Məhkəmə qərarları › İş №2-1(116)-253/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-253/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-253/2022 13.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu (zabit baş leytenant) kimi mənzil növbəsinə götürülməsi və ailə sayına uyğun olaraq mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu (zabit baş leytenant) kimi mənzil növbəsinə götürülməsi və ailə sayına uyğun olaraq mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İddiaçı 1999-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 15 ilə yaxın xidmət keçmişdir. 2015-ci ildə xəstəliyi ilə əlaqədar ehliyyata buraxılmışdır. İddiaçıya 31.10.2016-cı ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ikinci qrup əlillik təyin edilmişdir. İddiaçının ailəsi 4 nəfərdən ibarət olmaqla Qəbələ şəhərində yerləşən hərbi şəhərcikdə atasıgillə birlikdə 8 nəfərə 35 kv.m yaşayış sahəsi olmaqla yuxarıda qeyd edilən ünvanda müvəqqəti yaşamaqdadırlar. İddiaçının adına hər hansı bir fərdi yaşayış evi, mənzil yoxdur. İddiaçı ordudadan tərxis edildikdən sonra Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin edilməmişdir. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi cavabdehə müraciət edərək mənzil növbəsinə götürülməsini və mənzillə təmin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 06.05.2021-ci il tarixli 2/B-17-068 nömrəli imtinasında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsi almaq hüququ ona şamil edilmir. Cavabdeh məhkəməyə ünvanladığı 23.09.2021-ci il tarixli 4/660/362 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ərizəsi və ərizəsinə əlavə etdiyi sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, o, 09.08.1999-24.06.2004, 10.08.2004-26.04.2010, 19.11.2012-02.07.2015-ci il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 15.07.2015-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə əsasən xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 13 il 2 ay 14 gün xidmət etmişdir. Cavabdeh 06 may 2021-ci il tarixli, 2/B-17-068 nömrəli məktubla Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanından yaşayış sahəsi almaq hüququnun İddiaçı şamil olunmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını qeyd etsə də, onun rayon icra hakimiyyətinə təqdim etdiyi sənədlərdən (Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış və hərbi bilet) görünür ki, o, xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh 10.05.2022-ci il tarixli məktubunda məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sənədindən görünür ki, iddiaçıya 31.10.2016-cı il tarixdə təkrar hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. Əmək qabiliyyətinin itirilməsi 0% qeyd edilmişdir. 01.02.2016-cı il tarixli 037747 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci qrup əlildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin 08.02.2016-cı il tarixli arayışında qeyd olunur ki, iddiaçı 09.08.1999-cu il tarixdən 23.07.2003-cü il tarixədək Azərbaycan Ali Dənizçilik Məktəbində kursant 23.07.2003-cü il tarixdən 26.04.2010-cu il tarixədək və 19.11.2012-ci il tarixdən 15.07.2015-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının 18.02.2019cu il tarixli arayışından görünür ki, iddiaçı Qəbələ şəhəri M.Abduyev küçəsi bina 31, mənzil 19-da yaşayır və X3, X1 və X2 onun ailə üzvləridir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin 25.01.2021-ci il tarixli arayışından görünür ki, iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi və ya mənzil aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 29.03.2021-ci il tarixli elektron arayışından görünür ki, iddiaçı 09.08.1999-24.06.2004, 10.08.2004-26.04.2010, 19.11.2012-02.07.2015-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin 11.10.2021-ci il tarixli 1196 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının “xidmət dəftərçəsi”nin təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçının 15.07.2015-ci il tarixə xidmət illəri təqvim ili olaraq 13 il 03 ay 23 gün təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş iddiaçıya aid xidmət dəftərçənin 6-cı səhifəsində qeyd olunur ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 07.05.2010-cu il tarixə xidmət illəri təqvimi olaraq 10 il 08 ay 27 gün təşkil edir. Həmin səhifədə həmçinin qeyd olunur ki, iddiaçı DSX rəisinin 26.04.2010cu il tarixli 580 ş/h saylı əmrinə əsasən N saylıhərbi hissə komandirinin 07.05.2010-cu il tarixli nizami hissə üzrə 107 saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilmiş iddiaçıya aid xidmət dəftərçənin qeydlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda 15.07.2015-ci il tarixdən) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin Ehtiyatına buraxılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04.11.2021-ci il tarixli 11/5250 nömrəli məktubu ilə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin 22.10.2021-ci il tarixli 8/791 nömrəli məktubu məhkəməyə göndərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin 22.10.2021-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçı Müdafiə Nazirliyi xətti ilə heç bir növ əmək pensiyası almadığına görə onun şəxsi işi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində saxlanılmır. Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin elektron məlumatlar bazasında olan məlumatlarda 24 iyul 2004-cü il tarixdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş leytenant İddiaçı xidmətini davam etdirmək üçün DSX rəisinin sərəncamına göndərilməsi əks olunmuşdur. Məhkəmə işin qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməli olduğunu bildirir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25.12.1991-ci il tarixli 36 nömrəli Qanununun: 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir; 12-ci maddəsinin 7-ci hissəsinə görə, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23.12.2011-ci il tarixli 274-İVQ nömrəli Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla)... Göstərilən normaların tələblərindən də göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunma hüququnu onların 15 təqvim ili və daha çox xidmət etməsi ilə şərtləndirmişdir. Məhz təqvim ili anlayışından istifadə edilməsi, göstərilən məsələyə münasibətdə qanunverici tərəfindən xüsusi yanaşmanın mövcud olduğunu ifadə etməkdədir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014-cü il tarixli qərarında xidmət ili və təqvim ili anlayışlarının fərqləndirilməsi ilə bağlı aşağıdakı mövqe ifadə edilmişdir. “... “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra – 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölcüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir...”. Konstitusiya Məhkəməsinin Plenumunun qərarının məzumunundan da göründüyü kimi, xidmət ili və təvim ili anlayışlarını Konstitusiya Məhkəməsi öz qərarında bir-birindən fərqləndirmiş, təqvim ilinə münasibətdə, xidmət illəri nəzərə alınmadan təqvim illərinin hesablanması mövqeyindən qiymət verilmişdir. Həmçinin iddiaçının xidməti dəftərçəsində aparılmış qeydlərə əsasən də müəyyən edilmişdir ki, iddiaçının təqvimi xidmət illəri xüsusi olaraq müxtəlif dövrlərdə qeyd edilmiş, son olaraq təqvimi 13 il 03 ay 23 gün xidmət müddəti olduğu göstərilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını təsdiq edən faktların mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu (zabit baş leytenant) kimi mənzil növbəsinə götürülməsi və ailə sayına uyğun olaraq mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar