər şəxslərin (xx.xx.2015-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə) ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq torpaq sahəsinə həmin şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas kimi 25 noyabr 1999-cu il tarixli JN- 255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” çıxış edir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ilkin müraciətində mülkiyyətində olan torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, Yevlax rayonu Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluq – konfiqurasiya və istifadəçilik fərqi mövcuddur. Bu uyğunsuzluğun aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara və Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, Salahlı bələdiyyəsinin “X7 X16"ndə olan xəritəsi hazırlanmışdır. Sistemdə mövcud olan Yevlax rayonu Salahlı bələdiyyəsinə aid xəritə məlumatlarında JN-293 nömrə ilə qeydə alınmış, azalma ilə 2 hissədən ibarət olan 2,40 ha (1,93 ha və 0,47 ha) torpaq sahələri mövcuddur. Ərizəçinin (İddiaçı) adına DWJ məlumatları ilə natura arasında, həmçinin təqdim etdiyi JN-293 saylı Dövlət Aktı arasında uyğunsuzluqlar barədə dəfələrlə məlumatlar verilmişdir. Qeyd olunan səbəbə görə 3,40 ha torpaq sahəsinə dair ərizəçinin və aktda adları qeyd olunmuş şəxslərin adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi qeyri-mümkündür. Lakin onun rəsmi razılığı əsasında Sistemdə göstərilmiş 1,93 ha və 0,47 ha torpaq sahələrinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi mümkündür. Sonradan İddiaçı (vəkili vasitəsilə) ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinə dair X2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi 6 may 2024-cü il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edərək, məsələnin həllindən imtina etmişdir. Bundan sonra İddiaçı 5 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və həmin aktın əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (********** və ********** qeydiyyat nömrələri ilə aparılmış qeydə dair) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Məhkəmənin 9 iyul 2024-cü il tarixli qərardadı ilə X14, X13, X8 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, torpaq sahəsi zəbt olunmuşdur. Cavabdeh qurumun bildirdiyinə görə ona ayrılmış torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmamasına səbəb bələdiyyənin xəritə materialları ilə natura arasında uyğunsuzluğun mövcud olması və həmin torpaq sahəsinə X2 mülkiyyət hüququnun qeydiyyatının aparılmasıdır. X2 və digər aidiyyəti şəxslərin adına tərtib olunmuş JN-255 nömrəli Dövlət Aktı və onun əsasında hüquqların qeydiyyatına dair **********95 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Cavabdehin mövqeyi belədir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3 və 2.4cü maddələrinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, onun nümayəndəsi (vəkili), cavabdehin nümayəndəsi, üçüncü şəxs X6 gəlmişlər, digər üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların (digər üçüncü şəxslərin) iştirakı olmadan keçirilməsini mümkün saydı. İddiaçı məhkəməyə həmçinin mübahisə predmeti olan JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na münasibətdə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir. Ərizədə bildirilir ki, mübahisələndirilən JN-255 nömrəli X24 rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verildiyi müəyyən olunur. İddiaçının həmin Dövlət Aktı barədə əvvəllər məlumatı olmamışdır. Bu barədə müvafiq iddiası üzrə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-629/2024 saylı işin icraatı zamanı 12 mart 2024-cü il tarixdə məlumat almışdır. Belə olan halda hesab olunur ki, qanunla nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 24.1-ci maddəsinə əsaslanaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, müvafiq torpaq sahəsi ayrılan zaman bir müddət iddiaçının istifadəsində olsa da, o, uzun illərdir həmin sahədən istifadə edə bilmir. İddiaçı əvvəlcə torpaq sahəsinə hüququnun qeydiyyatı barədə reyestrdən çıxarışın verilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə X6 və qeyrilərinin adına Dövlət Aktı verilmişdir və bu barədə reyestrdən çıxarış mövcuddur. Torpaq sahəsinə dair Dövlət Aktı mövcud olduğundan, iddiaçıya ilkin olaraq həmin aktın mübahisələndirilməsi tövsiyə olunmuşdur. Akt barədə iddiaçı məhkəmədə əvvəlki iddia üzrə məhkəmə iclasında xəbərdar olmuşdur. Müddətin bərpa olunması və iddianın mümkün sayılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 buraxılmış prosessual müddətin bərpa olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdı və iddianın rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçının iddiada irəli sürdüyü torpaq sahəsinə qeydiyyatın ləğv edilməsi İdarənin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X6 iddianı inkar etdiyini və buraxılmış prosessual müddətin bərpa olunmasına münasibətinin mənfi olduğunu bildirdi. O, qeyd etdi ki, hazırkı torpaq mübahisəsi təxminən 2000-ci ildə prokurorluq orqanlarında araşdırılmışdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Yevlax rayonu (rayonun Salahlı kəndi) ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı İqtisadiyyat Nazirliyinə) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Göründüyü kimi, hazırkı İddiaçı iddiasında aşağıdakı iki tələbi irəli sürür: - 25 noyabr 1999-cu il tarixli JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi; - həmin Dövlət Aktı əsasında X6 və qeyrilərinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** və ********** qeydiyyat nömrələri ilə) ləğv edilməsi. Məhkəmə qeyd edir ki, iddia tələbində “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” göstərilsə də, məhkəmə bu xüsusatı formal xəta qismində qiymətləndirir və tələbi “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” kimi qəbul edir. İddiaçının hər iki tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla biri digərindən (ikinci tələb birincidən) asılıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının ləğvini tələb etdiyi 25 noyabr 1999-cu il tarixli JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, həm iddiaçı və onun ailə üzvlərinə, həm də X4 torpaq sahələri eyni vaxtda – Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə ayrılmışdır və mübahisəli torpaq sahəsi həmin vaxtdan X2 və digərlərinin istifadəsindədir. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin (Turabin Xəlilovun) hazırkı məhkəmə icraatı üzrə məhkəmə iclasında sübut təqdim etməsə də, “mübahisə təxminən 2000-ci ildə prokurorluq orqanlarında araşdırılmışdır” fikrini bildirməsinə, iddiaçı heç bir kontur arqument söyləməmiş, bunu təkzib də etməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı nə qədər ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarını X4 və digərlərinə aid hissədə mübahisələndirməmişdir və qərar həmin hissədə ləğv olunmamışdır, 25 noyabr 1999-cu il tarixli Dövlət Aktı ləğv oluna bilməz. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunmalıdır ki, həm Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarının qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Hazırkı işin hallarına görə 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı iddiaçıya elə həmin tarixdə də məlum olmuşdur, həmin tarixdən sonrakı müddətdə qərarla ayrılmış torpaq sahəsinin başqa şəxsin (üçüncü şəxslərin) istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür. Bu isə belə nəticə yaradır ki, iddiaçı Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarını müvafiq hissədə mübahisələndirmək imkanını da itirmişdir. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq ona məhkəmə tərəfindən İPM-in 13-cü maddəsi rəhbər tutulmaqla iddianın və cavabdehin dəyişdirilməsi, yəni Aqrar İslahat Komissiyasının qərarının müvafiq hissədə mübahisələndirilməsinin tövsiyə olunması məqsədəuyğun sayıla bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vaxtilə Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarını mübahisələndirmədiyindən, hazırda onun qaldırdığı iddiası çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilə bilməz. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. Buraxılmış iddia müddətinin bərpa olunması barədə ərizəyə gəldikdə isə, qaldırılan iddia üzrə hər iki tələb “öhdəliyinin icrası haqqında” iddiaya aid olduğundan, onlara münasibətdə iddia müddətinin bərpası məsələsinə baxıla bilməz. Hətta “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğvi tələbinə “mübahisələndirmə haqqında” iddia qismində baxılmalı olsa belə, həmin aktın qəbulundan və məlum olmasından 1 ildən artıq müddət keçdiyindən və İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmadığından, müddətin bərpası barədə ərizə verilə bilməz. İnzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması nəzərdə tutulsa da, belə ərizəyə mahiyyəti üzrə baxılmasını istisna edən hallarda, tətbiq edilməli prosedur qayda və nəticə əks olunmamışdır. Nəzərə alınmalıdır ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qənaəti belədir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə mahiyyəti üzrə baxılması mümkün olmadıqda, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fərqlənmir və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. İPM-in 24.7-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 83.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpağa mülkiyyət hüququna dair dövlət aktının və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə mümkün sayılmır. İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar