Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2501/2025 01.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, xx.xx.1957-ci ildə Zaqatala rayonu Mosul kəndində anadan olmuşdur. 65 yaşının bitdiyi xx.xx.2022-ci il tarixdən yaşa görə 180 manat müavinət təyin edilmiş, sonradan həmin məbləğ 220 manata çatdırılmışdır. Cavabdeh tərəfindən pensiya təyin edilən zaman onun işlədiyi və hərbi xidmətdə olduğu illər nəzərə alınmamışdır. Zaqatala Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, 1973-cü ildən 1999-cu ilədək Zaqatala rayon Mosul kənd “Komsomol” adına kolxozda işləmişdir. Hərbi xidmət dövrü və kolxozda işlədiyi illər nəzərə alınsa sığorta stajı 28 il təşkil edir. O, cavabdeh inzibati orqana yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, inzibati orqan onun cəmi stajının 20 il 7 gün olduğunu qeyd edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-255158/2024 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, İddiaçı sosial sığorta stajı (20 il 7 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1973 il tarxindən 1999-cu il tarixinədək Zaqatala rayon Mosul kənd “Komsomol" adına kolxozunda işləmişdir. Cavabdeh orqan “Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra - Qanun) 1.0.2; 7; 22-1.1-ci maddələrinə, 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixi icmal məktubuna istinad edərək bildirmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, iddiaçının Zaqatala rayon Məhkəməsinin qətnaməsinə və pensiya işi qovluğunda olan sənədlərin surətində qeyd olunmuş məlumatlarına əsasən, həmçinin, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 7 gün təşkil edir. Əlavə olaraq, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd edilmişdir ki, iddiaçının pensiya işi qovluğunda olan xx.xx.2014-cü il tarixli arxiv arayışı ilə sonradan təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il arixli arayışı arasında uyğunsuzluq vardır. Belə ki, xx.xx.2014-cü il tarixli arxiv arayışında 1978-ci il tarixindən 1995-ci il tarixinədək dövrlər qeyd edilmiş, lakin xx.xx.2024-cü il arixli arayışda isə 1973-cü il tarixindən 1999-cu il tarixinədək dövrlər qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Zaqatala rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 1324 saylı arxiv arayışı hüquqi fakt kimi müəyyən edildiyi üçün sözügedən arayışda qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri iddiaçının sığorta stajına daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuş 1973-1975-ci və 1996-1999-cu illər sığorta stajına daxil edilməmişdir. Sözügedən arayış sonradan təqdim edilmişdir və xx.xx.2014-cü il tarixli hüquqi fakt kimi müəyyən edilmiş arayışla arasında fərqlilik olduğu üçün həmin arayışın saxtalaşdırıldığına şübhələr yaranmışdır. Belə ki, iddiaçı həqiqətən həmin dövrlərdə işləmiş olsaydı daha əvvəlki arayışda öz əksini tapmış olardı. Qeyd edilənlərə uyğun olaraq iddiaçının işlədiyini qeyd etdiyi həmin dövrlərin stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-ci il və xx.xx.2014-cü il tarixli (1978- 1995-ci illərə münasibətdə) arxiv arayışlarından görünür ki, Zaqatala rayonu Mosul kəndi “Komsomol” kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda X1 oğlunun aşağıdakı illər üzrə işləməsi və ona əmək haqqının və iş stajının hesablanması aşağıdakı kimi qeyd edilmişdir: 1973 - 167 gün, 1988 - 322 gün, 1974 - 250 gün, 1989 - 355 gün, 1975 - 226 gün, 1990 - 218 gün, 1978 - 139 gün, 1991 - 174 gün, 1979 - 249 gün, 1992 - 285 gün, 1980 - 295 gün, 1993 - 308 gün. 1981 - 306 gün, 1994 - 317 gün 1982 – 318 gün, 1995 – 313 gün 1983 – 312 gün, 1996 – 92 gün 1984 – 346 gün, 1996 – 137 gün 1985 – 355 gün, 1997 – 240 gün 1986 – 357 gün, 1998 – 192 gün 1987 – 327 gün, 1999 – 101 gün - НЗ ******* nömrəli hərbi biletin surətindən və Səfərbərlik və Hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - xx.xx.2024-cü il tarixli Əmək pensiyasının təyin edilməsindən imtina haqqında qərarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasınının təyin edilməsindən imtina edilmişdir. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-311/2017 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Zaqatala Rayon Dövlət arxivi tərəfindən “X1 oğlu”nun adına verilmiş xx.xx.2014-cü il tarixli 1324 saylı əmək haqqı və sair barədə arxiv arayışının 1957-ci il aprelin 06-da Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ərizəçi İddiaçı məxsus olması ilə əlaqədar hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş, ərizəçi İddiaçı 1978-1995-ci illərdə Zaqatala rayonu “Komsomol” adına kolxozda əmək fəaliyyətində olması ilə əlaqədar hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş və həmin müddət onun sosial sığorta stajına daxil edilmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmənin qənaətinə görə iddia “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət illəri (2 il 7 gün) və xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixədək "Komsomol" adına kolxozdakı 18 il əmək fəaliyyəti müddəti, cəmi 20 il 7 gün cavabdeh orqan tərəfindən sosial sığorta stajına daxil edilərək mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Komsomol" adına kolxozda olan əmək fəaliyyəti dövrüdür. İş materialına əlavə olunmuş Zaqatala rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi İddiaçı Zaqatala rayonu Mosul kəndi “Komsomol” kolxozunda işləməsi barədə sənədlərin təsdiq edilmiş surətindən görünür ki, mübahisələndirilən dövr üzrə iddiaçının sığorta stajı 5 il təşkil edir (1974-cü il üzrə 1635 saat (1635/8=204 gün, adam günü norması 200 gün), 1975-ci il üzrə 226 gün (adam günü norması 200 gün), 1996-ci il üzrə 92+137= 229 gün (adam günü norması 180 gün), 1997-ci il 240 gün (adam günü norması 180 gün), 1998-ci il 192 gün (adam günü norması 180 gün). Zaqatala rayon Mosul kəndi “Komsomol” kolxozuna dair şəxsi hesab kitablarının təsdiq edilmiş surətlərindən görünür ki, - iddiaçının 1973-cü il tarixində əmək haqqı aldığı göstərilmiş, lakin işlədiyi günlərin sayı və adam günü norması qeyd edilməmişdir; - 1999-cu il tarixdə isə həm işlədiyi günlərin sayı, həm də aldığı əmək haqqı qeyd edilmişdir, lakin adam günü nomrası ilə bağlı hissədə qaralama mövcuddur. Qeyd olunan məlumatlar natamam olduğu üçün iddiaçının işlədiyi müddəti hesablamaq mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 20 il 7 gün sığorta stajına 5 il əlavə edildikdə iddiaçının cəmi sığorta stajı 25 il 7 gün olduğu görünür. Həmçinin qeyd etmək lazımdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-311/2017 nömrəli qətnaməsi ilə Zaqatala Rayon Dövlət arxivi tərəfindən “X1 oğlu”nun adına verilmiş xx.xx.2014-cü il tarixli, 1324 saylı əmək haqqı və sair barədə arxiv arayışının 1957-ci il aprelin 06-da Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ərizəçi İddiaçı məxsus olması ilə əlaqədar hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Zaqatala RİHB-in Mosul kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 979 nömrəli arayışa əsasən, Zaqatala rayonu Mosul kənd sakini İddiaçı ilə X1 oğlu eyni şəxsdir. Beləliklə cavabdeh tərəfindən mübahisələndirilən Zaqatala Rayon Dövlət Arxininin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmiş şəxslə bağlı qeyri-müəyyənlik Zaqatala Rayon Məkəməsinin yuxarıda göstərilən Qətnaməsi ilə aradan qalxmışdır. Bundan başqa iddiaçının işlədiyi dövlər isə Zaqatala Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon Mosul kəndi “Komsomol” kolxozuna dair şəxsi hesab kitablarının təsdiq edilmiş surətlərində öz əksini tapmışdır. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7 Əsədova
Məhkəmə qərarları › İş №2-1(116)-2501/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2501/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver