Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2490/2024 30.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-928 F saylı kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması, adlarının həmin şəhadətnaməyə mülkiyyətçilər kimi əlavə edilməsi və bundan sonra adlarının daxil edildiyi mülkiyyət sənədi olan "Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “0.07 ha torpaq sahəsinin mülkiyyətçisi olaraq adının qeyd edilməsi ilə mülkiyyət sənədi olan hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya izah olunmuşdur ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçılar xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə göndərərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-928 P saylı kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması, adlarının həmin şəhadətnaməyə mülkiyyətçilər kimi əlavə edilməsi və bundan sonra adlarının daxil edildiyi mülkiyyət sənədi olan "Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçılar 26 fevral 2001-ci il tarixli 03 saylı qərarla digər ailə üzvləri X3, X4 , X2 mülkiyyətinə 0,07 ha torpaq sahəsinin verilməsinə dair JN-928 F saylı kod 40601004 nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etsələr də, heç bir hüquqi əsas olmadan iddiaçıların adı subyektlər siyahısına daxil edilməmişdir. Bu səbəbdən iddiaçıların adı 26 fevral 2001-ci il tarixli 03 saylı qərar əsasında verilən 40601004 nömrəli Şəhadətnamədə subyektlər siyahısında görümür. İddiaçılar daha sonra iddia tələbini dəqiqləşdirərək JN-928 F saylı kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması, adlarının həmin şəhadətnaməyə mülkiyyətçilər kimi əlavə edilməsini tələb etmişlər. Nəzərə alınmalıdır ki, iddiaçılar tələbin həcmi artırsalar da, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması və adlarının həmin şəhadətnaməyə mülkiyyətçilər kimi əlavə edilməsi tələbinin özü də mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə iclasında İddiaçı1 verdiyi izahatında mübahisələndirilən Şəhadətnamənin məzmunundan 3 il əvvəl məlumatının olmasını bildirmişdir. Digər İddiaçı2 isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qardaşı 1999-cu ildə ailə qurduqdan bir neçə il sonra mübahisələndirilən Şəhadətnamənin məzmunundan xəbəri olmuş və bununla bağlı bacısı İddiaçı1 məlumat vermişdir. Qardaşına və maddi imkansızlığına görə Şəhadətnaməni mübahisələndirməmişdir. İş materiallarında olan JN-928F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, sözügedən sənəd Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, X1 qərarları inzibati aktdır və nə qədər ki, həmin qərar qüvvədədir sözügedən qərar əsasında verilmiş sənədlərin ləğv edilməsi mümkün deyil. Bunün üçün iddiaçılar ilk növbədə Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarının mübahisələndirilən torpaq sahəsinə aid hissədə ləğvinə nail olmalı, qaldırılmış məsələ müsbət həll olunduqdan sonra isə hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun (xx.xx.2006) İİİ hissənin 4-cü bəndinə əsasən “Torpaq islahatı haqqında” Qanuna əlavə edilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının nümunəsi çıxarılmışdır. Sözügedən Qanunun V hissəsinin 2-ci bəndində “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin aşağıdakı redaksiyada verilməsi təsbit edilmişdir. - Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ... hüquqi torpaq kadastr sənədləri hesab olunur. Odur ki, mübahisələndirilən Şəhadətnaməyə iddiaçıların adlarının əlavə edilməsi mümkün olmadığından cavabdeh orqanın üzərinə qeyd edilən məzmunda öhdəlik qoyula bilməz. İddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb isə ilkin tələbdən asılı tələbdir. İlkin tələb qeyrimümkün olduğundan tələbin həmin hissəsinə də, mahiyyəti üzrə baxılması mümkün deyil. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçılara izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. İddiaçılar, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-928 F saylı kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair səhadətnamə"nin ləğv olunması, adlarının həmin şəhadətnaməyə mülkiyyətçilər kimi əlavə edilməsi və bundan sonra adlarının daxil edildiyi mülkiyyət sənədi olan "Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2490/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2490/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver