Məhkəmə qərarları › İş №2-1(116)-2506/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2506/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2506/2024 18.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X5 Xidməti X4 Yanğın Nərazət İdarəsinə qarşı “Bakı-Şamaxı-Yevlax yolunun 122-ci kilometrliyində yerləşən, iddiaçıya məxsus qeyr-yaşayış sahəsi Meh restoranın fəaliyyətinin dayandırılması barədə cavabdehin 13 may 2024-cü il tarixli, 00002 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X5 Xidməti X4 Yanğın Nərazət İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakı-Şamaxı-Yevlax yolunun 122-ci kilometrliyində yerləşən,iddiaçıya məxsus qeyryaşayış sahəsi Meh restoranın fəaliyyətinin dayandırılması barədə cavabdehin 13 may 2024-cü il tarixli, 00002 nömrəli qərarının ləğv edilməsini, Meh restoranının fəaliyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Bakı-Şamaxı-Yevlax yolunun 122-ci kilometrliyində yerləşən, iddiaçıya məxsus qeyr-yaşayış sahəsi Meh restoranın fəaliyyətinin dayandırılması barədə cavabdehin 13 may 2024-cü il tarixli, 00002 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 01 iyul 2021 -ci il tarixdən etibarən Bakı-Şamaxı- Yevlax yolunun 122-ci kilometrliyində idiaçıya məxsus qeyri-yaşayış sahəsi-Meh restoranı fəaliyyət göstərir. Həmin restoran yol kənarında yerləşməklə həmin ərazidə müştərilərin xidmətindədir. Göstərilən tarixdən bu günə kimi, restoran hər-hansı bir qurumun irad və etirazı olmadan fəaliyyətinə davam etmişdir. Azərbaycan Respublikası FHN X5 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən 13 may 2024-cü il tarixdə restoranda yoxlama keçirilmiş və yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edildiyindən Meh restoranının fəaliyyəti və digər xidmətlərinin göstərilməsinin dayandırılması barədə 00002 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, Ağsu rayon Bakı-Qazax yolunun yanında yerləşən Meh restoranında məhdudlaşdırım tədbirin tətbiq edilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün aşağıda qeyd olunan tədbirlər yerinə yetrilsin: - Obyektin daşınmaz əmlakı icbari qaydada sığortalanması təmin edilsin. Obyektin elektrik təsərrüfatına mütəxəssis tərəfindən baxış keçirilsin və elektrik naqillərinin EQQQyə uyğun çəkilməsi təmin edilsin. - Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilsin. Həmin tarixdən obyektin fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Bundan dərhal sonra qeyd edilən qərarda nöqsan kimi göstərilmiş xüsusatlar tərəflərindən lazımı qaydada aradan qaldırılmışdır . Belə ki, 17 may 2024-cü il tarixdə daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi təsdiq edilmişdir. Bundan əlavə, 17 may 2024-cü il tarixli К1920/24 nömrəli protokol ilə VOLTMİLLS MMC elektrik avadanlıqlarının sınaq laboratoriyası Kabel xəttinin sınağı təsdiq edilmişdir. Həmçinin, 17 may 2024-cü il tarixli təhvil təslim aktı ilə obyektə normalara uyğun olaraq yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sisteminin montaj işləri tam şəkildə yerinə yetirilmişdir. Daha sonra - xx.xx.2024-cü ildə iddiaçı tərəfindən Azərbaycan Respublikası FHN X5 Xidmətinə müraciət edilərək qərarda nöqsan kimi halların aradan qaldırıldığı barədə məlumat verilmiş və obyektinin istifadəsinə icazə verilməsi xahiş edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası FHN X5 Xidməti X4 Yanğın Nəzarəti idarəsinin əməkdaşları obyektinə yerində baxış keçirmiş və nöqsanların aradan qaldırılması barədə müvafiq akt tərtib edildi. Elə həmin gün Azərbaycan Respublikası FHN X5 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yerində ondan obyektinin istifadəsinə icazə verilməsi barədə ərizə alınmışdır. Ancaq keçən müddət ərzində onun ərizəsinə müsbət və ya mənfi hər-hansı bir cavab verilməmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin 13 may 2024-cü il tarixli qərarı, 23 may 2024-cü il tarixli nöqsanların aradan qaldırılması barədə akt, Avtomatik yanğın xəbərverici siqnalizasiyanın təhvil-təslim aktı, Daşınmaz Əmlakın İcbarı Sığortası Şəhadətnaməsi. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati Prossesual Məcəllənin İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1. Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 15.2. İllik yoxlama planında aşağıdakı məlumatlar göstərilir: 15.2.1. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 15.2.2. yoxlanılması nəzərdə tutulan yoxlama obyekti və müvafiq sahibkarın adı; 15.2.3. yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 15.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 15.2.5. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 15.2.6. sahibkarda aparılmış sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması). 15.3. Növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir. 15.4. Sahibkarda bir neçə yoxlayıcı orqan tərəfindən birgə yoxlama aparıla bilər. 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2. Yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. 17.4. Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. 18.1. Plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır... 19.1. Yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır. 19.2. Yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir. 19.3. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. 19.4. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır. 19.5. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına müvafiq qeydlərin daxil edilməsinə səlahiyyətləndirilmiş yoxlayıcı tərəfindən daxil edilir. 19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. 19.7. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır, onun rəhbəri tərəfindən təsdiq edilir və yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur. Yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələlər həmin yoxlayıcı orqan tərəfindən hazırlanan və tətbiq edilən yoxlama suallarının siyahısına daxil edilə bilməz. Yoxlayıcı orqan yoxlama suallarının hazırlanması və onun qiymətləndirilməsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər. 19.8. Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 19.9. Yoxlama suallarının siyahısı yoxlayıcı orqanın rəsmi internet saytında yerləşdirilir. 28.1. Yoxlayıcı orqan yoxlama zamanı aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edir: 28.1.1. yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradır və ya mühüm zərər vurur; 28.1.2. həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil; 28.1.3. məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur. 29.1. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər: 29.1.1. sahibkar tam və əhatəli şəkildə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir; 29.1.2. sahibkar məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir. 29.2. Yoxlayıcı orqan məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən üç iş günü ərzində mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. Plandankənar (növbədənkənar) yoxlama bu Qanunla plandankənar (növbədənkənar) yoxlamalar üçün nəzərdə tutulmuş müddət və qaydaya uyğun aparılır. İş materiallarından göründüyü kimi cavabdeh orqan xx.xx.2024-cü il tarixli 00002 nömrəli “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə qərar qəbul edərək Ağsu rayon Bakı-Qazax yolunun yanında yerləşən, “Meh” restoranının fəaliyyətinin və digər xidmətlərin göstərilməsinin 13 may 2024-cü il tarixdən dayandırılmasını qərara almışdır. Yəni, iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın mövcudluğu müəyyən edilir. Mübahisələndirilən qərarın 5-ci bəndində qeyd edilmişdir ki, məhdudlaşdırıcı tədbirin (-lərin) tətbiq edilməsi barədə qərar obyektin yanğın təhlükəsizliyinin təmin olunması sahəsində aşkar edilmiş norma və qayda pozuntuları aradan qaldırıldıqdan, Qərarı qəbul edən orqana rəsmi məlumat verildikdən sonra Qərarın icra vəziyyəti yoxlanılaraq ləğv edilə bilər. Göründüyü kimi cavabdeh orqan xx.xx.2024-cü il tarixli 00002 nömrəli “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə qərarında onun ləğv edilməsi mexanizmini müəyyən etmişdir. Yəni, cavabdeh orqan obyektin yanğın təhlükəsizliyinin təmin olunması sahəsində aşkar edilmiş norma və qayda pozuntularının aradan qaldırılıb-qaldırılmamasını ərizəçinin müraciəti əsasında yoxlamalı və aşkar edilmiş pozuntuların aradan qaldırılması müəyyən edilərsə “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə qərarını ləğv etməlidir. İş materiallarından görünür ki, iddiaçı, məhz “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə qərarda qeyd edilmiş, müvafiq tədbirin tətbiq edilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılmasına istinad edir. Belə ki, iddiaçı, 17 may 2024-cü il tarixdə daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin təsdiq edildiyini, 17 may 2024-cü il tarixli Kİ920/24 nömrəli protokol ilə VOETMİLLS MMC elektrik avadanlıqlarının sınaq laboratoriyası Kabel xəttinin sınağının təsdiq edildiyini, 17 may 2024-cü il tarixli təhvil təslim aktı ilə ona məxsus obyektə normalara uyğun olaraq yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sisteminin montaj işlərinin tam şəkildə yerinə yetirildiyini və həmin tarixdə Azərbaycan Respublikası FHN-nin X5 Xidmətinə müraciət edildiyini bildirir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli aktda FHN DYNX-nin Şimal Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X1 imzası ilə “Meh” restoranına baxış keçirilməsi və obyektdə qeyd olunan nöqsanların aradan qaldırılması qeyd edilmişdir. Sözügedən akt möhürlə və FHN DYNX-nin Şimal Qərb regional DYNİ-nin rəis müavinin imzası ilə təsdiq edilməməsinə baxmayaraq, hər bir halda nöqsanların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehi məlumatlandırması aşkar müəyyən olunur. Odur ki, cavabdeh orqan məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılmasının vəziyyətini yoxlamağa borcludur. Ötən müddət ərzində cavabdeh orqanın hərəkətsizlik göstərməsi və nöqsanların aradan qaldırılması ilə razılaşıb-razılaşmamasına dair əsaslandırılmış mövqe bildirməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşdə olan “obyektdə qeyd olunan nöqsanların aradan qaldırılması” ilə bağlı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın FHN DYNX-nin Şimal Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X2 tərəfindən imzalanmasını işdə olan digər sənədlərlə əlaqəli şəkildə qiymətləndirərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın ləğvi ilə bağlı kifayət qədər əsaslı dəlillər mövcud olduğundan və aşkar edilmiş nöqsanların hazırda davam etməsi ilə bağlı cavabdeh orqan tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, təqdim edilən sənədlər əsasında obyektin icbari qaydada sığortalanması, obyektin elektrik təsərrüfatında iddiaçı tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində işlərin görülməsi və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməsi müəyyən edilir. Görülmüş işlərin keyfiyyətinə dair cavabdeh orqanın hər hansı iradının mövcudluğu isə müəyyən edilmir. Odur ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt yuxarıda sadalanan, məhdudlaşdırıcı tədbirin tətbiqindən sonra iddiaçı tərəfindən görülmüş işləri tamamladığından, məhkəmə hesab edir ki, iddiaçı, sözügedən qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nazirliyi X5 Xidməti X4 Yanğın Nərazət İdarəsinin 13 may 2024-cü il tarixli, 00002 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar