Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-248/2023 15.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən hal-hazıradək X4 Dispanserində və Şəki rayonlararası Psixiatriya xəstəxanasında tibb qardaşı vəzifəsində işləyir. Zərərli işə görə iddiaçı əmək haqqına 20 faiz əlavə almışdır. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işlədiyi üçün xx.xx.2016-cı il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinin yenidən hesablanması üçün iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Bundan sonra 2022-ci ilin iyul ayında ona əmək pensiyasının ödənişi dayandırılmışdır. Mərkəzi Filial tərəfindən iddiaçının ünvanına məktub göndərilərək əmək pensiyasının ləğv edildiyi bildirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun oiaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində və bölmələrində (c) orta və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1981-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanasında tibb qardaşı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, işlədiyi “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanası yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri və bölmələrinə sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23151,24 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır:
1. Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş);
2. Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il);
3. Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il);
4. Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İşin mübahisələndirilən halı iddiaçının güzəştli sosial sığorta stajıdır. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1981-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanasında tibb qardaşı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanası müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri və bölmələri sahəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli sosial sığorta stajı olmamış, lakin həmin uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Hal-hazırda iddiaçının hüququ olmadığı halda ona ödənmiş xx.xx.2016-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23151,24 manat artıq pul vəsaitinin mövcud olduğu aşkar edilmiş və barədə sözügedən məktubda qeyd olunmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında’’ Qanunun tələblərinə müvafiq olaraq güzəştli iş stajı mövcud olmadığından ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etirazına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı cavabdeh orqana müraciət edərək pensiyaya çıxdıqdan sonra altı il işlədiyinə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərar ləğv edilmiş, iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan: İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 39 nömrəli əmrlə X4 dispanserinə tibb qardaşı vəzifəsinə işə qəbul olunmuş, Şəki MRX-nin baş həkiminin xx.xx.2010-cu il tarixli, 31 nömrəli əmri ilə Səhiyyə Nazirliyinin 136 saylı, xx.xx.2009-cu il tarixli əmrinə əsasən Şəki səhiyyəsində aparılan struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmiş, Şəki MRX-nin baş həkiminin xx.xx.2010-cu il tarixli, 32 nömrəli əmri ilə Rayonlararası X1 şöbəsinə tibb qardaşı vəzifəsinə təyin olunmuşdur. Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 770 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1981-ci il tarixdən hazırkı tarixədək fasiləsiz tibb qardaşı vəzifəsində işləyir. Ağır iş olduğu üçün əmək haqqına 20 faiz əlavə olunur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən 1981-ci ilin may ayınadək həqiqi hərbi xidmət keçmişdir. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Şəki rayon Psixiatriya Xəstəxanasının baş həkimi tərəfindən verilmiş və xəstəxananın möhürü ilə təsdiq olunmuş arayışdan görünür ki, iddiaçı Şəki rayon X1 şöbəsində tibb qardaşı vəzifəsində işləyir, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 41 il 06 aydır, zərərli işdə işlədiyi üçün əmək haqqına 20 faiz əlavə alır, iddiaçının vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə və orta tibb heyəti vəzifə koduna uyğundur. Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 057 nömrəli məktubuna əlavə olunmuş vəzifə təlimatında qeyd olunur: tibb qardaşının əmək funksiyası: Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir. Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır. Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. tibb qardaşı bilməlidir: müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb bacısının (qardaşının) rolunu və vəzifələrini; səhiyyə müəssisələrinin təşkilati strukturunu; tibb alətləri və avadanlıqları ilə iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-28/2-409/2023 nömrəli məktubunda qeyd olunur ki, uşaq psixonevroloji müalicə-profilaktika müəssisələrində və psixiatriya xəstəxanalarında pasiyentlərə psixiatriya yardımı göstərilir. Bu müəssisələrdə bilavasitə pasiyentlərlə təmasda olan işçilər sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitində çalışdıqları hesab edilir. “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.2-ci hissəsinin “d” bəndinə əsasən sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə psixiatriya (psixonevroloji) müəssisələrində çalışan həkim, orta tibb heyəti (arxivlərdə tibb qeydiyyatçısı istisna olmaqla) və kiçik tibb heyəti vəzifələrində çalışan işçilərinin əmək haqqına hər ay vəzifə (tarif) maaşının 20 faizi miqdarında əlavə haqq ödənilir. Eləcə də, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 nömrəli qərarına əsasən psixiatriya profilli müəssisələrdə çalışan tibb işçiləri, o cümlədən orta tibb heyəti 24 təqvim günü müddətinə əlavə məzuniyyət hüququna malikdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “İnzibati İcraat Haqqında” Qanunun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunmasından ibarətdir. Göstərilən normanın tələbinə əsasən, xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi baxımından qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixdə 57 yaşı tamam olmuş iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməklə, onun 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının olması müəyyən edilməklə iddiaçıya əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə əsas verməməsi səbəbindən ləğv edilmişdir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilsə də, iddiaçının həmin illərə dair iş stahının güzəştli olmasını təkzib edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Şəki rayon X1 şöbəsində tibb qardaşı vəzifəsində işləyir, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 41 il 06 aydır, zərərli işdə işlədiyi üçün əmək haqqına 20 faiz əlavə alır, iddiaçının vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə və orta tibb heyəti vəzifə koduna uyğundur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı iyul 2022-ci il tarixdən bərpa edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə icraatı gedişində də, iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsini istisna və ya əmək kitabçasında göstərilən məlumatların qeyri-mötəbərliyini təsdiq edən hər-hansı sübut təqdim edilməmişdir. İddiaçı ona münasibətdə əmək pensiyasının bərpa edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.