Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2520/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X6,X8,X2,X9 və X10 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6,X8,X2, X9 və X10 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərardadı ilə X6 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda X8 və İddiaçı hüquq subyektləri olaraq qeyd edilmişdir. İddiaçının atası mərhum X8 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. İddiaçı 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda mübahisə ilə bağlı məhkəmə icraatı davam edir. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024cü il tarixində, ********** qeydiyyat nömrəli çıxarış tərtib edərək X4 fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnu, eyni zamanda Əhməd Sadıqov və digər şəxslərin (X2, X6, X9, X10) 0.16 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddiaçı bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılmasından bəhs olunur. Həmin maddənin 5-ci bəndinə əsasən qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cavabdeh orqan mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı ilə bağlı məhkəmənin icraatında inzibati mübahisənin olmasını aşkar bildiyi halda inzibati mübahisə başa çatmamış Qanunun 14.5-ci maddəsinin tələblərini pozmuş, dövlət qeydiyyatını dayandırılmalı olduğu halda bunu etməmişdir. Cavabdeh orqan Əhməd Sadıqova münasibətdə hüququn ölmüş şəxsə məxsusluğu barədə arayış tərtib etmək əvəzinə, xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışla xx.xx.2006-cı il tarixdə vəfat etmiş şəxsin mülkiyyət hüquqlarını (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumibirgə) dövlət qeydiyyatına almışdır ki, bu da yuxarıda qeyd edilən Qanunun 22.2-ci maddəsinin tələblərinə birbaşa ziddir. Bundan başqa cavabdeh orqan xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış tərtib edərkən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırda məhkəmənin icraatında olan inzibati mübahisə üzrə təqdim etdiyi sentyabr 1977-ci il tarixli texniki pasporta əsasən mübahisə predmeti olan daşınmaz əmlak üzrə hüquq subyektlərinin X8 və İddiaçı olduğu aşkar qeyd edilmişdir. İstinad edilən sənəd iddia olunan fərdi yaşayış evinə münasibətdə hüququn qeydə alınması üçün zəruri olan yeganə hüquqmüəyyənedici sənəddir. Həmin sənəd olmadan fərdi yaşayış evi üzərində mərhum X4 və hər hansı digər şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməzdi. Belə ki, ərazi idarəsinin arxivində olan dekabr 1997-ci il tarixli texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olmadığından həmin sənədin hüquqmüəyyənedici sənəd qismində qəbul edilməsi və mülkiyyət hüququnun qeydiyyatı aparılması mümkün deyildir. Yəni, ümumiyyətlə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda fərdi yaşayış evi üzərində mərhum Sadıqov Əhmədin mülkiyyət hüququnun qeydiyyatı üçün hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh orqanda mövcud olmamışdır. Cavabdeh orqan yalnız iddiaçının təqdim etdiyi sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirə bilərdi. Həmin sənəddə isə mərhumla birgə həm də, iddiaçının övlad olduğundan cavabdeh orqanın bütövlükdə fərdi yaşayış evi üzərində mərhumun mülkiyyət hüququnu dövlət qeydiyyatına alması tamamilə qanunsuzdur. Mübahisəli torpaq sahəsinə münasibətdə isə qeyd edilir ki, “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəkİ bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sentyabr 1977-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsi X8 və İddiaçı qanuni İstifadəsində olduğundan “Torpaq islahatı haqqında” haqqında Qanunun 9cu maddəsinə əsasən həmin torpaq sahəsi üzərində iddiaçının və mərhum atasının mülkiyyət hüququnun da olması şübhəsizdir. Yuxarıda qeyd edilən kimi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11.) hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. 964 inventar nömrəli, sentyabr 1977-cİ İl tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş, iddia etdiyim torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrin qanunsuz olmasına Şəki İnzibati Məhkəməsinin e-2- 1(116)-l 062/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Hər iki şəhadətnamə tərtib edilərkən sözügedən torpaq sahəsindən faktiki istifadə edən subyektlər yox, məhz qanuni əsaslarla istifadə edən subyektlər nəzərə alınmalı və və həmin şəxslərin adları da müvafiq şəhadətnamələrə daxil edilməli idi. Torpaq sahəsindən qanuni istifadə anlayışı isə həmin torpaq sahəsinin ayrılmasının və faktiki istifadənin hüquqi əsasının mövcudluğunu nəzərdə tutur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 və ailə üzüvlərinin adına hazırlanmış xx.xx.2024-cü il tarixli Çıxarışı ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Bildirmək istəyirik ki, X6 və ailə üzüvlərinin adına hazırlanmış xx.xx.2024-cü il tarixli Çıxarışı hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan görünr ki,ev sahibi kimi X8 və İddiaçı adları qeyd edilmişdir
3. 1924010779 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır.
4. ********** reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır.
5. JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və onun ailə üzvlərinə verilmişdir.
6. 27.06.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı X6,X8,X2,X9 və X10 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdeh inzibati orqan mübahisənədirilən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər kimi JN- 1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və X4 adıan tərtib edilmiş,dekabr 1997-ci il tarxili “Fərdi yaşayış fondina daxil olan yaşayış evinin texniki pasportu”nu əsas götürmüşdür. Lakin,cavabdeh inzibati orqan tərəfindən də 15 iyul 2024-cü il tarixli məktuba əlavə olunmuş 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportundan görünür ki,ev sahibi kimi X8 və İddiaçı adları qeyd edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ilkin hüquqmüəyyənedici sənəd nəzərə alınmadan,əsassız olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4, evin yerləşdiyi 0.16 ha torpaq sahəsi üzərində isə JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də adları göstərilən şəxslərin (X2, X6, X9, X10) ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki,Aqrar islahat zamanı JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0.16 ha torpaq sahəsi X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Lakin,həmin sənəddə əsassız olaraq İddiaçı torpağa mülkiyyət hüququ nəzərə alınmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Qəbələ şəhəri, Cavidan küçəsi ev 40 ünvanında yerləşən fərdi yaşayış evi və topraq sahəsinə dair X4,0,16 torpaq sahəsinə dair X3 X2,X9 və X10 barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixdli qeydiyyat və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli,15 mart 2024-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və topraq sahəsinə dair X4,0,16 torpaq sahəsinə dair X6, X2,X9 və X5 barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli qeydiyyatın,həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli,15 mart 2024-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə