Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-253/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qəbələ rayonu, Hacallı bələdiyyəsi) “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə kommersiya məqsədləri üçün ona ayrılan 280 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, ölçü planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə ona kommersiya məqsədləri üçün 280 kv.m torpaq sahəsi verilmişdir. Bundan sonra adı çəkilən torpaq sahəsinin alqı-satqısı aparılmaqla müvafiq qaydada akt tərtib edilmişdir. Müəyyən səbəblərdən bu günə qədər iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət sənədini ala bilməmişdir. İddiaçı 280 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 11.09.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, bununla əlaqədar olaraq Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində çölölçmə işləri aparılmış və çöl-ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunaraq araşdırılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış torpaq sahəsinin miqdarı 0.0280 ha olduğu halda, torpaq sahəsinin faktiki sahəsi 0.0223 ha təşkil edir ki, bu da sənəd üzrə göstərilən torpaq sahəsindən 0,0057 ha azdır. Eyni zamanda Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış 0.0280 ha torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək məqsədilə Ərazi İdarəsinə iddiaçının təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına istinad edərək araşdırma aparılmış, lakin ləğv olunmuş DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planına görə torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə göstərilən yerinin eynilik təşkil etdiyini dürüstləşdirmək mümkün olmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 09.10.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Qəbələ rayonu Hacallı kəndində yerləşən 280 kv.m torpaq sahəsinə dair bələdiyyədən alqı-satqı sənədlərini təqdim etsə də, təqdim edilmiş Ləğv edilmiş DT və XK-nin Qəbələ rayon şöbəsinin rəyi, müvafiq memarlıq şöbəsinin rəyi, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən yerquruluşu planı təqdim edilməmişdir. Eyni zamanda Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli, 06 saylı qərarının qüvvədə olması ilə bağlı müvafiq məktub təqdim etmənmişdir. Eyni zamanda bildirilir ki, torpaq sahəsi sənəd üzrə 280 kv.m olsa da, faktiki 223 kv.m-dir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə aid torpaqdır. Eyni zamanda qeyd edilir ki, torpaq sahəsi üzərində başqa vətəndaş arasında mübahisə var. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. İş üzrə üçüncü şəxs Qəbələ rayon Hacallı bələdiyyəsi məhkəməyə 31.05.2021-ci il tarixdə məktub ünvanlayaraq iddia tələbinə dair münasibətini bildirmişdir. Məktubda qeyd edilir ki, Şəki İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2-1(116)-253/2021 nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 aprel 2021-ci il tarixli ********** nömrəli məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən faktiki sahəsi 0,0223 hektar olan torpaq sahəsi Hacallı Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin uqodiyası ictimai tikililər üçün ayrılmış ərazidir və Hacallı kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yerləşməklə kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir. Mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə bağlı bildirilir ki, həmin torpaq sahəsi Qəbələ rayonu Hacallı Bələdiyyəsinin hazırda qüvvədə olan 24.04.2006-cı il tarixli qərarı əsasında İddiaçı satılmışdır. Sonradan yolların və kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpaq sahəsinin faktiki sahəsi azaldığından həmin torpaq sahəsinin cari dövrə olan faktiki vəziyyətini əks etdirən yeni plan tərtib edilərək tərəfimizdən təsdiq edilmişdir. İddiaçı isə məhkəməyə ərizəylə müraciət edərək, torpaq sahəsinin faktiki sahəsinə uyğun olaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüş və iddia tələbinin həcmini azaltmışdır. Hazırkı halda iddia tələbinin təmin edilməməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur və qeyd edilən torpaq sahəsi faktiki olaraq da iddiaçının qanuni mülkiyyət gözləntisi olmaqla istifadəsindədir. Əlavə olaraq bildirilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətinə qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir və həmin torpaq sahəsi ümumi istifadədə olmayan və hər hansı üçüncü şəxsin iddiasının olmadığı və digər formada yüklülüyü olmayan torpaq sahəsidir. Yuxarıda qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qəbələ rayon Hacallı bələdiyyəsinin 24.04.2006-cı il tarixli 06 saylı qərarından görünür ki, həmin qərarla iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında kommersiya məqsədilə 280 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 16.09.2006-cı il tarixdə tərtib edilmiş “Torpaqların alqısatqısına dair” Aktdan görünür ki, iddiaçı bələdiyyə orqanına 16.03.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, bələdiyyənin 24.04.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçıya 280 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir (23.04.2006-cı il tarixli kassa mədaxil qəbzi). İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 16 fevral 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0.0223 hektar mübahisəli torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbolə rayonu Hacallı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən Hacallı kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər üçün ayrılmış ərazi olmaqla Hacallı bələdiyyəsinin mülkiyyətinə aiddir. Əsaslandırma hissəsi: Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qəbələ rayonu, Hacallı bələdiyyəsi) “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin 24.04.2006-cı il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-253/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-253/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver