Məhkəmə qərarları › İş №2-1(116)-249/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-249/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-249/2023 05.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon “M.İ.Kalinin” adına kolxozun xx.xx.1992-ci il tarixli, 4 nömrəli ümumi iclasının qərarı və Ağdaş rayon Aqrar İslahat Komissiyasının “Torpağın mülkiyyətə verilmləsinə dair” xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə ona verilmiş 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon “M.İ.Kalinin” adına kolxozun xx.xx.1992-ci il tarixli, 4 nömrəli ümumi iclasının qərarı və Ağdaş rayon Aqrar İslahat Komissiyasının “Torpağın mülkiyyətə verilmləsinə dair” xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə ona verilmiş 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayon “M.İ.Kalinin” adına kolxozunun 11 sentyabr 1992-ci il tarixli 4 nömrəli ümumi iclasının qərarı ilə iddiaçıya Ağdaş şəhəri ərazisində 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 11 sentyabr 1992-ci ildə qeyd edilən torpaq sahəsi iddiaçıya təhvil verilib və bu barədə müvafiq Akt tərtib olunub. Ağdaş şəhəri ərazisində 0,15 ha həyətyanı torpaq sahəsinin iddiaçıya verilmə faktı Ağdaş rayon “M.İ.Kalinin” adına kolxozun 11 sentyabr 1992-ci il tarixli 4 nömrəli ümumi iclas protokolunun qərarından Çıxarışla, eyni tarixli torpaq sahəsinin ona təhvil verilməsi barədə Aktla, Ağdaş rayon Aqrar İslahat Komissiyasının “Torpağın mülkiyyətə verilməsinə dair” 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə və onun əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN 4450A nömrəli 90301004 kodlu Şəhadətnamə ilə təsdiq olunur. Həmin vaxtdan iddiaçıya verilmiş torpaq Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına qeydiyatda olmaqla, onun istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********33 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətlə əlaqədar idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-4450A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş şəhər ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-4450A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi olmasına baxmayaraq, elektron adlı syahıda və şəhadətnamələrin qeydiyyatı kitabında X1 adına JN-4450A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilən səbəblərdən Ağdaş şəhərində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkünsüzdür və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********35 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair etirazını bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)249/2023 nömrəli qərardadı ilə Ağdaş bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə əlavə olunmuş: Ağdaş rayon “Kalinin” adına kolxozun xx.xx.1992-ci il tarixli, 4 nömrəli ümumi iclas protokolunun qərarından çıxarışın surətindən görünür ki, həmin iclasda Azərbaycan SSR Nazirlər Sovetinin iyun 1990-cı il tarixli 247 nömrəli, Ağdaş rayon XDS İcraiyyə Komitəsinin avqust 1990-cı il tarixli 16 nömrəli qərarlarına (qərarların tarixləri dəqiq oxunmur) əsasən təsdiq olunmuş siyahı üzrə X2 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1992-ci il tarixli (aktın tarixi dəqiq oxunmur) Aktdan görünür ki, iddiaçının iştirakı ilə kolxozun xx.xx.1992-ci il tarixli 4 nömrəli iclasının qərarı ilə vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi üçün müəyyən olunmuş sahədən ona 0,15 ha torpaq sahəsi verilmişdir. Nə xx.xx.1992-ci il tarixli 4 nömrəli ümumi iclas protokolunun, nə də 1992-ci il tarixli aktın əsli məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması ilə aşkar olunmamışdır. Ağdaş bələdiyyəsinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 328 nörməli məktubunda qeyd olunmuşdur ki, Ağdaş şəhəri üzrə torpaq və əmlak vergiləri şəxsi hesab kitabında 10 nömrəli kitabın 1601-ci səhifəsində X1 adına İ.ünvan 2 ünvanda 0,1500 ha torpaq sahəsi var və bu günə kimi torpaq vergiləri pulu S.Mehralıyeva tərəfindən ödənilib. JN-4450A kod 90301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi iddiaçıya verilmişdir. Şəhadətnamə 3/1145 nömrə ilə kitabda qeydə alınmışdır (şəhadətnamənin əsli xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən işə əlavə olunması üçün təqdim edilmişdir). "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzin arxivində Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı və İddiaçı dair məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/1-886/2023 nörməli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi 0,1520 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin “X4 X6”ndə mövcud olan xəritəsinə əsasəsn İddiaçı naturada göstərdiyi 0,1520 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş rayonu, Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı adına verilmiş JN 4450A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi idarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, həmçinin elektron məlumat bazasında (DWG) qeydə alınmadığından, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək olmadı. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-1350/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarının və Ağdaş rayonunda həyətyanı və pay torpaq sahələri ayrılan subyektlər siyahısından İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışın nüsxələri Ərazi idarəsinin arxivində mövcud deyildir. Məktuba əlavə olunmuş JN-4450A kod 90301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi iddiaçıya verilmişdir. Məktuba əlavə olunmuş “Şəhadətnamələrin qeydiyyatı kitabı”ndan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 1145-ci sırada Nazim Hüseynov adlı şəxsin məlumatları qeyd olunmuş, adının qarşısında 1656A nömrəli şəhadətnamə yazılmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-32-15/1-12/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdaş rayon Dövlət Arxivində torpaq mülkiyyətinə dair verilmiş olan şəhadətnamələrin arxiv nüsxələri saxlanılmır. Göstərilənlərdən əlavə məhkəmə tərəfindən işin hallarının tam araşdırılması məqsədilə JN-4450A nömrəli şəhadətnamənin qonşu torpaq sahələri kimi qeyd edilmiş 3082A nömrəli və 3616A nömrəli şəhadətnamələrin arxiv nüsxələri sorğu edilərək əldə edilmiş, həmin şəhadətnamələrin qonşu sahələrində JN-4450A nömrəli şəhadətnamənin öz əksini tapmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin faktiki hallarına göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini tələb edilən 0,15 ha torpaq sahəsinə münasibətdə məhkəmə araşdırması və sorğularla iddiaçının hüquqlarının tanınmasına imkan verən heç bir hüquqmüəyyənedici sənəd və hüquqi əsaslar aşkar olunmadığından iddia təmin edilməməlidir. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon “M.İ.Kalinin” adına kolxozun xx.xx.1992-ci il tarixli, 4 nömrəli ümumi iclasının qərarı və Ağdaş rayon Aqrar İslahat Komissiyasının “Torpağın mülkiyyətə verilmləsinə dair” xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə ona verilmiş 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar