Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-248/2021 09.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X5ə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 03.08.2020-ci il tarixli qərarının dəyişdirilməsi və təyinat tarixinin 17.02.2020-ci il qeyd olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X5ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 19.05.2020-ci il tarixli, **********7 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 05.02.2020-ci il tarixdən əlillik müavinətinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 22.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İmaməddinov Adil Ramil oğlu iddiaçının oğludur. O, anadangəlmə “uşaq serebral iflici” diaqnozu ilə xəstədir. Xəstəlik səbəbi ilə əlaqədar Bakı Uşaq Nevroloji xəstəxanasında, X2 İnstitunda və müxtəlif bərpa mərkəzlərində müalicə kursları almışdır. İlk dəfə 2009-cu ildə xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınaraq TSEK tərəfindən Sağlamlıq İmkanları məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilmişdir. İddiaçının oğlu təkrar müalicə kursları almasına baxmayaraq xəstəliyinin dinamikasında müsbətə doğru dönüş olmamışdır. A.İmadəddinovun sənədləri HMK-da müayinə olunduqdan sonra 17.02.2020-ci il tarixdə təkrar müayinənin təyini üçün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən TSERAS-a göndərilmiş və 20.03.2020-ci il tarixdə imtina olunaraq xəstəyə sağlamlıq imkanları məhdudluq təyin olunmamışdır. Səbəb olaraq mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi irad tutulub. Halbuki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən TSERAS-a göndərilmiş sənədlərdə mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin nəticələri ətraflı qeyd edilərək hazırkı vəziyyətini tam əks etdirmişdir. İddiaçı cavabdeh orqana oğlunun sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 19.05.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilir ki, Adil İmaməddinovun sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 0388003AAC1H saylı göndərişi əsasında 11.03.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Adil İmaməddinov səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, sağlamlıq imkanları məhdudluğu adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 15.03.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 03.08.2020-ci il tarixli qərarının dəyişdirilməsi və təyinat tarixinin 17.02.2020-ci il qeyd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 21.12.2020-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının oğlu İmaməddinov Adil Ramil oğlunun sağlamlıq imkanlarının məhdudluğu Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAJDV nömrəli göndərişi əsasında 24.07.2020-ci il tarixdə qiymətləndirilmiş və “Ataksik serebral iflic, Uşaq serebral iflici atonik astotik forma.Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-10 dəfə grand mail)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının bundan əvvəl iki dəfə tibbi-sosial ekspert müayinəsinə göndərişləri natamam doldurulduğu üçün tibb müəssisəsinə geri qaytarılmış (hər iki müayinə aktından çıxarış əlavə olunur), sonuncu göndəriş isə tam doldurulduğundan və diaqnoz sağlamlıq imkanlarının təyininə əsas verdiyindən təyinat aparılmışdır. Ona görə də hazırda mübahisə predmeti mövcud olmadığından işə xitam verilməlidir. Göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə qaytarılması hallarında vətəndaşlar bir çox hallarda tibb müəssisəsinə müraciət edib göndərişdəki natamamalıqları aradan qaldırmaq əvəzinə, məhkəməyə müraciət etməyi üstün tuturlar. Bu qəbildən olan işlərin məhkəmə icraatına qəbul edilməsi mümkünsüz sayılmalı və vətəndaşa aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etməli olduğu izah edilməlidir. Çünki inzibati məhkəmələr inzibati orqanın şəxsin hüquqlarını pozan və ya hüquqdan məhrum edən inzibati aktından verilən şikayətlərə baxırlar. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması isə inzibati akt deyil, mövcud qanuni prosedurun bir pilləsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya (tibb müəssisəsinin həkim məsləhət komissiyası nəzərdə tutulur) göndərir. TSEK tibbi-sosial ekspertiza müayinəsinin dəqiq, obyektiv və hərtərəfli aparılması üçün göndərişin natamam doldurulduğu hallarda tamamlanması üçün Əlillik altsistemində müvafiq qeyd aparır. Sistem tərəfindən natamam doldurulmuş göndəriş avtomatik olaraq tibb müəssisəsinə göndərilir. Bu, əlilliyin təyininindən imtina barədə TSEK-in yekun qərarı deyil və şəxsi heç bir hüquqdan məhrum etmir. Hazırkı işin nümunəsində nəzərə çatdırırlar ki, mövcud natamamlıq aradan qaldırıldıqdan sonra qiymətləndirmə aparılır və diaqnoz əsas verirsə əlillik (sağlamlıq imkanlarının məhdudluğu) təyinatı aparılır. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması inzibati aktın qəbul edilməsindən imtina deyil və məhkəmə tərəfindən imtina kimi qiymətləndirilməməli, lazım gələrsə vətəndaşa yenidən tibb müəssisəsinə müraciət etməli olması barədə məlumat verilməlidir. Bu cür işlərin məhkəmə icraatına qəbul edilməsinin mümkün sayılması həm məhkəmələrin, həm Agentliyin iş yükünün lüzumsuz artması, qanunvericiliyin düzgün tətbiq edilməməsi ilə nəticələnir. Həmçinin bildirirlər ki, yaxın zamanda “Əlillik altsistemi”ndə təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Həmin təkmilləşdirmə işləri çərçivəsində “Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi" bölməsində dəyişikliyin aparılacaqdır. Bu iki məsələnin bir bölmədə adlandırılması və texniki yalnışlıq nəticəsində eyni mənaya gəlməsi təəssüratını yaratması halı aradan qaldırılacaqdır. Həmin təkmilləşdirmə işlərindən sonra əlillik təyininindən imtina bərədə yekun qərarın qəbul edilməsi və göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə geri qaytarılması hallarının fərqləndirilməsində çaşqınlıq yaranmayacağına ümid edirik. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Şəki Rayon Psixatriya Xəstəxanasının Şəki Rayon Prokurorluğuna ünvanladığı 16.06.2020-ci il tarixli, 325 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhər sakini İmaməddinov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin göndərişi ilə 13.02.2020-ci il tarixdə ambulator müayinə olunmuş və onda “Ağır dərəcəli əqli gerilik diaqnozu müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, 18 yaşına qədər uşaqlara əlillik müavinətinin təyin edilməsi üçün nəzərdə tutulan “TSERAS” uşaq şöbəsinin nəzdindədir. İş materiallarında olan cavabdeh orqanın Şəki Rayon Prokurorluğuna ünvanladığı 27.07.2020-ci tarixli, **********3 nömrəli məktubda qeyd edilir ki, vətəndaşların əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan qiymətləndirilməklə müəyyən edilir. Müəyyən olunmuşdur ki, İmaməddinov Adil Ramil oğlunun sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 17.02.2020-ci il tarixli 0388003AAC1H saylı göndərişi əsasında şəxsin iştirakı olmadan 11.03.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Belə ki, göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar köməkçi diaqnostik müayinələrin nəticələri və mütəxəssis həkimlərin rəyi ilə əsaslandırılmadığından sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Adil İmaməddinovun sağlamlıq imkanları məhdudluğu növbəti dəfə səhiyyə müəssisəsinin 19.06.2020-ci il tarixli 0344003AAJAC saylı göndərişi əsasında 29.06.2020ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Belə ki, göndərişdə şəxsə "Ağır dərəcəli əqli gerilik" diaqnozu müəyyən edilsə də, elektron sistemin əlavə məlumat bölməsində şəxsin məktəbdə şagird olması əks olunmuşdur. Göndərişdə qeyd edilən diaqnozla elektron sistemdə əks olunan məlumat uyğunsuzluq təşkil edir. Bildiririk ki, əlilliyin qiymətləndirilməsi keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Əlillik altsistemi mütəmadi olaraq təkmilləşdirilir. Son olaraq Əlillik altsistemi müxtəlif dövlət strukturları ilə inteqrasiya olunmuş və nəticədə qiymətləndirilməsi aparılan şəxs haqqında digər dövlət qurumlarında olan məlumatlar (hərbi xidmətə münasibəti, təhsili, sürücülük vəsiqəsi, məşğulluğu və s.) altsistemdə əks olunur. Bu da obyektiv qərarların verilməsində əhəmiyyətli rol oynayır. İş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası X5in Şəki Rayon Prokurorluğuna ünvanladığı 24.06.2020-ci il tarixli, 1465 nömrəli məktubda qeyd edilir ki, Şəki şəhər sakini 17.08.2005-ci il təvəllüdlü İmaməddinov Adil Ramil oğlu anadangəlmə “Uşaq serebral iflici” diaqnozu ilə xəstədir. Xəstəlik səbəbli Bakı Uşaq Nevroloji xəstəxanasında, X3 İnstitunda və müxtəlif bərpa mərkəzlərində müalicə kursları almışdır. İlk dəfə 2009-cu ildə xəstəliin ağırlıq dərəcəsi nəzərə alınaraq TSEK tərəfindən Sağlamlıq İmkanları məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilib. Xəstə təkrar müalicə kursları almasına baxmayaraq xəstəlilin dinamikasında müsbətə doğru dönüş olmamışdır. İmaməddinov Adil Ramil oğlunun sənədləri xəstə HMK-da müayinə olunduqdan sonra 17.02.2020-ci il tarixdə Şəki RMX tərəfindən təkrar müavinətin təyini üçün TSERAS-a göndərilib. 20.03.2020-ci il tarixdə imtina olunaraq xəstəyə sağlamlıq imkanları məhdudluq təyin olunmayıb. Səbəb olaraq mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi irad tutulub. Baxmayaraq ki, TSERAS-a Şəki RMX tərəfindən göndərilən sənəddə mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin nəticələri ətraflı qeyd edilərək hazırkı vəziyyətini tam əks etdirmişdir. 17.03.2020-ci il tarixdə ölkə ərazisində mövcud karantin rejiminin tərtbiqi ilə əlaqədar HMK-lar tərəfindən uşaqların ilkin və təkrar müayinə olunaraq xəstəliyi səbəbli sənədlərin TSERAS-a göndərilməsi müvəqqəti dayandırıldığından İmaməddinov Adil Ramil oğlunun sənədlərini təkrar olaraq mart, aprel, may aylarında TSERAS-a göndərmək mümkün olmamışdır. 19.06.2020-ci il tarixdə xəstə İmaməddinov Adil Ramil oğlunun sənədləri uşaqlıqdan xəstəliyi səbəbli müvanətin təkrar təyini və təsdiqi üçün TSERAS-a göndərilib. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon şöbəsinin Şəki Rayon Prokurorluğuna ünvanladığı 23.06.2020-ci il tarixli, 585 nömrəli məktubda qeyd edilir ki, Şəki şəhər sakini 07.08.2005-ci il təvəllüdlü İmaməddinov Adil Ramil oğlu 12.02.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində tibbi komissiyadan keçirilərək ilkin hərbi qeydiyyata alınmışdır. İmaməddinov Adil Ramil oğlu Hərbi-həkim komissiyasından tibbi müayinədən keçən zaman psixi durumunda qüsurlar aşkar edildiyi üçün ona 12.02.2020-ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndəriş verilmişdir. 07.08.2005-ci il təvəllüdlü İmaməddinov X4 Rayon Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra, Xidmətin Şəki rayon şöbəsinə 17.02.2020-ci il tarixdə, 051 saylı akt daxil olmuşdur. Aktın nəticəsinə əsasən vətəndaş İmaməddinov Adil Ramil oğlu AR Nazirlər Kabinetinin 2008-ci il 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “20 a” maddəsi ilə “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” şəhadətləndirilmişdir. İş materiallarında olan ƏƏSMN 17 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının Şəki Rayon Prokurorluğuna ünvanladığı 29.06.2020-ci il tarixli, 47 nömrəli məktubunda qeyd edilir ki, İmaməddinov Adil Ramil oğlunun sənədləri təkrar SİM uşaq kimi TSERAS-a göndərilmiş, 20.03.2020-ci il tarixdə xəstəyə imtina təyin edilmişdir. Hazırkı COVİD-19 pandemiyası ilə əlaqədar belə xəstələrin Bakı şəhərinə əyani müayinəyə getmək imkanı olmadığı üçün yerli TSEK-lərdə əyani müayinə olunub xəstəlikləri barədə məlumatın RTSEM-ə göndərilməsi imkanı yerli TSEK-lərə həvalə olunmuşdur. Ona görə də, İmaməddinov Adil Ramil oğlunun təkrar SİM uşaq kimi müavinətinin təsdiqlənməsinə kömək etmək üçün həmin şəxsin yerli TSEK-ə sənədləri ilə birlikdə müraciət etməsi lazımdır. Ancaq bu halda 17 saylı TSEK-də xəstə əyani müayinə olunduqdan sonra xəstəliyi təsdiq edilərsə, sənədləri TSERAS-a göndərilərək SİM uşaq kimi müavinəti təsdiq edilə bilər. İş materiallarında olan 11.03.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 11.03.2020-ci il tarixdə müayinə olunmuş və ona “ataksik serebral iflic, uşaq serebral iflici atonik – astotik forma Ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. İmtina edilmənin səbəbi qrafasında “göndərişin natamam doldurulması – səbəb: mütəxəssislərin rəyləri laborator instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” olaraq qeyd edilmişdir. İş materiallarında olan 29.06.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 29.06.2020-ci il tarixdə müayinə olunmuş və ona “uşaq serebral iflici atonik astotik forma OS miopik astiqmatizm. Tez-tez təkrarlanan epileptik qıcolmaları ilə (ayda 8-9 dəfə grand mall), hərəki pozğunluq. Ataktik yeriş. Kobud nitq qüsuru. Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. İmtina edilmənin səbəbi qrafasında “göndərişin natamam doldurulması – səbəb: ağırlaşmada qeyd edilmiş ağır dərəcəli əqli gerilik ilə xəstənin məktəbdə şagird olması uyğunsuzluq təşkil eidr” qeyd edilmişdir. İş materiallarında olan 03.08.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 03.08.2020-ci il tarixdə müayinə olunmuş və ona “ataksik serebral iflic, uşaq serebral iflici atonik astotik forma. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-9 dəfə grand mall)” diaqnozu qoyulmuşdur. Meyar qrafasında “3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.2. davamlı, nəzərəçarpan hərəkipozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” qeyd edilmişdir. Təyinatın tarixi 03.08.2020-ci il göstərilmişdir. İş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası X5in məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, 566 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı övladı 2005-ci il təvəllüdlü Adil İmaməddinovun tibbi sənədləri 14.02.2020-ci il, 19.06.2020-ci il və 24.07.2020-ci il tarixlərdə “Şəki RMX” X5in HMK-sı tərəfindən TSEK göndərişlər reyestrinə daxil edilmiş, hər dəfə “Yalnış və ya natamam doldurma” cavabı daxil olmuşdur. Bütün hallarda imtina cavabı daxil olduqdan sonra xəstə dəvət edilmiş və tələb olunan digər zəruri müayinə və müalicələr həyata keçirilsə də, TSEK-nın işçi qrupu tərəfindən imtina cavabı daxil olmuşdur. Sonradan 03.08.2020-ci il tarixdə valideyn öz təşəbbüsü ilə övladının tibbi sənədlərini Şəki 10 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına təqdim etmiş, həmin komissiya tərəfindən sənədlər reyestrə daxil edilmişdir. Dövlət Tibbi Sosial Ekpertiza və Reablitasiya Xidməti (DTSERX) tərəfindən xəstə 17.08.2023-cü il tarixə kimi SİM uşaq kimi qiymətləndirilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Hazırda mübahisələndirilən qərar iddiaçının oğluna münasibətdə əlverişli inzibati akt olsa da, həmin aktın ilkin müraciət vaxtı qəbul edilməməsi iddiaçının oğlunun hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Belə ki, ilkin müraciət vaxtı onun oğluna sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş olsa idi, onun qanunvericiliklə nəzərdə tutulmuş sosia müavinət almaq hüququ reallaşmış olacaqdı. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada oğlunun hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı qanunvericiliyin tələbi baxımından 17.08.2005ci il təvəllüdlü İmaməddinov Adil Ramil oğlunun valideyni olmaqla sonuncunun mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir (Mülki Məcəllə maddə - 33.2). İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir.İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən 03.08.2020-ci il tarixə qədər iddiaçının oğluna sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasından bir neçə dəfə əsassız imtina olunmuş, iddiaçının oğlu anadangəlmə xəstə olduğu halda, heç bir lüzum olmadığı halda ona münasibətdə formal tələblər irəli sürülmüş, hətta bir dəfə “göndərişdə şəxsə "Ağır dərəcəli əqli gerilik" diaqnozu müəyyən edilsə də, elektron sistemin əlavə məlumat bölməsində şəxsin məktəbdə şagird olması əks olunmuşdur.” əsası ilə imtina verilmişdir. Halbuki belə imtina yuxarıda sadalanan normalarda nəzərdə tutulmamışdır. Cavabdehə xəstəxana tərəfindən göndərilən göndərişlərdə iddiaçının oğlunun xəstəliyi barədə ətraflı məlumat verilmiş, göndərişlər məzmun baxımından bir-birindən fərqlənməmişdir. "Ağır dərəcəli əqli gerilik" diaqnozu müəyyən olunmuş şəxsə qarşı cavabdeh inzibati orqanın bu hərəkətinin məqsədinin nə olması aydın deyil. Əgər əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun əsassız yerə təyin olunmasının qarşısını almaq məqsədi güdülmüşdürsə, görülən tədbirlər və edilmiş hərəkətlər hazırki halda iddiaçının oğluna münasibətdə mütənasib olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu Əsasnamənin 3.1.1 – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göründüyü kimi, əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə anadangəlmə əlil olan iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır. Əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara bu cür münasibət qəbul edilməz olduğu kimi insapərvərliyə belə sığmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn 03.08.2020-ci il tarixli qərarı dəyişdirilməli və təyinat tarixi 17.02.2020-ci il qeyd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn İmaməddinov Adil Ramil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə 03.08.2020-ci il tarixli 7LK9WJ50008 nömrəli qərarının təyinatın tarixi “03.08.2020” hissəsi “17.02.2020” kimi dəyişdirilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-248/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-248/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver