Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2479/2022 30.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər İsmayıllı rayon DYP və İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “İsmayıllı Rayon DYP bölməsinə xüsusi qərardad çıxarmaqla barəsində olan cərimə cəzasının ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər İsmayıllı rayon DYP və İsmayıllı Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı Rayon DYP bölməsinə xüsusi qərardad çıxarmaqla barəsində olan cərimə cəzasının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə İsmayıllı rayon polis şöbəsinin DYP-nin müvafiq qərarı ilə 400 (dörd yüz) manat və 2021-ci ilin okyabr ayında isə 400 (dörd yüz) manat cərimə edilmişdir. Cəriməni ödəmədiyi üçün ümumi cərimə məbləği 960 (doqquz yüz altmış) manat etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq hazırkı işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək səlahiyyətinə malik olması bildirilmiş və qanunvericiliyin tələbləri izah olunmuş, 3 gün müddətində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif edilmişdir. Məhkəmənin hüquqi yardım məktubuna iddiaçı tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müracətlərin etməsinə, İsmayıllı rayon məhkəməsinə İsmayıllı DYPB qanunsuzluqları barədə rəsmi məlumat vermişdir. Buna baxmayaraq etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən İsmayıllı Rayon DYP-nın 2019-2020-ci illərdə qəbul edilən qərarları inzibati orqanın inzibati fəaliyyəti nəticəsində deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyətinin nəticəsində qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki,məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçı, inzibati qaydada cərimə edilməsi ilə bağlı İsmayıllı Rayon DYP-nın qərarlarından aidiyyəti üzrə ümumi rayon məhkəmsinə (İsmayıllı Rayon Məhkəməsinə), yaxud Daxili İşlər Nazirliyinə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər İsmayıllı rayon DYP və İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “İsmayıllı Rayon DYP bölməsinə xüsusi qərardad çıxarmaqla barəsində olan cərimə cəzasının ləğv olunması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2479/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2479/2022
30.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver