Məhkəmə qərarları › İş №2-1(116)-2519/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2519/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2519/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (yaşayış yeri: Qəbələ rayonu, Mirzəbəyli kəndi, orta təhsilli, işləməyən) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qəbələ rayonu, Mirzəbəyli kəndi) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1965-ci il təvəllüdlüdür, 1985 – 1987-ci illərdə sovet ordusunda hərbi xidmət keçmişdir. 1992-ci ildə erməni millətçi dəstələrinə qarşı döyüşlərlə əlaqədar Azərbaycan Ordusuna cəlb olunmuşdur. İddiaçının hərbi biletində bununla bağlı müvafiq qeydlər, o cümlədən 1992-ci ilin iyul – sentyabr aylarında Ağstafa rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar göstərilmişdir. İddiaçı döyüşlərdə iştirakını təsdiq edən arayışın alınması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciətinə cavab olaraq ona 28 noyabr 2023-cü il tarixli məktubla bildirilmişdir ki, müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından, məsələ barədə araşdırma aparılması mümkün olmamışdır. İddiaçı Nazirliyin Mərkəzi Arxivinin cavab məktubunu və digər sənədləri əlavə edərək ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh məsələnin həlllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini belə əsaslandırır ki, döyüş əməliyyatlarında iştirakını hərbi biletindəki qeydlər təsdiqləyir. Hərbi hissəyə aid sənədlərin saxlanılması onun (iddiaçının) iradəsindən asılı hal deyil, hərbi hissə komandirinin vəzifəsidir. Barəsində hər hansı təqsirləndirici material yoxdur, hərbi hissəni özbaşına tərk etməmişdir, üç aylıq toplanışla müharibə zonasına aparılmış və döyüşlərdə iştirak etmişdir. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi təsdiqlənmədiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina barədə məktubunun tarixi 22 may 2024-cü il tarixinə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 10 iyun 2024-cü il tarixinə, yəni imtina tarixindən 19 gün sonrakı vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək cavabdehin etirazındakı “iddianın mümkünsüzlüyü” mövqeyi ilə razılaşmır və belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Qəbələ rayonunun Mirzəbəyli kəndidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş AR CM-in 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarında olan İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə İddiaçı barəsində aşağıdakı qeydlər aparılmışdır: - 23 iyul 1992-ci il tarixdən 17 sentyabr 1992-ci il tarixədək Ağstafa rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 noyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin komandirinin nizami hissə üzrə əmrləri Nazirliyin Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı barəsində araşdırma aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məhkəməyə daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 2531 nömrəli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N – N-cü illərdə nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabları, əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri, hərbi hissənin yaralıların qeydiyyatı kitabı və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, əlifba qeydiyyatı kitabları, hərbi hissənin yaralıların qeydiyyatı kitabı, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı barəsində əlavə araşdırma aparılmamışdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə şərtləndirir. Məhkəmənin qənaəti belədir ki, müvafiq arxiv materiallarında İddiaçı 1992-ci ilin iyul – sentyabr aylarında döyüş əməliyyatları aparılan zonada (Ağstafa rayonu ərazində) xidmət keçməsinə dair xüsusatlar, o cümlədən xidmətə qəbul və xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə yaralanmasını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşır və iddiaçının dəlillərini əsassız sayır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 73.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar