Məhkəmə qərarları › İş №2-1(116)-2479/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2479/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2479/2023 21.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992 - xx.xx.1994-cü illər üzrə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “12 yanvar 1992-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2479/2023 nömrəli qərardadı ilə iddia tələbinin “xx.xx.1994-xx.xx.2016-cı il tarixlər üzrə müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi qeyri-mümkün hesab edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2001-ci il tarixdə 060262 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı, cavabdehə müraciət edərək 12 yanvar 1992-ci il tarixdən 21 oktyabr 1994-cü il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ona birdəfəlik ödənilməsində köməklik göstərilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır. - iddia tələbinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə 060262 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir, iddiaçı ona veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 ilə görə müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 31583/2023 nömrəli məktubda "Sosial müavinətlər haqqında" qanunun xx.xx.2006-cı il tarixdən qüvvəyə minməsi və sözügedən müavinətin ləğv edildiyi üçün iddiaçının ərizəsində qeyd etdiyi dövrlər üzrə (xx.xx.2001-ci ildən əvvəlki 3 il üzrə) müavinətin ödənilməsinin qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət edərək qeyd olunan dövrlər üzrə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki hallarına əsasən, İddiaçı veteran vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 2 1.1 -ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə, həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. “Veteranlar haqqında’’ Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti “prezident təqaüdü”ndən fərqləndirmək vacibdir. Belə kı, “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Sözügedən Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün həmin Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki 3 (üç il) üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Bu səbəblə iddiaçının əvvəlki dövrlər üçün müavinətin hesablanıb ödənilməsini tələb etmək hüququ yoxdur. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 01 yanvar 2006-cı il tarixdən qüvvədə olduğu üçün xx.xx.2001-ci il tarixdə iddiaçıya verilən “Müharibə veteranı” adı və vəsiqəsinə əsasən 3 illik müavinətin ödənilməsi tələbinin icrası mümkün deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zərdab RHK-ı tərəfindən verilmiş, 060262 №-li vəsiqədən görünür ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilmişdir. - DSMF PHŞ-in Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-31583/2023 nömrəli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya “müharibə veteranı” vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilmişdir. İddiaçı, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək cavabdeh tərəfindən ona 12 yanvar 1992-ci il tarixdən 21 oktyabr 1994-cü il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsini tələb edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən müvafiq təyinatın aparılması və ödənişlərin edilməsi üçün müəyyən edilmiş şərtlər aşağıdakılardır: - müraciət edilmə vaxtından asılı olmayaraq, aylıq müavinət bu Qanunun qüvvəyə mindiyi gündən (xx.xx.2006) sonra onu almaq hüququ yaranan gündən təyin edilir, - ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Göüründüyü kimi iddiaçının müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini tələb etdiyi müddət (xx.xx.1992 – xx.xx.1994) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minməsindən əvvəlki dövrə təsadüf edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq təyinatın aparılmasının həmin Qanunun qüvvəyə mindiyi gündən sonra həyata keçirilməsi nəzərdə tutulduğundan, cavabdeh orqan sözügedən Qanunun tələblərini nəzərə alaraq müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992 - xx.xx.1994-cü il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar