Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-251/2023 27.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhər Gəncə şosesinin 9-cu döngəsində yerləşən sənəd üzrə 529,09 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Gəncə şosesinin 9-cu döngəsində yerləşən sənəd üzrə 529,09 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X8 zavodunda işləmişdir. Ailənin normal yaşayış şəraitini təmin etmək üçün ehtiyaclarını nəzərə alaraq, işlədiyi zavodun həmkarlar təşkilatına həyətyanı torpaq sahəsi almaq sahəsi üçün müraciət etdi. Zavod mülkiyyəti və HİK-nin xx.xx.1989-cu il tarixli , 134 saylı qərarına əsasən, Şüşə lifi zavodunun “Kimyaçı” bağçılığı tərəfindən iddiaçıya Gəncə şossesinin 9-cu döngəsində 0.05 ha torpaq sahəsi ayrıldı və həmin vaxtdan qeyd edilən torpaq sahəsindən ailənin ehtiyacları üçün istifadə olunur. Həmin torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi vardır Dövlət Torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə 1086 nömrə ilə uçota alınmışdır. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir “Şüşə Lifi” zavodunun “Kimyaçı” bağçılığı təşkilatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Belə olan halda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyt təşkil etdiyindən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********16 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, mərkəzin arxivində Mingəçevir şəhəri üzrə bağçılıqların adları göstırilməmişdir, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahıda i İddiaçı adı qeyd olunmuşdur.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. A seriyalı 296651 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı 529.09 kv. m torpaq sahəsi ayrılmış, X6 kitabında xx.xx.2011-ci il tarixli 1086 nömrə ilə uçota alınmışdır
4. X4 Şəhər filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 161 saylı sərəncamının və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 134 saylı qərarının surətini təqdim etmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-198/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir Bələdiyyəsinin xəritə materallarına və “X2 X1 məlumatlara əsasən İddiaçı adına tərtib edilmiş A seriyalı 296651 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 529.09 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiş örüş, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisi müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi ilə İddiaçı adına tərtib edilmiş A seriyalı 296651 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 529.09 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia olunan torpaq sahəsinə dair təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş A seriyalı 296651 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 529.09 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiş örüş, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. İddia olunan torpaq sahəsi ilə İddiaçı adına tərtib edilmiş A seriyalı 296651 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 529.09 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür Məhkəmə araşdırması zamanı əldə olunan, “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, İddiaçı adı həmin siyahıda qeyd edilməmişdir.İddiaçının həmin kollektivin üzvü olmasına dair ondan əmək kitabçasının surəti tələb edilmiş,məhkəmə iclasında bildirmişdir ki,o həmin kollektivdə işləməmişdir.Digər tərəfdən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “X8” ASC-nin arayışında iddiaçıya verilən hazırkı torpaq sahəsinin “A.Alberintin adına işlənmiş” torpaq sahəsi olduğu qeyd edilmişdir.Lakin,araşdırma zamanı belə bir sənədin olduğu təsdiq olunmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi A seriyalı 296651 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstəriləntorpaq sahəsi deyildir.Belə ki,iddia olunan torpaq sahəsi istifadə olunan torpaq sahəsindən 285,5 m aralı məsafədə yerləşdiyi və sahəsinin 444 kv.m olduğu mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin olunmalə deyildir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhər Gəncə şosesinin 9-cu döngəsində yerləşən sənəd üzrə 529,09 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə