Məhkəmə qərarları › İş №2-1(116)-2526/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2526/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2526/2024 30.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhəri ərazisində olan,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 045574 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış və torpaq sahəsinin plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri ərazisində olan,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 045574 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış və torpaq sahəsinin plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2526/2024 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, rəsmi ərizə ilə Oğuz rayon Oğuz bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətinə aid ərazidən ev tikmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsi satılmasını xahiş etmişdir. Həmin ərizəsi nəzərə alınmaqla Oğuz rayon Oğuz bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı iclasının qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin dəyəri olan 700 manat pulu Oğuz rayon Oğuz bələdiyyəsinin hesabına ödəmişdir. 0.06 hektar həyətyanı torpaq sahəsi müəyyən edilmiş qaydada yerində ölçülərək ona təhvil verilmişdir. Həmin vaxtdan 0.06 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli. A 045574 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Oğuz şəhəri ərazisində 0.06 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X3 kitabında 600 nömrə ilə adına qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq Dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. 13 fevral 2024-cü i! tarixli. 3-21-3-42/2-957/2024 saylı cavab məktubu ilə təqdim etdiyi sənədlərin ekspertizası zamanı Oğuz Bələdiyyəsindən alqı-satqı yolu ilə satın aldığı torpaq sahəsinə dair alqı-satqı aktın təqdim edilməməsi səbəbilə Oğuz şəhəri ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmişdir. Cavabdeh etiraz məktubunda bildirmişdir ki, İddiaçı Oğuz rayon, Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-cı il tarixli, 09 saylı qərarı əsasında əldə etdiyi 0.06 ha torpaq sahəsinə dair sənədlərin əslilərini 9 saylı Qəbələ Ərazi İdarəsinə tam təqdim etməmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, sözü gedən torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, torpaq sahəsinin alqı-satqısına dair akt təqdim etməmişdir. Qeyd olnun səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Oğuz bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə 0.06 ha torpaq sahəsi ayrılmışdır.

3. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 286 nömrəli sərəncamından görünür ki, İddiaçı mülkiyyətinə 0.06 ha torpaq sahəsi ayrılmışdır.

4. xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Oğuz Bələdiyyəsinin hesabına 700 AZN ödəniş edilmişdir.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin 2007-cı il tarixli, məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

6. A seriyalı 045574 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmış, X3 kitabında xx.xx.2008-ci il tarixli 600 nömrə ilə uçota alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4622/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Oğuz Bələdiyyəsinin 28 Sentyabr 2007-ci il tarixli 09 saylı iclasının qəran ilə satılmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, A N°045574 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 0,06 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası örüş olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Sözügedən torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən Oğuz rayonu Oğuz şəhər inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları , uqodiyası tikinti altında olan torpaqlar, bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan 0,0611 ha torpaq sahəsinin 0,06 ha hissəsi iddiaçının adına tərtib edilmiş A N°045574 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə göstərilmiş torpaq sahəsinə, 0,0011 ha hissəsi isə Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz şəhər inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası örüş olmaqla Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı faktiki istifadə olunan 0,0611 ha torpaq sahəsi bütövlükdə mişar daşı ilə hasarlanmış qapalı həyətdir. Sözügedən torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı şəxsi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahələri onun oğlunun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin i İddiaçı satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2008-ci il tarixli qəbzə əsasən Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – hüquqmüəyyənedici sənədləri tam təqdim edilməməsi ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması aydın oldu ki, Oğuz bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı Oğuz bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə vəziyyətinə dair 045574 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri ərazisində olan,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 045574 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış və torpaq sahəsinin plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar