Məhkəmə qərarları › İş №2-1(116)-2507/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2507/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2507/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "Azərbaycan Respublikası Mərkəzi Bankının və ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna üzərinə öhdəlik qoyulsun ki, iddiaçının qalıq kredit məbləği olan 6171.80 (altı min bir yüz yetmiş bir manat səksən qəpik) qalıq borcu iddiaçıdan qəbul etsinlər və hesablanmış faiz, cərimə pullarını silərək kreditin tam ödənildiyi barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Mərkəzi Bankının və ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna üzərinə öhdəlik qoyulsun ki, iddiaçının qalıq kredit məbləği olan 6171.80 (altı min bir yüz yetmiş bir manat səksən qəpik) qalıq borcu iddiaçıdan qəbul etsinlər və hesablanmış faiz, cərimə pullarını silərək kreditin tam ödənildiyi barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 24 iyun 2014-cü il tarixində “DəmirBank“ASC-dən 24 ay müddətinə illik 30% dərəcəsi ilə 12.000 (on iki min ABŞ dolları məbləğində kredit götürmüşdür. 21 fevral 2015-ci il tarixinə kimi kreditini hər ay cədvələ uyğun ödəmişdir. ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşmasından (devalvasiyasından) sora krediti ödəyə bilmədi. “DəmirBank“ ASC iddiaçıya qarşı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmiş,Oğuz rayon Məhkəməsinin 2(054)- 629/2017 saylı qərarı ilə iddiaçıdan “DəmirBank“ASC xeyrinə 8016,60 ABŞ dolları əsas borc, 4283 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 12.799 (on iki min yeddi yüz doxsan doqquz) ABŞ dolan pulun tutulmasını qət etmişdir. 2017-ci ildə “DəmirBank“ ASC ləğv edildi. Bundan sonra ləğv etmə prosesində olan “DəmirBank“ ASC-nin Şəki filialına dəfələrlə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş. Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASCnin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 44.1 -ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Buradan da görünür ki ləğv prosesində olan "xxxx" ASC hüquqi şəxs olaraq öz fəaliyyətini davam etdirir ləğv prosesi başa çatmadığına gorə hüquq qabiliyyətini itirməmişdir. Belə ki. 'İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-cı ıl tarixli qərarında göstərilmişdir ki. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli məktubu.

2. Azərbaycan Kredit Birosundan çıxarış

3. Mərkəzi Bankın sistemindən çıxarış

Əsaslandırma hissəsi :

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi onun hüquqi marağına əsasən nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olmadığından mümkünlük şərtinə cavab vermir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 05 iyul 2024-cü il tarixli hüquqi yardım məktubu göndərilmişdir. İddiaçı 31 iyul 2024-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki,tələbi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qalıq kredit məbləğinin restrukizasiya edilməsindən ibarətdir. İddia ərizəsindən və tələbin izah edilməsinə dair ərizədən göründüyü kimi iddiaçının tələbi iki fərqli cavabdehə qarşı iki hissədən ibarətdir. 1.Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə kredit məbləğinin restrukizasiya edilməsi öhdəliyinin qoyulması;

2. Ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu tərəfindən iddiaçının qalıq kredit məbləği olan 6171.80 (altı min bir yüz yetmiş bir manat səksən qəpik) qalıq borcu iddiaçıdan qəbul edilməklə hesablanmış faiz, cərimə pullarını silərək kreditin tam ödənildiyi barədə arayışın verilməsi; İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçıya Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 7086,94 manat kompensasiya məbləği ayrılmış,həmin məbləğ iddiaçının 13258,74 manat qalıq borcunun azaldılmasına sərf edilmiş,nəticədə 6171.80 manat məbləğində borc qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki,iddiaçının 6171.80 manat məbləğində qalıq kredit borcu qalmışdır. Göründüyü kimi hazırda iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə hər hansı hüquqi müdafiəsinə zərurət yoxdur.İddia tələbinin kredit məbləğinə aid hissəsi isə müqavilə münasibətlərindən yaranan kredit öhdəliyi ilə bağlı olduğundan mülki hüquqi qaydada baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı və Ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna qarşı “Kredit məbləğinin restrukizasiya edilməsi, iddiaçının qalıq 6171.80 borc məbləğinin qəbul edilməsi,hesablanmış faiz, cərimə pullarını silərək kreditin tam ödənildiyi barədə arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar