Məhkəmə qərarları › İş №2-1(116)-2501/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2501/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2501/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, üçüncü şəxslər X11, X3, X12, üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci məsələ üzrə Şəki şəhər Z.Əliyev küçəsində yerləşən 0,01 ha (reyestr nömrəsi **********12), Salman Mümtaz küçəsində yerləşən 0,12 ha (reyestr nömrəsi **********44) və 9-cu məsələ üzrə Şəki şəhər A.Qədirov küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********18) və Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********04) torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qəbul edilmiş aidiyyəti qərarlarının ləğv edilməsi” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci məsələ üzrə Şəki şəhər Z.Əliyev küçəsində yerləşən 0,01 ha (reyestr nömrəsi **********12) və 0,016 ha (reyestr nömrəsi **********66) Salman Mümtaz küçəsində yerləşən 0,12 ha (reyestr nömrəsi **********44) və 9-cu məsələ üzrə Şəki şəhər A.Qədirov küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********18) və Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********04) torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qəbul edilmiş aidiyyəti qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2501/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2501/2023 nömrəli qərardadı ilə X12, X2, X3, X9 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2501/2023 nömrəli qərardadı ilə “Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci məsələ üzrə 0,016 ha (reyestr nömrəsi **********66) torpaq sahəsinin müsabiqəyə çıxarılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi” hissəsində iddia tələbi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki bələdiyyəsinin İddiaçınə daxil olmuş xx.xx.2023-cü il tarixli 04 nömrəli iclas protokolunda olan aktlara (qərarlara) inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, iclasın gündəliyində olan bəzi məsələlər üzrə torpaqların satışı, hərrac və ya müsabiqəyə çıxarılması ilə bağlı qərarlarda müəyyən edilmiş qiymətlər və ilkin qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlak Dövlət Kadastr və Reyster publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin təqdim etdiyi cavab məktubundan aydın olmuşdur ki, protokolda göstərilən torpaqlardan bəzilərinin qiymətləri ilə real bazar qiymətləri arasında kəskin fərq vardır. 7-ci məsələ üzrə qəbul edilmiş qərarlarda sahibkarlıq məqsədilə satılması nəzərdə tutulan Şəki şəhər Z.Əliyev küçəsində yerləşən 0,01 ha, 0,016 ha və Salman Mümtaz küçəsində 0,12 ha torpaq sahələrinin (reyestr nömrəsi **********12, **********66 və **********44) 0,01 ha üçün ilkin satış qiyməti 1547 manat müəyyən edilmişdir. Lakin Ərazi idarəsinin məktubunda Z.Əliyev küçəsində yerləşən 0,01 ha və 0,016 ha torpaqlar üçün real bazar qiyməti hər 0,01 ha üçün 5000 manat, Salman Mümtaz küçəsində 0,12 ha torpaq sahəsinin (reyestr nömrəsi **********44) real bazar qiyməti isə 0,01 ha üçün 4000 manat göstərilmişdir. 9-cu məsələ üzrə qəbul edilmiş qərarlarda həyətyanı məqsədilə satılması nəzərdə tutulan 98 kvartalda Şəki şəhər A.Qədirov küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********18) torpaq sahəsinin ilkin satış qiyməti 0,01 ha üçün 652 manat müəyyənləşdirilmişdir. Lakin, Ərazi idarəsinin məktubunda həmin 0,03 ha (reyestr nömrəsi **********18) torpaq sahəsi üçün real bazar qiyməti hər 0,01 ha üçün 5000 manat göstərilmişdir. Həmçinin həyətyanı məqsədilə satılması nəzərdə tutulan Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********04) torpaq sahəsinin ilkin satış qiyməti 0,01 ha üçün 1454 manat müəyyənləşdirilmişdir. Lakin Ərazi idarəsinin məktubunda Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********04) torpaq sahəsi üçün real bazar qiyməti hər 0,01 ha üçün 5000 manat göstərilmişdir. Qərarlara inzibati nəzarət qaydasında baxılmasının nəticəsində bələdiyyənin qeyd olunan aktlarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə 230-Ş saylı təklif məktubu göndərilmişdir. Lakin, qanunvericiliyin tələblərinə əsasən təklif 5 gün ərzində müzakirəyə çıxarılmalı olduğu halda bələdiyyə tərəfindən təklif məktubu müzakirəyə çıxarılmamış, təklif təmin edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə bələdiyyəyə müraciət edilərək təklif məktubunun müzakirəyə çıxarılaraq nəticəsi barədə xx.xx.2023-cü il tarixə kimi məlumat verilməsi göstərilsə də, hər hansı sənəd idarəyə daxil olmamışdır. Belə olan halda inzibati nəzarət orqanı məhkəməyə müraciət etməli olur. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, tələbdə qeyd olunan torpaq sahələrinin hamısı “X5 publik hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 08 İyun 2023-cü 3 tarixdə keçirdiyi müsabiqədə ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə satılmış və həmin şəxslərin adına Şəhadətnamələr verilmişdir. Qalib fiziki şəxslərlə Şəki bələdiyyəsi arasında notarial qaydada aiqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki rayon Şəki bələdiyyəsinin 10 aprel 2023-cü il tarixli 04 nömrəli iclasının gündəliyində olan 7-ci məsələ üzrə qəbul edilmiş qərarından görünür ki, şəhərin Z.Əliyeva küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,01 və 0,016 ha, şəhərin S.Mümtaz küçəsində yerləşən 0,12 ha torpaq sahələrinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********12, **********66, **********44) 0,01 ha-nın dəyəri son müsabiqədə satılan torpağın hər 0,01 ha-na görə ödənilən qiymətdən az olmayaraq 1547 manat müəyyən edilmiş və sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə mülkiyyətə verilməsindən ötrü yenidən müsabiqəyə çıxarılması qərara alınmışdır. - Şəki rayon Şəki bələdiyyəsinin 10 aprel 2023-cü il tarixli 04 nömrəli iclasının gündəliyində olan 9-cu məsələ üzrə qəbul edilmiş qərardan görünür ki, Şəki bələdiyyəsinin mülkiyyətində olan şəhərin A.Qədirov küçəsində yerləşən (98-ci kvartal) 0,03 ha (**********18) torpaq sahəsinin 0,01 ha-nın ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 ha-na görə ödənilən qiymətdən az olmayaraq 652 manat, şəhəri B.Vahabzadə küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin (**********04) 0,01 ha-nın ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 ha-na görə ödənilən qiymətdən az olmayaraq 1454 manat müəyyən edilmiş və fərdi yaşayış evi tikintisi üçün mülkiyyətə verilməsindən ötrü yenidən müsabiqəyə çıxarılması qərara alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Abdulqəni Qədirov küçəsi yerləşən 0,03 ha torpaq sahəsi X6 mülkiyyətindədir (Şəki bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır). - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha torpaq sahəsi X1 mülkiyyətindədir (Şəki bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır). - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zərifə Əliyeva küçəsində yerləşən 0,01 ha torpaq sahəsi X7 mülkiyyətindədir (Şəki bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır). - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən 0,12 ha torpaq sahəsi X4 mülkiyyətindədir (Şəki bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi, üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “Bələdiyyələrin fəalliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.-cü və 8.6.-cı maddələrinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İş materialları ilə müəyyən edilir ki, Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci və 9-cu məsələlər üzrə müvafiq qərarlar qəbul edilərkən Torpaq sahəsinin bazar qiyməti nəzərə alınmamış və mövcud bazar qiymətlərindən aşağı qiymətlərdə torpaq sahələrinin özgəninkiləşdirilməsinə yol verilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, mübahisələndirilən, cavabdehin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci və 9-cu məsələlərdə qeyd edilmiş bütün torpaq sahələri bələdiyyə tərəfindən müvafiq alqı-satqı müqavilələri bağlanmaqla üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahələrinin satılması (müsabiqəyə çıxarılması) ilə bağlı qərarlar qəbul edilərkən, torpaq sahələrinin real bazar dəyəri nəzərə alınmasa da, artıq müvafiq torpaq sahələri özgəninkiləşdirildiyindən və həmin şəxslər hüquq sahibi olduqlarından, adları qeyd edilən şəxslərin inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. Belə ki, cavabdeh, müvafiq torpaq sahələrinin satılması və torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qərarı qəbul edilərkən son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq qiymətləri müəyyən etdiyindən, üçüncü şəxslərin cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, analoji şərtlər daxilində əvvələr torpaq sahələrinin özgəninkiləşdirilməsi, yenə cavabdehin uyğun qaydada davranacağı ilə bağlı üçüncü şəxslərdə haqlı olaraq qanuni gözləntiləri yaratmışdır. Nəzərə alınmalıdır ki, şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir və bu zaman yol verilmiş pozuntulara görə üçüncü şəxslərin hüquqlarının pozulması yolverilməzdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarda qeyd edilmiş torpaq sahələri özgəninkiləşdirildiyindən və üçüncü şəxslərin inzibati akta etimad hüququ qanunla qorunduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclasının gündəliyində olan 7-ci məsələ üzrə Şəki şəhər Z.Əliyev küçəsində yerləşən 0,01 ha (reyestr nömrəsi **********12), Salman Mümtaz küçəsində yerləşən 0,12 ha (reyestr nömrəsi **********44) və 9-cu məsələ üzrə Şəki şəhər A.Qədirov küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********18) və Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0,03 ha (reyestr nömrəsi **********04) torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə qəbul edilmiş aidiyyəti qərarlarının ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar