Məhkəmə qərarları › İş №2-1(116)-248/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-248/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-248/2020 18.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpaqğa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçının Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan 0,33 ha həyətyanı torpaq sahəsi onun adına siyahıya alınaraq onun və ailə üzvlərinin mülkiyyətinə verilən əkin torpaq sahəsindən 1,8 kofısentlə çıxılmışdır. Yəni 0,33 ha həyətyanı torpaq sahəsinin əvəzinə pay torpağından 0,594 ha çıxılmışdır. Lakin əkin torpaq sahələrinə dair mülkiyyət sənədləri gəlsə də, zəbt həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi bu günədək verilməmişdir. O, sözügüdən 0,33 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX –nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən təşkilat 20 fevral 2019-cu il tarixli **********84 nömrəli məktubla ilkin hüquqmüəyyənedici sənədlərin alınması üçün aidiyyatına müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra o, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Həmin təşkilat 01 aprel 2019-cu il tarixli **********45 saylı məktubla torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından onun və ailəsinin adı olan hissəyə dair çıxarışı göndərmişdir. Həmin siyahıda sənəd üzrə həyətyanı torpağının 0,12 ha, faktiki vəziyyətdə isə 0,45 ha olması qeyd edilmişdir. Lakin torpaq islahatlarından xeyli sonra ona 0,18 ha torpaq sahəsinə dair mülkiyyət sənədi verilmiş, qalan 0,27 ha torpaq sahəsinə dair isə verilməmişdir. O, həmin çıxarışı da əlavə etməklə yenidən zəbt kimi qeydə alınmış 0,33 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən təşkilat 27 may 2019-cu il tarixli **********93 nömrəli məktubla tələblərindən rəsmi qaydada imtina etmişdir. O, imtinanı əsassız hesab edir və bildirir ki, cavabdeh təşkilat üzərinə düşən öhdəliyi icra etmir və onun hüquqlarını pozur. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpağa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının izahatı: İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri: İddiaçı Baxışov X2 rayonu Diyallı kəndində yerləşən 0.27 ha torpaq sahəsinin adma rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.27 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AA seriyalı ******* nömrəli ş/v-nin surəti, 03.10.2019-cu il tarixli ********* nömrəli qəbz, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin 20.02.2019-cu il **********84 nömrəli imtina məktubu, 19.04.2019-cu il tarixli 60 nömrəli, 19.02.2019-cu il tarixli 61 nömrəli arayışlar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.04.2019-cu il tarixli **********45 nömrəli, 27.05.2019-cu il tarixli **********93 nömrəli məktubları, 18.06.2009-cu il tarixli 1123 nömrəli, 18.06.2009-cu il tarixli 1120 nömrəli, 18.06.2009-cu il tarixli 1121 nömrəli və 02.05.2011 tarixli 4281 nömrəli torpaq sahəsinin planı və ölçüləri, JN-006F seriyalı 40707038 nömrəli şəhadətnamə, 19.12.2019-cu il tarixli **********2 nömrəli etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin 27.05.2019-cu il tarixli **********93 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26.06.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən iddiaçının 4 nəfərdən ibarət ailə üzvlərinə AN-153339 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.4688 ha, AN- 153340 seriyalı plan və ölçüyə əsasən 0.0628 ha, AN-153338 seriyalı plan və ölçüyə əsasən 0,2796 ha, AN-142950 seriyalı plan ölçüyə əsasən 0.0492 ha, ümumilikdə 0.86 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-006 (kod********) saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən Sədiyan kəndində 0.18 ha qanuni həyətyanı və bağ sahəsi verilmişdir. Həmçinin iddiaçının iddia etdiyi 0,33 ha torpaq sahəsi Diyallı kəndində yerləşdiyindən, mülkiyyətinə verilən qanuni həyətyanı torpaq sahəsinə bitişik və ən əsası isə eyni yaşayış məntəqəsində yerləşmədiyindən həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd işlənməyib. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır.Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmiş və adlarına AN-153339 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.4688 ha, AN-153340 seriyalı plan və ölçüyə əsasən 0.0628 ha, AN-153338 seriyalı plan və ölçüyə əsasən 0,2796 ha, AN- 142950 seriyalı plan ölçüyə əsasən 0.0492 ha, ümumilikdə 0.86 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-006 (kod********) saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən Sədiyan kəndində 0.18 ha qanuni həyətyanı və bağ sahəsi verilmişdir. İddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,27 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilmiş və adlarına mülkiyyət sənədləri tərtib edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 0,27 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpağa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar